Modern.az

Bakı Mühəndislik Universiteti “Ali təhsil müəssisələrinin sərgisi”ndə - FOTO

Bakı Mühəndislik Universiteti “Ali təhsil müəssisələrinin sərgisi”ndə - FOTO

Aktual

Bu gün, 14:22

Bakı Mühəndislik Universiteti (BMU) Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda təşkil olunan “Ali təhsil müəssisələrinin sərgisi”ndə iştirak edir.

Modern.az xəbər verir ki, abituriyentlərin ixtisas seçimi prosesinə dəstək göstərilməsi və ali təhsil müəssisələrinin təhsil imkanlarının geniş ictimaiyyətə təqdim olunması məqsədilə keçirilən sərgi iyulun 29-31 tarixlərini əhatə edir. Tədbir ali təhsil müəssisələri ilə abituriyentlər arasında birbaşa ünsiyyətin qurulması, gələcək təhsil seçimlərinin obyektiv məlumat əsasında formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sərgidə BMU-nun stendini ziyarət edən abituriyentlər və valideynlər universitetdə həyata keçirilən müasir təhsil proqramları, beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılan ikili diplom imkanları, müasir laboratoriyalar və tədris infrastrukturu, təqaüd proqramları, təhsil haqları, tələbə həyatı, istehsalat təcrübəsi və məzunların karyera perspektivləri barədə ətraflı məlumat əldə edirlər. Universitetin akademik və inzibati heyətinin nümayəndələri ziyarətçilərin suallarını cavablandırır, ixtisas seçimi, qəbul prosesi və təhsil imkanları ilə bağlı ətraflı məsləhətlər verir. Eyni zamanda, BMU-da tətbiq olunan tələbəyönümlü təhsil modeli, sənaye ilə əməkdaşlıq əsasında formalaşdırılan praktiki hazırlıq mühiti, elmi-tədqiqat fəaliyyətinə cəlbolunma imkanları və beynəlxalq mobillik proqramları haqqında məlumatlar təqdim olunur.

Son illər beynəlxalq əməkdaşlıq əlaqələrini davamlı şəkildə genişləndirən BMU tələbələrinə dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə birgə həyata keçirilən akademik proqramlarda iştirak, mübadilə imkanlarından yararlanmaq və qlobal əmək bazarının tələblərinə uyğun kompetensiyalar qazanmaq üçün əlverişli təhsil mühiti təqdim edir. Bu baxımdan sərgi universitetin akademik potensialının və inkişaf strategiyasının gələcək tələbələrə təqdim edilməsi üçün mühüm platforma rolunu oynayır.

Sərgidə iştirak ödənişsizdir və ilkin olaraq 3 minə yaxın şəxs qeydiyyatdan keçib. Sərgi abituriyentlərin gələcək peşə və ixtisas seçimini daha dolğun məlumat əsasında həyata keçirmələrinə, ali təhsil müəssisələrinin isə təhsil imkanlarını və akademik üstünlüklərini geniş auditoriyaya təqdim etmələrinə şərait yaradır.

BMU sərgi müddətində bütün abituriyentləri və valideynləri universitetin stendini ziyarət etməyə dəvət edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Avqustun 1-nə qədər 1 milyon adam orduya çağırılsın! - Putindən ƏMR