
İraq və Suriya ərazisində yaradılan silahlı terror qruplaşması “İslam dövləti” (İŞİD) get-gedə özünün dünya üçün təhlükəlilik dərəcəsini artırmaqdadır.
2014-cü ildə özünü müstəqil xilafət elan edərək əməliyyat sahəsini genişləndirən terror qruplaşması Əl Bağdadinin başçılığı altında rəsmi dilini, paytaxtını və hətta pul vahidlərini də elan etdilər. İstisnasız olaraq hər gün bu terror təşkilatı onlara qarşı əks cəbhədə vuruşan şəxslərə qarşı amansız edam cəzaları ilə dünya gündəmini silkələyir.
Amma bu edama məruz qalan təkcə insanlar deyil. İŞİD vandalizmi özünü tarixi şəhərlərdə yerləşən və yaşı əsrlərlə ölçülən qiymətli maddi mədəniyyət nümunələri üzərində də əks etdirir. Bildiyimiz kimi, qədim dünya sivilizasiyasının mərkəzi sayılan Mesopotamiya (əsasən indiki İraq ərazisi) son iki ildə terror tapdağı altında qalıb. Qədim tarixin “qızıl şəhərləri” sayılan Nineyva, Babil, Asbat, Mosul, Kərkük, Nəmrud kimi şəhərlər və oradakı tarixi memarlıq abidələri İŞİD-ın vandaliminə məruz qaldı.
Beleliklə, Modern.az təqdim edəcəyi yazıda İŞİD tərəfindən dağıdılan tarixi mədəniyyət abidələri və zərər çəkən tarixi şəhərlərdən danışacaq.
Mosul şəhəri Qədim Şərqin ən əhəmiyyətli tarixi nüfuza malik şəhərlərindən biridir. Bununla yanaşı, şəhər terror qruplaşmasından ən çox zərəri görənlərdən oldu.
Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində -Assuriyanın paytaxtı Ninevya şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində əsası qoyulan Mosul mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Məhz bu səbəbdən də İŞİD-ın ilk addımlarında seçdiyi şəhərlər arasında Mosulun da adı var idi.
Ötən il İŞİD terrorçu qruplaşmasının yaraqlılarının gürzlərlə (hərbi silah) b.e.ə. VII əsrə aid tarixi abidələri dağıtdıqları əks olunan video bütün dünyada dəhşətlə qarşılandı.
Çünki həmin videoda əslində minillik tarix məhv olmaq üzrə idi. Vandalizm aktı İraqın şimalındakı Mosul muzeyində baş verdi. Ekstremistlər monumentləri gürzlərlə sındırıblar. Dağıdılmış abidələrin arasında Nineviya və Nimurddan olan, b.e.ə. VII əsrə aid olan Assuriya heykəlləri də var.
Qeyd edək ki, Mosulda yerləşən muzeydə Mesopotamiya bölgəsində tarixi heykəllər, heykəltəraşlıq nümunələri qorunurdu.
İŞİD üzvləri bundan əvvəl Mosulda qədim kitabxananı yandırmaqla diqqəti özlərinə cəlb edə bildilər. Onlar 10 mindən çox kitabın, 700-ə yaxın nadir əlyazmanın və Osmanlı imperiyası dövrünə aid çoxlu sayda əsərin olduğu Mosul kitabxanasını yandırmaqla tarixə və bəşəriyyətin mədəni irsinə çox böyük zərbə vurmuş oldular.
YUNESKO-nun ümumdünya irsi siyahısına sayılan Suriyanın qədim şəhəri Palmiradakı bəzi abidələr də elə Mosul qədər faciə yaşamış oldu. İş o yerə çatdı ki, Suriyanın muzeylərə və mədəni irsə nəzarət edən rəsmisi Məmun Əbdül Kərim bunu dünya mədəni irsinə vurulan ən ağır zərbə adlandırdı. Terrorçular
Suriyanın bu şəhərində 6 qədim abidəni, o cümlədən “Allat aslanı”nı məhv etdi. Amma bu hələ son deyildi. Əsas mədəni terror isə hələ qarşıda idi. Özü də yenə Palmirada. Daha sonra şəhərdə ən möhkəm və möhtəşəm 3 məzar qülləsi və Baal Şamin və Bel məbədləri məhv edildi.
Qeyd edək ki, adı çəkilən son iki abidə eramızın 32-ci ilində inşa edilib. İŞİD-çılar onları bomba ilə yerlə-yeksan etdilər.
Məsələyə hətta BMT də qarışdı və bu faktı mədəni soyqırım adlandırdı. Amma Palmiranın ən böyük itkisi də bu deyildi. İŞİD qüvvələri qədim Yunan-Roma dövrünə Triumf Arkasını da məhv etdilər.
Palmira şəhərində məşhur “Zəfər tağı” tarixi kompleksini yerlə-yeksan edən terrorçulara əmirləri Əbu Bəkr əl-Bağdadidən yeni əmr gəldi. Əmrə görə, bundan sonra müəyyən məqsədlər üçün həmin abidələrin partladılması təxirə salınır. Belə ki, terrorçular Palmiradakı digər salamat qalmış abidələri minalasalar da onları özlərinə sipər seçiblər.
Nəmrud şəhəri də böyük soyqırımı ilə üzləşən şəhərlər siyahısındadır. Qədim Assuriyanın ən güclü şəhərlərindən olan Nəmrudda xeyli sayda qiymətli tarixi abidələr qorunurdu.
Lakin terrorçular qədim Assuriya şəhəri olan Nəmrudu ələ keçirəndən sonra İraqın şimalinda yerləşən bu şəhərdə tarixi abidələri ağır texnika ilə yerlə yeksan ediblər. Dağıdılan abidələr arasında Assuriya dövrlərinə aid, eramızdan əvvəl XIII əsr tarixi abidələri də olub.
Suriyanın bir başqa şəhəri olan Karyatayn şəhərindəki tarixi monastırı buldozerlə məhv edilib.
İŞİD 1600 il tarixi olan monastırı dağıtmasını insanların Allahdan başqa Əziz Eliana da sitayiş edilməsi ilə əsaslandırıb
Adı monastıra verilən Əziz Elian eramızın üçüncü əsrində ölüb. Kilsə tərəfindən Əziz mərtəbəsinə yüksəldilib
Dördüncü əsrdə tikilən monastır bir neçə dəfə bərpa edilib. Monastır Suriya Katolik Kilsəsinin tanınmış müqəddəs məkanlarından biri idi.
İraqın cənubunda yerləşən Hatra şəhərindəki tarixi abidələrin məhvi də BMT səviyyəsində narazılıqla qarşılandı. Hatradakı vandalizm İraqın rəsmi qüvvələri tərəfindən etiraza səbəb oldu.
Elmin NURİ