Modern.az

“Rusiya Türkiyə ilə üz-üzə gəlməyə cürət edə bilməz” - Politoloqdan maraqlı PROQNOZ

“Rusiya Türkiyə ilə üz-üzə gəlməyə cürət edə bilməz” - Politoloqdan maraqlı PROQNOZ

Aktual

25 Noyabr 2015, 13:52

Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 təyyarəsini vurması Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinə gətirib çıxarıb. Hətta  Rusiyanın baş naziri Dmitri Medvedev  təyyarənin vurulmasını “cinayətkar hərəkət” adlandırıb.

İki dövlət arasında vəziyyətin gərginləşməsi hərbi qarşıdurmaya səbəb ola bilərmi?

Politoloq Qabil Hüseynli Modern.az saytına açıqlamasında deyib ki, Rusiya Türkiyə ilə üz-üzə gəlməyə cürət edə bilməz.

“Əvvəla, Türkiyə NATO-nun üzvüdür. Əks halda münasibətlər  NATO-Rusiya qarşıdurmasına gətirib çıxara bilər. İnanmıram ki, Rusiya ona da cürət edə. Çünki Rusiya elə bir daşdan yapışıb ki, onu qaldırmağa gücü çatmayacaq. Bu cür mənasız qeyri-etik bəyanatlar, hədə-qorxular, təhdidlər Rusiya kimi böyük dövlətin siyasətçilərinə yaraşmır. Türkiyə siyasətçiləri isə son dərəcə ehtiyatlı etika çərçivəsində danışırlar. Təhdid xarakterli bəyanatlar vermirlər. Sülhə, barışa çağırırlar. Təbii ki, Türkiyənin bu addımı qorxaqlıq deyil. Sadəcə olaraq, indiyə kimi Türkiyə-Rusiya arasında normal əlaqələr olub. Bu səbəbdən də əlaqələrin korlanmasını istəmirlər. İndi Rusiya bunu istəyirsə, cavabını da alacaq.

Türkiyə müxtəlif yollarla bu məsələni yoluna qoymağa çalışacaq. Əgər Türkiyə beynəlxalq məhkəməyə verilsə, uzaqbaşı vurulan təyyarənin dəyərində təzminat ödəyəcək”. 

Qabil Hüseynli iki dövlət arasındakı gərginliyin Azərbaycana təsirsiz ötüşəcəyini düşünür.

“Azərbaycanın prosesə heç bir dəxli yoxdur. Azərbaycanla Rusiya arasındakı münasibətlər əlahiddə münasibətlərdir. Əlbəttə, biz Türkiyəyə rəğbət bəsləyirik. Münasibətlərimiz  strateji müttəfiqlik səviyyəsindədir. Rusiya ilə isə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Ona görə də Azərbaycan bu hadisələrdə neytral mövqe tutur. Yəqin ki, qısa zaman ərzində bu məsələlər öz yoluna qoyular”.

Namidə BİNGÖL 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı