
Manatın dəyərinin dollara nisbətdə xeyli aşağı düşməsi iqtisadi böhranı bir qədər də dərinləşdirdi. Neftin qiymətinin dünya bazarında getdikcə ucuzlaşmasının mənfi nəticələri də özünü çox gözlətmədi. Bir dolların 1,55 manata bərabər bahalaşması Azərbaycanın istehlak bazarında gündəlik ərzaq mallarının qalxması ilə nəticələndi. Bir sözlə, ölkənin iqtisadi durumu ən azı növbəti bir il üçün o qədər də ürəkaçan deyil.
Lakin belə zamanda müxtəlif sahələrdə çalışan tanınmış simaların, müxtəlif vəzifə sahiblərinin “bu gün hər şey yaxşıdır”, “heç nə olmayıb” kimi yalan ifadələri reallığı tam çılpaqlığı ilə hiss etməkdə olan cəmiyyətdə qıcıq yaradır. Modern.az saytı bu məsələ ilə bağlı ekspertlərə müraciət edib. Onlar “bu cür pafoslu yalanlar ictimaiyyəti nə dərəcədə aldadır və necə qıcıqlandırır” sualına cavab olaraq maraqlı arqumentlər səsləndiriblər.
Sosioloq Əhməd Qəşəmoğlu gələcəkdə hər şeyin yaxşı olacağına inansa da, çox təəssüf ki, bu gün üçün belə fikir deyə bilmədiyini qeyd edib:
“Biz “yaxşı olacaq” fikrini yalnız gələcək haqqında proqnoz kimi deyə bilərik. Bu, o zaman olacaq ki, iqtisadi sistem iqtisadiyyatın tələblərinə uyğun qurulacaq. Prezidentin də dediyi kimi, inhisarçıların ixtiyarında olmayacaq. Yüksək ranqlı insanlar qıcıqlandırıcı fikirlər söyləməməlidirlər. Konkret olaraq, təqaüdçünün, alimin, müəllimin aldığı məvacibə görə alıcılıq qabiliyyətləri çox aşağı düşüb. Vəziyyət xalqın anladığı dildə izah olunmalıdır.
“Hər şey yaxşıdır”, “heç nə yoxdur” deməklə olmur. Elə bir məqamdır ki, ictimaiyyətin əksəriyyəti hələ məsələni tam anlamır. Nəyin yaxşı, nəyin pis olduğunu demək, onlara real durumu tam izah etmək lazımdır. Amma indi bəziləri elə bilir ki, onun vəzifəsi elə “hər şey yaxşı olacaq” deməkdir”.
Politoloq, ”Şərq-Qərb “ Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclunun sözlərinə görə, belə kritik vaxtda pafosla hər şeyin yaxşı olmasını deməkdənsə, vəziyyət daha düzgün izah edilməlidir:
“Bu cür danışmaq təbii ki, yanlışdır. Necə yəni heç nə olmayıb? Əhalinin hamısının istifadə etdiyi gündəlik istehsalat malları 50 faiz bahalaşdığı vaxtda belə bir söz deyilirsə, bunun özü çox absurddur. Bilmək olmur, bunun arxasında nə dayanır. Bu, obyektiv reallığı dəyərləndirmədən çox uzaqdır. Vəziyyət təbii ki, heç də yaxşı deyil. Cəmi iki-üç gün ərzində istehlak bazarında malların əksəriyyətini qiyməti yeni kursa uyğunlaşdırılıb. Artıq qida istehsalçısı “Azersun” da bəyan etdi ki, onlar qiymətləri qaldırmağa məcburdurlar. Mütəmadi olaraq alış-veriş etdiyim supermarketlərdən biri artıq neçə gündür qiymətləri qaldırıb. Artıq belə bir şəraitdə “heç nə olmayıb” demək əhalidə qıcıq yaratmaq, onların onsuz da gərilən əsəbləri ilə oynamaqdan başqa bir şey deyil. Mən konkret bilmirəm ki, bu cür sözləri kimlər deyib. Amma kimliyindən asılı olmayaraq, ictimai nüfuzu olan şəxs insanlara daha doğrusunu deməlidir. Real vəziyyəti daha dəqiq izah etməlidir. İnsanlar onsuz da hər gün bu reallıqla üzləşirlər”.
Elmin NURİ