Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi, filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı-jurnalist Şəfahət Avılbəylinin xalq şairi Hüseyn Arifin yaradıcılığına həsr olunan elmi məqaləsi Türkiyənin nüfuzlu elmi nəşrlərindən birində dərc edilib.
Modern.az xəbər verir ki, "HÜSEYİN ARİF ŞİİRİNDE MİLLÎ HAFIZA VE POETİK MEKÂN: GÖYÇE İMGESİNİN ESTETİK-FELSEFÎ YORUMU" adlı məqalədə Hüseyn Arifin poeziyasında Qərbi Azərbaycan mövzusu, Göyçə obrazı, vətən həsrəti və milli yaddaş məsələləri elmi müstəvidə araşdırılıb.
Tədqiqatda şairin yaradıcılığında Göyçənin təkcə coğrafi məkan deyil, həm də milli kimliyin, tarixi yaddaşın və mənəvi bağlılığın rəmzi kimi təqdim olunduğu vurğulanır. Məqalədə yurd həsrətinin poetik ifadə vasitələri, milli-mənəvi dəyərlərin bədii təcəssümü və tarixi yaddaşın poeziyadakı əksi müqayisəli şəkildə təhlil edilib.
Müəllif qeyd edir ki, Hüseyn Arifin yaradıcılığı Qərbi Azərbaycan həqiqətlərinin ədəbi müstəvidə yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm elmi və mənəvi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Şəfahət Avılbəylinin elmi araşdırmaları əsasən Qərbi Azərbaycanın ədəbi mühiti, milli kimlik, tarixi yaddaş, deportasiya prosesi və Azərbaycan ədəbiyyatında yurd anlayışının tədqiqi istiqamətlərini əhatə edir.