Son günlər “Space”də özündən əvvəlki və sonrakı rəhbərliyin ünvanına ittihamlar səsləndirən telekanalın keçmiş rəhbəri Vado Karovinə Müşfiq Hətəmovun nümayəndəsi faktlarla cavab verib.
Modern.az xəbər verir ki, Müşfiq Hətəmovun dövründə televiziyanın maliyyə məsələlərinə baxmış şəxs News365.az-a bildirib ki, onların dövründə “SpaceTV”də 1 manat da olsun borc yaranmayıb:
“Əksinə, biz televiziyanı təhvil verəndə “Space" TV-nin büdcəsində 710 min manat ehtiyat vəsait olub. Ortada faktlar var, rəqəmlər var və sənədlər var. Qaldırıb baxmaq olar. Doğrudur, ilk dönəmdə kredit götürmüşdük. Onu da qrafikə uyğun olaraq aybaay ödəmişik. Olurdu ki, müəyyən qurumlara borcumuz yaranırdı. Məsələn, Teleradio Birliyinə, "Azərkosmos"a və başqa müəssisələrə borclanırdıq. Amma ilin sonunda dotasiya və yaxud reklamdan yığılan əlavə vəsait hesabına o borc ödənilirdi. Bir də axı bizim vaxtımızda televiziya gəlirlə işləyirdi. Bir manat da olsun ziyan etmirdik. Bizdən Vado Korovin komandasına pis heç bir miras qalmayıb. Ona görə də onun səsləndirdiyi fikirlərin əsası yoxdur”.