Modern.az

Gələn il neftin qiyməti 60 dollar olacaq - PROQNOZ

Gələn il neftin qiyməti 60 dollar olacaq - PROQNOZ

Aktual

12 Dekabr 2015, 10:55

Dünya bazarlarında neftin qiyməti heç vaxt düz xətlə inkişaf etməyib. Artıq birjalarda neftin 1 bareli 37, 37 dollara təklif edilir və qiymətin enməsi davam edir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az saytına deyib ki, hazırda 2008-ci ilin dekabrın 20-dən sonrakı situasiyanı yaşayırıq: “Söhbət təbii ki, neft bazarı iştirakçılarından gedir. Məsələ burasındadır ki, 2008-ci ilin dekabrında müşahidə olunan və üstündən 7 il keçəndən sonrakı vəziyyət eyni olsa da, situasiya tam fərqlidir. O zaman Azərbaycanın dövlət büdcəsi 10 milyard manat idi.

6 ay ərzində neftin qiymətinin 148 dollardan 39 dollara qədər enməsinə baxmayaraq, bunun ölkəmiz üçün hər hansı fəsadları olmadı. Nə cəmiyyət, nə də iqtisadiyyat bunu hiss etmədi. Hökumət və dövlət başçısı da qeyd edirdi ki, Amerikadan başlayan və daha sonra Avropaya da sirayət edən maliyyə böhranını biz yaşamadıq. Ona görə yaşamadıq ki, ölkədə neft hasilatı çox böyük templə artırdı. Azərbaycan “Azəri-Çıraq-Günəşli” yataqlarının tam işlənməsi fazasına daxil olmuşdu. 2007-ci ilin aprel ayında “Dərinsulu Günəşli” platformasını istifadəyə vermişdik. Təqribən 1 il sonra tam gücü ilə işlədi”.

Ekspert ilbəil artan neft gəlirlərini belə şərh edib: “Əgər 2006-cı ildə neftdən gələn gəlirlər 3 milyard idisə, 2008-ci ildə bu gəlir 10 milyard manat oldu. 2011-ci ildə gəlirləri 19, 9 milyarda çatdırdıq. 3 il sonra gəlirlər 2 dəfə də artırıldı. Bu, böyük yüksəliş idi. Dünyada böhran yaşananda biz xərcləri artırırdıq, iqtisadiyyat da dinamik inkişaf edirdi.

2014-cü ilin ortalarından başlayaraq neftin qiyməti düşməyə başladı. Ötən il sentyabrın 1-dən neftin qiyməti ilk dəfə olaraq 100 dollardan aşağı düşdü. Həmin vaxt Mərkəzi Bankın valyuta ehtiyatları 15,3 milyard manat idi. Dekabr ayının 1-nə Mərkəzi Bankının ehtiyatları 6,2 milyarda düşdü. Bu zaman bankın ehtiyatları 9 milyard manat azaldı. Dövlət Neft Fondunun ehtiyatları da əridi. Hətta icmal büdcənin gələn il üçün xərclərini də 43 faiz azaltmaq məcburiyyətində qaldıq.


Hazırda xərclərimizi artıra bilmir, 2008-2009-cu illərdəki kimi güvənli investisiya xərclərini icra edə bilmirik. Valyuta ehtiyatları hətta qarşıda duran bir nömrəli planlarımızı yerinə yetirməyə imkan vermir. Bu gün Maliyyə Nazirliyi cəmiyyət üçün vacib olan sahələrə pul ayıra bilmir, infrastruktur layihələrinin vəsaitləri kəsilir”.

Ekspertin fikrincə, infrastruktur layihələrinin vaxtında tamamlanmaması Azərbaycan üçün yaranan fürsətdən istifadəyə maneə yaradır: “Məlum olduğu kimi, bu layihələr çoxdan başa çatmalı idi. Ən maraqlısı odur ki, heç gözlənilmədən Rusiya - Türkiyə münasibətlərinin gərginləşməsi üçün Allah bizə qapı açdı. Avtomobil karvanlarının Azərbaycan üzərindən keçməsi şansı yarandı. Ancaq Ələtdən Böyük Kəsiyə gedən yolun yarısından çoxu iki zolaqlıdır. Hökumət indiyədək həmin yolun tikintisinin başa çatdırılmasını təmin edə bilməyib.

Digər tərəfdən, Bakı-Tibilisi-Qars dəmir yolunun tikintisinə milyonlarla vəsait cəlb edildi. Amma məlum oldu ki, ölkədəki dəmir yolları hələ də modernləşdirilməyib. İnfrastruktur layihələrinə 10 milyardlarla vəsait xərcləndi, amma hələ də şimal yolu hazır deyil. Şimal istiqamətindəki beton yolun Quba rayonu ərazisindəki 15 kilometrlik hissəsi bitir. Ancaq Rusiya sərhədinə qədər 230 kilometr məsafə var. Yəni bu baxımdan Azərbaycan əlinə düşən şansı da dəyərləndirə bilmir. Yük maşınları yolları dağıdıb, yenidən çəkilməlidir. 15 ildir İran istiqamətində yolun təmir-tikintisinə başlamaq istəyirlər. Ağsudan Mingəçevirə doğru gedən yol 4 ildir dağılıb və nəzarətsiz qalıb. Neftin qiyməti 110 dollar olanda belə, bu layihələri başa çatdırmadılar. Deyərdim ki, bunlar, hökumətin neftdən “məst” olduğu dövrdə işləmədiyinin göstəricisidr. Əgər bu layihələr bitsəydi, yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə etmək olardı”.

İlham Şabanın proqnozlarına görə, birmənalı olaraq 2016-cı ildə neftin qiyməti 60 dollar civarında olacaq: “Qiymətin 60 dollar olmasına çoxları sevinəcək. Halbuki, bir vaxtlar neftin qiymətinin 80 dollara düşməsi kəskin ucuzlaşma sayılırdı”. 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı