Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrildikcə, onların necə işlədiyi ilə bağlı suallar da artır. Xüsusilə TikTok istifadəçiləri arasında tez-tez səsləndirilən bir iddia diqqət çəkir: insanlar gündəlik söhbətlərində danışdıqları və ya sadəcə maraq göstərdikləri bir mövzu ilə bağlı videoların cəmi 10–15 dəqiqə sonra "Sizin üçün" bölməsində qarşılarına çıxdığını bildirirlər. Bir çox istifadəçi bunu təsadüf hesab etmir və tətbiqin smartfonun mikrofonu vasitəsilə söhbətləri dinlədiyini düşünür. Digər bir qrup isə TikTok-un istifadəçinin ruh halını, emosional vəziyyətini və davranışlarını analiz edərək ona uyğun məzmun təqdim etdiyini iddia edir.
Bəs bu iddialar nə dərəcədə həqiqəti əks etdirir? TikTok həqiqətən istifadəçiləri dinləyirmi, yoxsa platformanın arxasında işləyən mürəkkəb süni intellekt və tövsiyə alqoritmləri insanların davranışlarını, axtarışlarını, izləmə müddətini, bəyəndikləri və paylaşdıqları videoları təhlil edərək onların maraq dairəsini yüksək dəqiqliklə müəyyənləşdirə bilir? Mütəxəssislərin fikrincə, sosial media platformalarının istifadə etdiyi müasir alqoritmlər milyonlarla məlumatı saniyələr ərzində emal edərək hər bir istifadəçi üçün fərdiləşdirilmiş xəbər lenti formalaşdırır.
Buna görə də mütəxəssisdən TikTok-un tövsiyə sisteminin necə işlədiyini, istifadəçilərin niyə "telefon məni dinləyir" hissinə qapıldığını, süni intellektin və davranış analitikasının bu prosesdə hansı rolu oynadığını, eləcə də bu mövzuda mövcud olan iddialar və faktlar arasındakı fərqləri soruşduq.
Mövzu ilə bağlı SMM, Süni İntellekt mütəxəssisi Abdulla Abdullayev Modern.az-a açıqlama verib.
O, tətbiqlərə verilən mikrofon icazələri çərçivəsində açar sözlərin emalının da bu prosesdə müəyyən rol oynaya biləcəyini bildirib:
“Şirkətlər açıq şəkildə istifadəçiləri mikrofon vasitəsilə dinlədiklərini bəyan etmirlər və bunu təsdiqləyən etibarlı sübut da mövcud deyil. Bununla belə, bəzən istifadəçilər müəyyən mövzu haqqında danışdıqdan qısa müddət sonra həmin mövzu ilə bağlı videoların qarşılarına çıxdığını müşahidə edirlər.
Bu hadisənin əsas izahı kimi platformaların istifadəçi davranışlarını, axtarışlarını, baxış tarixçəsini və digər rəqəmsal siqnalları analiz etməsi göstərilir. Mənim şəxsi ehtimalım isə budur ki, bəzi hallarda tətbiqlərə verilən mikrofon icazələri çərçivəsində açar sözlərin emalı da bu prosesdə müəyyən rol oynaya bilər. Ancaq vurğulamaq lazımdır ki, bunu təsdiqləyən ictimai və etibarlı sübut yoxdur. Buna görə də bunu fakt kimi deyil, şəxsi ehtimal kimi qiymətləndirirəm.
Hər bir halda istifadəçilər tətbiqlərə verdikləri icazələri mütəmadi yoxlamalı, ehtiyac olmadığı halda mikrofon icazəsini deaktiv etməli və məxfilik ayarlarına diqqət yetirməlidirlər”.
Nicat Rüstəmzadə