Apple-ın iPhone modellərində mövcud olan, lakin geniş tanınmayan "Vehicle Motion Cues" funksiyası son aylarda istifadəçilər arasında maraq qazanıb. Bu xüsusiyyət nəqliyyatda telefon istifadə edərkən yaranan ürəkbulanma və başgicəllənmə hissini azaltmağa kömək etmək məqsədi daşıyır.
Modern.az BBC-yə istinadən xəbər verir ki, funksiya telefonun akselerometrindən istifadə edərək avtomobil, avtobus və ya qatarın hərəkətini izləyir. Bunun əsasında ekranın kənarlarında hərəkətlə sinxron şəkildə animasiyalı nöqtələr görünür. Məqsəd gözlərin qəbul etdiyi görüntü ilə bədənin hiss etdiyi hərəkət arasında uyğunluq yaradaraq hərəkət xəstəliyinin təsirlərini azaltmaqdır.
İstifadəçi rəyləri fərqli olsa da, bir çox şəxs bu funksiyanın səyahət zamanı rahatlıq yaratdığını bildirir. Hətta bəzi istifadəçilər funksiyanı nəqliyyatda olmadıqları vaxtlarda belə aktiv saxladıqlarını deyirlər.
Bununla yanaşı, bəzi mütəxəssislər qeyd edirlər ki, bu cür funksiyalar hərəkət zamanı telefondan istifadəni daha rahat etsə də, insanların ekrana daha uzun müddət baxmasına da səbəb ola bilər. Bu isə diqqətin yayılması və ekran qarşısında keçən vaxtın artması ilə bağlı müzakirələri gündəmə gətirir.
Nicat Rüstəmzadə