Modern.az

Azərbaycan-Almaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan-Almaniya münasibətlərində yeni strateji mərhələ

Aktual

Bu gün, 09:36

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətinin əsas istiqamətlərindən biri dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və milli maraqlara əsaslanan münasibətlərin qurulması olmuşdur. Bu baxımdan Almaniya Federativ Respublikası ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Son otuz ildən artıq müddətdə Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlıq ardıcıl şəkildə inkişaf etmiş, qarşılıqlı etimad və tərəfdaşlıq münasibətləri möhkəmlənmişdir.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasətində sabitlik və ardıcıllıq təmin edildi, Almaniya ilə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoydu. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və imzalanan sənədlər iki ölkə arasında siyasi dialoqu daha da gücləndirdi. Məhz həmin dövrdə əməkdaşlığın hüquqi bazası formalaşdırıldı və müxtəlif sahələr üzrə əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıldı.  Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasət nəticəsində Azərbaycan–Almaniya münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.Dövlətimizin başçısı Almaniya ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafına xüsusi önəm verir.

Cənab Prezident İlham Əliyevin Almaniyaya rəsmi və işgüzar səfərləri, Almaniya rəhbərliyi ilə keçirdiyi görüşlər, eləcə də beynəlxalq tədbirlər çərçivəsində aparılan müzakirələr iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfələr vermişdir. Bu görüşlər zamanı enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, rəqəmsal inkişaf, nəqliyyat-logistika, ticarət, investisiyalar və regional təhlükəsizlik kimi mühüm məsələlər geniş müzakirə olunmuşdur.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi çıxış edir. Almaniya da Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanlarına böyük maraq göstərir. Azərbaycanın zəngin yaşıl enerji potensialı, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr Almaniya şirkətləri üçün yeni əməkdaşlıq perspektivləri yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanat ölkəmizin xarici siyasətində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri kimi yadda qaldı. Bu səfər iki ölkə arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından yeni mərhələnin əsasını qoydu. Dövlət başçısının bəyanatında səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu, Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rolu və regional əməkdaşlığa verdiyi töhfələri bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, imzalanmış sənədlər Azərbaycan–Almaniya münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. Xüsusilə strateji dialoqun başlanması və ikitərəfli tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması iki dövlət arasında əməkdaşlığın uzunmüddətli inkişafına xidmət edən mühüm siyasi sənəd kimi qiymətləndirildi.Bu, qarşılıqlı etimadın daha da möhkəmləndiyini və münasibətlərin gələcək inkişafı üçün möhkəm hüquqi-siyasi baza formalaşdırıldığını göstərir. Səfər zamanı diqqət mərkəzində olan əsas istiqamətlərdən biri iqtisadi əməkdaşlığın genişləndirilməsi idi. Prezident İlham Əliyev vurğuladı ki, hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir və yeni investisiyalar üçün geniş imkanlar mövcuddur. Azərbaycanın əlverişli investisiya mühiti, siyasi sabitliyi, müasir nəqliyyat infrastrukturu və əlverişli coğrafi mövqeyi Almaniya iş adamları üçün cəlbedici imkanlar yaradır. Bu isə ölkəmizin qeyri-neft sektorunun inkişafına, yeni texnologiyaların tətbiqinə və iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verəcəkdir. Bəyanatda xüsusi yer tutan məsələlərdən biri enerji əməkdaşlığı oldu. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, 2026-cı ildən etibarən Azərbaycan təbii qazı Almaniyaya ixrac olunmağa başlanıb və bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv on ölkəyə çatdırılır. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolunun daha da möhkəmləndiyini göstərir. Xüsusilə mövcud geosiyasi şəraitdə enerji mənbələrinin şaxələndirilməsi Avropa üçün strateji əhəmiyyət daşıyır və Azərbaycan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin bəyanatında nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı da mühüm yer tutdu. Dövlət başçısı Azərbaycanın Orta Dəhliz layihəsində artan rolunu qeyd edərək bildirdi ki, ölkəmiz Avropa ilə Mərkəzi Asiya arasında etibarlı körpü funksiyasını yerinə yetirir. Son illərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yeni avtomobil və dəmir yolları, liman və logistika mərkəzləri Azərbaycanın beynəlxalq yükdaşımalarında əhəmiyyətini daha da artırmışdır. Almaniya ilə bu sahədə əməkdaşlıq Avrasiya məkanında iqtisadi inteqrasiyanın genişlənməsinə əlavə stimul verəcəkdir. Səfər çərçivəsində regional təhlükəsizlik, Cənubi Qafqazda davamlı sülhün təmin olunması və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri də geniş müzakirə edildi. Cənab Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan–Almaniya münasibətləri yalnız iki ölkə üçün deyil, bütövlükdə regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Almaniyanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Cənubi Qafqazda maraqlarının artması əməkdaşlığın perspektivlərini daha da genişləndirir. Dövlət başçısı çıxışında imzalanmış sənədlərin kağız üzərində qalmayacağını, onların operativ şəkildə həyata keçirilməsi məqsədilə bir neçə işçi qrupunun yaradılacağını da bildirdi. Bu yanaşma möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və nəticəyönümlü siyasətin növbəti təzahürü kimi qiymətləndirilə bilər. Qarşılıqlı fəaliyyət mexanizmlərinin yaradılması imzalanmış razılaşmaların real layihələrə çevrilməsini təmin edəcəkdir. Möhtərəm Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun növbəti uğurlu nümunəsidir. Bu səfər ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyini, Avropanın etibarlı enerji və nəqliyyat tərəfdaşı kimi mövqeyinin daha da möhkəmləndiyini bir daha nümayiş etdirdi.

Bu gün Azərbaycan ilə Almaniya arasında münasibətlər qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və strateji maraqlara əsaslanır. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində bu əlaqələr daha da möhkəmlənir, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir və iki ölkə arasında siyasi, iqtisadi, humanitar və mədəni tərəfdaşlıq davamlı şəkildə inkişaf edir.

Azərbaycan–Almaniya münasibətlərinin gələcək inkişaf perspektivləri də kifayət qədər genişdir. Mövcud siyasi iradə, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq münasibətləri iki ölkənin həm ikitərəfli əməkdaşlığının, həm də Avropa ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verməkdə davam edəcəkdir. Əminliklə demək olar ki, cənab Prezident İlham Əliyevin Almaniyada verdiyi bəyanat və səfər çərçivəsində əldə olunmuş razılaşmalar Azərbaycan–Almaniya münasibətlərinin yeni inkişaf mərhələsini müəyyənləşdirərək siyasi dialoqun, iqtisadi tərəfdaşlığın, enerji təhlükəsizliyinin və regional əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcəkdir. Bu strateji əməkdaşlıq həm Azərbaycanın milli maraqlarına, həm də Avropada sülhün, sabitliyin və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm siyasi hadisə kimi tarixə düşəcəkdir.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr