Modern.az

CHP böhranının günahkarı kimdir? - Sabiq millət vəkili Modern.az-a DANIŞDI

CHP böhranının günahkarı kimdir? - Sabiq millət vəkili Modern.az-a DANIŞDI

Aktual

Bu gün, 15:20

Türkiyədə son aylarda siyasi gündəmin əsas mövzularından biri ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) yaşanan proseslərdir. Ölkənin ən böyük siyasi təşkilatlarından biri hesab olunan CHP-də rəhbərlik ətrafında yaranan hüquqi və siyasi mübahisələr qısa müddətdə partiyadaxili böhrana çevrilib. Məhkəmə qərarları, rəhbərlik uğrunda mübarizə, qarşılıqlı ittihamlar, istefalar və yeni siyasi təşəbbüslər həm partiya daxilində, həm də Türkiyə siyasətində mühüm dəyişikliklərə səbəb olub. Bütün bunlar CHP-də baş verənlərin təkcə bir partiyanın daxili məsələsi olmadığını, ölkənin siyasi gələcəyinə və müxalifətin fəaliyyət istiqamətinə təsir göstərə biləcək prosesə çevrildiyini göstərir.

Siyasi ekspertlərin fikrincə, CHP-də yaşanan böhran qarşıdakı dövrdə Türkiyədə siyasi qüvvələr nisbətinə, müxalifətin birliyinə və seçki strategiyasına birbaşa təsir edə bilər. Xüsusilə son dövrlərdə partiya daxilində baş verən parçalanma, yeni siyasi təşəbbüslərin meydana çıxması və müxalifət düşərgəsində formalaşan fərqli mövqelər bu prosesin ölkə siyasəti baxımından əhəmiyyətini daha da artırıb.

Bəs CHP-də yaşanan böhranın arxasında hansı səbəblər dayanır? Partiya daxilində baş verən son hadisələr Türkiyə siyasətinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı CHP-dən olan sabiq millət vəkili Atilla Sertel Modern.az-a açıqlama verib.

O, CHP-ni ayaqda saxlayanların üzvlər olduğunu bildirib:

“Cumhuriyyət Xalq Partiyası 102 illik tarixi ərzində çox ağır sınaqlardan keçib. Fəaliyyəti qadağan edilib, əmlakı müsadirə olunub, rəhbərləri həbs edilib, hərbi çevrilişlərlə üzləşib, daxili mübahisələr yaşayıb. Lakin bütün bunlara baxmayaraq, hər dəfə yenidən ayağa qalxmağı bacarıb.

Çünki CHP-ni ayaqda saxlayan təkcə onun sədrləri deyil, partiyaya sahib çıxan üzvləri olub.

Bu gün isə CHP tarixinin ən ağır sınaqlarından birini yaşayır.

Məhkəmə qərarları ilə başlayan proses siyasi müzakirələrlə daha da dərinləşdi və nəticədə partiya parçalandı, yeni siyasi hərəkat yarandı.

Belə bir şəraitdə CHP-nin keçmiş rəhbərlərindən, Türkiyə Böyük Millət Məclisinin 22-ci çağırış İstanbul millət vəkili Əli Kamal Kumkumoğlunun yayımladığı məktub xüsusi diqqət çəkir.

Çünki o, hər hansı tərəfi müdafiə etməkdən daha çox, yaşananlara şahid kimi münasibət bildirir.

O qeyd edir ki, qurultay prosesi hələ rayon təşkilatlarının konqresləri mərhələsindən etibarən yanlış istiqamətə yönəlmişdi.

Narahatlığını həmin dövrdə partiyada təsir gücünə malik şəxslərlə bölüşdüyünü, parçalanmanın partiyaya ciddi zərər verəcəyini dəfələrlə dilə gətirdiyini bildirir.

Lakin şəxsi maraqlar, qrup mübarizələri və hakimiyyət uğrunda rəqabət sağlam düşüncəni üstələyib.

Nəticə isə göz önündədir.

Bir tərəfdə CHP...

Digər tərəfdə isə CHP-dən ayrılaraq yaradılmış yeni siyasi partiya...


Məktubun ən diqqətçəkən hissəsi isə müəllifin verdiyi bu sualdır:

"Hamı gedərsə, CHP qalacaqmı?"

Bu sual təkcə CHP üzvlərinə deyil, siyasətə biganə qalmayan hər kəsə ünvanlanıb.

Çünki siyasi partiyalar mehmanxana deyil.

Onlar istənilən vaxt daxil olub çıxılan müvəqqəti ünvanlar da deyil.

Şərait dəyişəndə geri qayıdılan, vəzifə əldə etmək üçün istifadə olunan məkanlar heç vaxt ola bilməz.

Siyasi partiyalar ideyaların, prinsiplərin və mübarizə ənənələrinin daşıyıcısı olan institusional yaddaşdır.

Kumkumoğlu məktubunda məhkəmənin qəbul etdiyi "butlan" qərarının nəticələrinə də toxunur.

Onun fikrincə, bu prosesdə nə Kamal Kılıçdaroğlu, nə də Özgür Özel qalib gəlib.

Əsl qazanan müxalifətin parçalanmasından siyasi üstünlük əldə edən hakimiyyətdir.

Ən böyük itirən isə Cumhuriyyət Xalq Partiyası və ona ümid bəsləyən milyonlarla vətəndaşdır.

Müəllif hesab edir ki, bu qənaət üzərində ciddi düşünmək lazımdır.

Çünki siyasət yalnız haqlı çıxmaq uğrunda aparılan yarış deyil.

Bəzən haqlı olsan belə, nəticə ölkəyə zərər verirsə, həmin məsələyə yenidən baxmaq zərurəti yaranır".



Atilla Sertel bildirib ki, bu gün CHP daxilində fərqli mövqelər mövcuddur.


Kamal Kılıçdaroğlunu dəstəkləyənlər də var, Özgür Özəli müdafiə edənlər də, hər iki siyasətçiyə eyni məsafədə dayananlar da:

"Demokratiyanın mahiyyəti də məhz bundan ibarətdir.

Lakin heç bir fikir ayrılığı yüz ildən artıq tarixə malik siyasi təşkilatın öz əllərimizlə zəiflədilməsinə haqq qazandıra bilməz.

Tənqid etmək ayrı məsələdir. Partiyanı tərk etmək isə tamam başqa. Dəyişiklik tələb etmək ayrıdır. Dağıdıcı prosesin iştirakçısına çevrilmək isə tamamilə başqa məsələdir”.


A.Sertel şəxslərin dəyişməsinin heç nəyi dəyişmədiyini söyləyib:

“Cumhuriyyət Xalq Partiyası yalnız adi siyasi təşkilat deyil. O, Türkiyə Cümhuriyyətinin qurucu iradəsini təmsil edən tarixi bir qurumdur. Bu səbəbdən CHP-ni müdafiə etmək və ya tənqid etmək şəxslər üzərindən deyil, məhz bu qurumun gələcəyi üzərindən aparılmalıdır.

Əli Kamal Kumkumoğlunun məktubunun ən mühüm tərəfi də budur.

O, şəxsləri deyil, qurumu əsas mərkəzə qoyur.

Çünki bilir ki... Liderlər dəyişir. Rəhbərliklər dəyişir. Siyasi küləklər istiqamətini dəyişə bilər. Lakin qurumlar dağıldıqda onları yenidən ayağa qaldırmaq illər tələb edir.

Siyasətdə bəzən getmək alqış gətirə bilər.

Qalmaq isə böyük məsuliyyət və bəzən də ağır bedel tələb edir.

Amma tarix çox vaxt alqışlananları deyil, çətin dövrlərdə öz qurumuna sahib çıxanları yazır.


Əli Kamal Kumkumoğlunun məktubundan:

“Cumhuriyyət Xalq Partiyasında yaşanan parçalanmanı təəssüflə izləyirəm. Uzun illər bu partiyanın çətiri altında siyasət fəaliyyəti ilə məşğul olmuşam. Rayon təşkilatlarından qurultay nümayəndəliyinə, jurnalistikadan millət vəkilliyinə qədər siyasi həyatımı CHP daxilində keçirmişəm.

Bu səbəbdən bu gün yaşananları yalnız partiyadaxili mübahisə kimi qiymətləndirmirəm. Hesab edirəm ki, bu parçalanma Türkiyənin gələcəyinə də birbaşa təsir edən məsələdir.

Partiyamızdan ayrılan dostlarımızın böyük əksəriyyəti ilə uzun illər çiyin-çiyinə mübarizə aparmışıq.

Eyni tribunalarda çıxış etmişik, eyni meydanlarda yürüşlərə qatılmışıq, eyni dəyərlərə inanmışıq, hakimiyyətə gəlmək üçün birlikdə mübarizə aparmışıq.

Qurultaylarda fikir ayrılıqlarımız olub, lakin bizim üçün ən dəyərli olan altı ox rəmzini heç vaxt yaxamızdan çıxarmamışıq.

Bu gün sosial mediada hər gün istefa xəbərləri paylaşılır. Uzun illər eyni dam altında fəaliyyət göstərdiyimiz dostlarımız CHP-yə vida edir.

Ayrılanlar kədərlidir, geridə qalanlar isə narahatdır.

Bir tərəf qalanları, digər tərəf gedənləri günahlandırır. Halbuki dostlarımız bu gün fərqli siyasi seçim edə bilərlər.

Lakin bu ayrılığın əsas səbəbinin ideoloji fərqlər olduğunu düşünmürəm.

Problem idarəetmə anlayışıdır. CHP-nin illərdir ən böyük çatışmazlıqlarından biri partiyadaxili demokratiyanın zəif olmasıdır.

Ümumi sədrlər dəyişir, amma siyasət aparmaq üsulu kifayət qədər dəyişmir.

Kamal Kılıçdaroğlu dövründə də tənqid etdiyimiz mərkəzləşmiş idarəetmə anlayışının bu gün Özgür Özel dövründə fərqli formada davam etdiyini gördük və yaşadıq.

Halbuki Cumhuriyyət Xalq Partiyası tək bir şəxsin deyil, qurulların, təşkilatların və üzvlərin partiyasıdır.

Partiyanı gücləndirəcək amil bələdiyyə sədrlərinin və ya dar çevrələrin təsiri deyil, təşkilatların iradəsidir.

Çünki demokratiya ilk növbədə siyasi partiyaların daxilində yaşanmalıdır.

Ön seçim keçirilmədən... Üzvlərin fikri nəzərə alınmadan... Layiqlilik prinsipi əsas götürülmədən... Həqiqi dəyişiklikdən danışmaq mümkün deyil.


Bu gün həm CHP rəhbərliyinə, həm də yeni partiya yaradan dostlarımıza eyni sualı verirəm:

Millət vəkilləri, bələdiyyə sədrləri və partiya rəhbərləri üzvlər tərəfindən müəyyən ediləcəkmi?

Yoxsa yenə də bir neçə şəxsin hazırladığı siyahılar təşkilatların qarşısına qoyulacaq?

Əsl dəyişməli olan məsələ məhz budur.

Şəxslərin dəyişməsi təkbaşına heç nəyi dəyişmir.

Siyasi mədəniyyət dəyişmədən nəticə də dəyişməyəcək”.


Atilla Sertel

Sabiq millət vəkili, müxalifətin bir-birini zəiflətmək lüksünün olmadığını deyib:

“Ən çox məni narahat edən məqam isə illərlə bir-birini “yoldaş” adlandıran insanların bu gün ağır ifadələrlə qarşı-qarşıya qalmasıdır.

Keçmişdə sol düşüncədə yaşanan hər parçalanmanın əvəzini demokratiya tərəfdarları ödəyib. Qalib gələn isə heç vaxt demokratiya olmayıb. Bu gün də eyni səhvə yol verməməliyik. Türkiyənin qarşısında həllini gözləyən daha böyük problemlər var. İqtisadiyyat ciddi siqnallar verir. Ədalətə olan inam hər keçən gün zəifləyir. Gənclər gələcəklərini başqa ölkələrdə axtarmağa başlayır. Təqaüdçülər, işçilər və fermerlər dolanışıq çətinlikləri ilə mübarizə aparır.

Belə ağır vəziyyətdə müxalifətin bir-birini zəiflətmək və qarşılıqlı mübarizə aparmaq lüksü yoxdur.

Mən daha əvvəl də bildirmişəm ki, ömrümün sonuna qədər Cumhuriyyət Xalq Partiyasında qalacağam.

Çünki CHP şəxslərdən ibarət deyil.

CHP Cümhuriyyətin qurucu iradəsidir.

Mustafa Kamal Atatürkün mirasıdır.

Sosial demokratiyanın Türkiyədəki ən köklü siyasi çinarıdır. Şəxslər gəlir, şəxslər gedir. Lakin prinsiplər və dəyərlər qalır. İnanıram ki, bu gün yollarını ayıran insanlar sabah demokratiyanın ortaq dəyərləri ətrafında yenidən bir araya gələcəklər.

Yetər ki, şəxsi hesablar deyil, Türkiyənin gələcəyi ön plana çəkilsin.

Yetər ki, təşkilatların iradəsi yenidən siyasətin mərkəzinə yerləşdirilsin”.

Mətnin müəllifi Əli Kamal Kumkumoğlu daha sonra CHP daxilində yaşanan proseslərlə bağlı qiymətləndirmələrə də yer verir.

Məktubda qeyd olunur ki, Özgür Özəlin CHP-dən ayrılması bəzi çevrələr tərəfindən Mustafa Kamal Atatürkün qurduğu partiyaya qarşı parçalanma cəhdi kimi qiymətləndirilir. CHP-nin isə unitar dövlət quruluşunu və Cümhuriyyət dəyərlərini müdafiə edən əsas siyasi təşkilatlardan biri olduğu vurğulanır.

Məktubda həmçinin Kamal Kılıçdaroğlunun partiya daxilində adı müxtəlif ittihamlarda hallanan şəxslərin uzaqlaşdırılmasını istədiyi, Özgür Özelin isə bu məsələdə “Heç bir dostumu qurban vermərəm” mövqeyini ifadə etdiyi iddia olunur.

Qeyd edək ki, CHP-də yaşanan proseslər Türkiyə siyasətində geniş müzakirələrə səbəb olub. Partiya daxilindəki fikir ayrılıqları, rəhbərlik məsələsi və yeni siyasi təşəbbüslər müxalifətin gələcək istiqaməti baxımından diqqətlə izlənilir.

Nicat Rüstəmzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Avqustun 1-nə qədər 1 milyon adam orduya çağırılsın! - Putindən ƏMR