Modern.az

“Ölkəmizi tanıyaq” yaxud Gözəlliyə və inkişafa açılan pəncərə...

“Ölkəmizi tanıyaq” yaxud Gözəlliyə və inkişafa açılan pəncərə...

Aktual

29 Dekabr 2015, 16:37

YAP Gənclər Birliyinin Şura üzvü

“Müstəqil Azərbaycanın gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar...”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

“Allah Azərbaycanı cənnət qədər gözəl yaradıb. Amma bütün xalqların ora axışıb gələcəyindən ehtiyat edərək hər kəsə öz Vətənini şirin edib” – bu, məmləkətimizi gəzib-dolaşan, onun gözəlliklərindən heyrətə gələn bir əcnəbi səyyahın fikridir. Bəli, təbii, İlahi və insani gözəlliklərin vəhdəti olan bu diyar tarixi zənginliyi, mədəniyyəti, təbii sərvətləri ilə əsl möcüzədir, Yaradanın Azərbaycan insanına sevgisidir, möhtəşəm bəxşişidir!..

Ötən əsrin sonlarında ikinci dəfə müstəqilliyini qazanan Azərbaycan çox çətinliklərlə üz-üzə qaldı. Böyük bir liderin – Ulu öndər Heydər Əliyevin müdrikliyi, iradəsi, uzaqgörənliyi bu yurdu həmin çətin zamanlardan qalib çıxardı! Onu qorudu, inkişaf etdirdi və sabaha əmanət etdi... Böyük öndərin öz xalqına, millətinə bu bənzərsiz əmanətinin yeni qurucusu, yeni yaradıcısı isə Prezident İlham Əliyevdir! Son 12 ildə müdrik dövlət başçısının əllərinin sığalı bu diyarı başdan-başa dəyişdi, onu 21-ci əsrin ən sürətlə inkişaf edən ölkəsinə çevirdi, Azərbaycanın adını nəinki bölgənin, dünyanın lider dövlətlərinin sırasına yazdı! O, bütün bunları Azərbaycan insanını, Azərbaycan vətəndaşını, Azərbaycanın sabahını düşünərək etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yüksəlişi bu gün daha dinamik şəkildə davam edir. Və bu yüksəliş, həm də müstəqillik illərində doğulan Azərbaycan vətəndaşlarının – Azərbaycanın yeni nəslinin gözləri önündə baş verir. O nəsil ki, bu ölkənin sabahı onların əlində olacaq. “Bizdən sonra gələn nəsil bizim kimi vətənpərvər və Vətənə bağlı olmalıdır ki, gələcəkdə Azərbaycan daha da qüdrətli dövlətə çevrilsin. Bunu etmək üçün biz möhkəm təməl qoyuruq. Bu gün başlanan, icra edilən layihələrin bir çoxu gələcəyə hesablanıb” deyən Prezident İlham Əliyev hər zaman gənclərə, yeniyetmələrə ölkəmizin hər qarışını yaxından tanımağı, onun tarixini, mədəniyyətini öyrənməyi, milli dəyərlərini, adət-ənənələrini yaşatmağı tövsiyə edir. Dövlət başçısı 2013-cü il sentyabrın 5-də Lənkəranda Gənclər Mərkəzinin açılışında cənub bölgəsinin gəncləri ilə görüşündəki çıxışı ilə də cəmiyyətə çox önəmli bir mesaj verdi. “Tövsiyə etmək istərdim ki, bizim vətəndaşlar, yəni müxtəlif bölgələrdə yaşayan vətəndaşlar vaxt tapıb digər bölgələrə də getsinlər. Cənub zonasının uşaqları getsinlər şimal zonasına, şimaldan gəlsinlər cənuba. Bu, olarsa, onda hər bir yerdə yaşayan vətəndaş ölkənin ümumi inkişafını daha da əyani şəkildə görər. Mən bunu görürəm, çünki son 10 il ərzində bölgələrdə, bəlkə, min dəfə olmuşam. Yəqin ki, mindən çox tədbir olubdur. Ancaq bölgələrdə yaşayan əhalinin böyük əksəriyyəti yalnız öz bölgəsinin inkişafını görür. Ona görə, arzu edirəm ki, çalışın, Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da, Azərbaycan gözəl ölkədir. Həm təbiət müxtəlifliyi, eyni zamanda, mədəniyyət müxtəlifliyi vardır. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir”.

Prezident İlham Əliyevin bu tövsiyəsi nəinki gənclərin, yeniyetmələrin ürəyindən xəbər verdi, bütövlükdə Azərbaycanı sevən hər kəsi səfərbər etdi, bir məqsəd ətrafında cəmləşdirdi, yeni bir layihənin təməlini qoydu: “ÖLKƏMİZİ TANIYAQ”. Məram aydın idi: Azərbaycanı müstəqil Azərbaycanın yetirmələrinə, yeniyetmələrə təqdim etmək, tanıtmaq və sevdirmək!..


Bu, adi layihə deyildi. Bu, Azərbaycanın yeni nəslinin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq bir addım idi. Bu, Prezident İlham Əliyevin təşəbbüsü, tapşırığı və nəzarəti ilə həyata keçirilən, Azərbaycanın sabahını düşünərək reallaşdırılan bir layihə idi. Dövlət başçısının gənclərə həssas münasibətinin, diqqət və qayğısının daha bir nümunəsi idi. Bu səbəbdən də tez bir zamanda diqqət çəkdi, ölkənin ictimai və mədəni həyatında mühüm hadisəyə çevrildi...

Beləliklə, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın şəhər və rayonlarının 9-11-ci sinif şagirdlərinin ölkəmizi daha yaxından tanıması, onun tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənməsi, tarixi-mədəni irsimizə sədaqət və hörmət ruhunda tərbiyə olunması, müstəqillik illərində qazanılan nailiyyətləri öz gözləri ilə görmələri üçün 2014-cü ilin avqust ayından başlayaraq Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin təşkilatçılığı ilə şəhər və rayon icra hakimiyyətləri tərəfindən bölgələrə maarifləndirici tur-aksiyalar təşkil olundu. “Ölkəmizi tanıyaq” adı altında 4 mərhələdə 7 istiqamət üzrə keçirilən maarifləndirici tur-aksiyalar Azərbaycanın dörd qütbünü bir nöqtədə birləşdirdi. Naxçıvan MR daxil olmaqla, ümumilikdə 74 şəhər və rayondan 5155 şagird maarifləndirici tur-aksiyalarda iştirak etdi. Xalqımızın milli-mədəni irsi ilə tanış olan yeniyetmələr, eyni zamanda, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərində, tarix-diyarşünaslıq muzeylərində və digər görməli yerlərdə oldular. Tur-aksiyaların əsas istiqamətləri belə idi: Bakı – bölgələr, Naxçıvan Muxtar Respublikası, Gəncə-Şəmkir-Göygöl, Şəki-Qax-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik, Şamaxı-İsmayıllı-Qəbələ, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Fizuli-Tərtər...

Bu layihə, obrazlı desək, məktəblilər üçün Azərbaycanın gözəlliyinə açılan pəncərə, onun tərəqqisini göstərən güzgü oldu. Maarifləndirici tur-aksiyaların proqramı zəngin və əhatəli idi. Azərbaycanın qədim tarixi yerlərinə ekskursiyalar, maddi-mədəniyyət nümunələri, memarlıq abidələri, dini dəyərlərimizi özündə yaşadan müqəddəs məkanlarla tanışlıq, xalqımızın tolerantlığının təsdiqi olan guşələrə, eyni zamanda rayonların müasir görkəmini əks etdirən yerlərə səfərlər təşkil olundu. Layihə mənim də diqqətimi çəkdi, onu maraqla izlədim və fikirlərimi bölüşməyə ehtiyac duydum...

Əsrarəngiz Bakıdan inkişaf edən bölgələrə...  

Məktəblilər üçün maarifləndirici tur-aksiyalar Azərbaycanın ürəyi, beyni, göz bəbəyi olan, artıq dünyanın ən müasir və möcüzəli şəhərlərindən birinə çevrilən, hər birimizin qürur duyduğu, ölkəmizə gələn saysız-hesabsız əcnəbiləri də heyrətləndirən paytaxt Bakının məktəbliləri üçün də əsl bayrama çevrildi. Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə elə hər gün dəyişən, yeniləşən, gözəlliyinə əlavə çalarlar qatan Bakının yeni tarixi, yeni yaddaşı da bu yeniyetmələrin gözü qarşısında “yazılır”. “Ölkəmizi tanıyaq” layihəsi isə onlara paytaxtla həmahəng inkişaf edən bölgələrə səfər etmək imkanı qazandırdı...

Ən əvvəl iki məqama diqqət edək: səfər zamanı məktəblilərin rahatlığı üçün hər şey düşünülmüşdü. Hər ekskursiya qrupu 40 nəfər şagird, 5 nəfər müəllim-müşayiətçi, tibb işçisi daxil olmaqla 45 nəfərdən ibarət idi. İştirakçılar üçün xüsusi geyimlər və xatirə hədiyyələri də hazırlanmışdı. Hər cür rahatlığı ilə seçilən müasir avtobuslar da məktəblilərin ixtiyarında idi, Naxçıvan Muxtar Respublikasına və oradan Bakıya təyyarə reysləri təşkil olunmuşdu. Şagirdlər getdikləri rayonların ən müasir otellərində qalır, gəzdikləri istirahət mərkəzlərinin bütün xidmətlərindən istifadə edirdilər və s... 4 günlük vaxt isə rayonların tarixi, sosial-iqtisadi inkişafı, mədəni mühiti, özünəməxsus adət-ənənələri ilə tanışlıq üçün yetərli idi. Səfərin xərclərini dövlət ödəyirdi. Digər bir vacib məsələ: məktəblilər hər yerdə rayonların rəhbər qurumları, ziyalılar, müəllimlər, valideynlər tərəfindən təntənə ilə yola salınır, hər yerdə də eyni ovqatla, eyni əhvali-ruhiyyə ilə qarşılanırdılar. Bu, bir tərəfdən ekskursiyaların yüksək səviyyədə təşkilindən, onun əhəmiyyərindən xəbər verirdisə, digər tərəfdən xalqımızın əsrlərdən gələn, bu gün də məhəbbətlə qorunan adətinin – qonaqpərvərliyinin, böyük-kiçiyə hörmətin ifadəsi idi...

Naxçıvan Muxtar Respublikası, Gəncə-Göygöl-Şəmkir, Şəki-Qax-Zaqatala, Şamaxı-İsmayıllı-Qəbələ, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik istiqaməti üzrə səfərlər Azərbaycan tarixinin ayrı-ayrı dövrləri haqqında zəngin məlumat, şagirdlərin öz ölkələri haqqında biliklərinin artırılması, dərslikdən öyrənilənlərin əyaniləşdirilməsi demək idi. Onların gözləri önündə sürətlə inkişaf edən bir ölkənin, bir məmləkətin yeni siması idi... Abad, rahat və müasir yollar tur iştirakçılarını bir bölgədən digərinə aparır, hər rayon bənzərsizliyi, abadlığı ilə qapılarını məktəblilərin üzünə açır, müasir görkəmi ilə göz oxşayır. Şagirdlər üçün qədim yurd yerlərinin tarixi, əsrlərin izini özündə qoruyub saxlayan abidələri, maddi-mənəvi dəyərləri, təbiəti, özünəməxsus adət-ənənələri, mətbəxi ilə əyani tanışlıq nə qədər maraqlıdırsa, onların bugünkü inkişafını görmək o qədər qürurvericidir. Yolçunu hər addımda  tarixiliklə müasirliyin vəhdəti müşayiət edir. Xalqımızın dəyərlərinin simvolu olan abidələrin tarixiliyi qorunmaqla bərpası, yenidən qurulması, abadlaşdırılması ölkəmizdə milli-mənəvi dəyərlərə dövlətin diqqət və qayğısını göz önündə sərgiləyir. Paytaxtla yanaşı, rayonların da sürətli inkişafı, bu inkişafı təsdiq edən mənzərələr kəndlə şəhər arasında fərqin də nə qədər azaldığını göstərir. Hər yerdə müstəqilliyin izi aydın görünür. Bir daha sübut edir ki, hər bir xalq üçün ən böyük nemət müstəqillikdir, azadlıqdır. Müstəqillik illərində qazandıqlarımızı göz bəbəyi kimi qorumaq isə hər bir vətəndaşın borcudur. Səfər boyu bu qürur hissi insanın qəlbini tərk etmir...

Bura Gəncədir, bura isə...

Bura Gəncədir – tarixin sirdaşı, müstəqillik illərində öz görkəmini tamamilə dəyişən, müasirləşən Gəncə... Bura isə Şəkidir – hər daşı, divarı unikallığı ilə heyrət doğuran Şəki. XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi, dünya abidələri siyahısına daxil edilən Şəki xan sarayı bura ilk dəfə gələn məktəblilər üçün əsl möcüzədir. Zəngin təbiət muzeyi olan Qaxın, Zaqatalanın müasir görkəmi çox şey danışır. Şamaxıda 743-cü ildə tikilən qədim Cümə məscidi tarix-memarlıq abidəsi öz əzəməti ilə hər kəsi məftun edir. Bu məscid 21-ci əsrdə Prezident İlham Əliyevin Sərəncamı, onun birbaşa rəhbərliyi və nəzarəti ilə əsaslı təmir olunub. Dövlət başçısının xalqımızın dini mənəvi dəyərlərinə bu qayğısı gənclər üçün də önəmli faktdır... 

Məşhur İvanovka kəndi, Lahıc qəsəbəsi, Basqaldakı qoruqları ilə böyük bir tarix sərgiləyən İsmayıllı rayonu məktəblilərin yaddaşında, həm də inkişaf və tərəqqinin ən gözəl nümunəsi kimi qalır. Quba dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı Qəsəbənin unikallığı, Cümə məscidinin nəfis memarlıq üslubu, xalça ustalarının bənzərsiz əl işləri ilə şagirdlərin hafizəsinə həkk olunur. Quba Soyqırımı Memorial Kompleksində yeniyetmələr tariximizin ağrılı səhifələrindən birinin dəhşətli nəticələri ilə əyani tanış olurlar. Buradakı kütləvi məzarlıq 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycanda həyata keçirdikləri soyqırımını sübut edən danılmaz faktdır. Prezident İlham Əliyevin Qubada “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncamı, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Komplekslə tanışlıq gəncləri öz xalqının tarixinə daha həssas yanaşmağa, Azərbaycan həqiqətlərinin təbliğində fəal olmağa səsləyir. Dünyanın otel brendlərindən olan “Rixos” Quba mehmanxana kompleksi isə ölkəmizin müstəqillik illərindəki uğurlarının daha bir möhtəşəm nümunəsi kimi hər kəsi sevindirir. Qusar da son illərdə heyrətamiz dərəcədə dəyişib. Rayon mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yaradılan, dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən “Şahdağ” qış-yay turizm kompleksi isə Azərbaycanın inkişafını göstərən ən mühüm faktlardan biridir. Bu, Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Dünyada ən mükəmməl və bənzərsiz layihələrdən biri olan Şahdağ qış-yay turizm kompleksini öz ölkəsində görmək, nəinki məktəblilər üçün, hər bir azərbaycanlı üçün böyük fəxarətdir... Növbəti səfər Azərbaycanın şimal qapısı Xaçmazadır. Məktəblilər bu rayonun da dinamik inkişafının şahidi olurlar. Xaçmaz ölkəmizin tolerantlığının modeli kimi də diqqəti çəkir...

Cənub bölgəsinə səfər də unudulmazdır. Prezident İlham Əliyevin bölgənin inkişafına qayğısı bu yerlərin də gözəlliyinə əlavə çalarlar qatıb. Çay plantasiyaları, sitrus meyvələri ilə daha çox məşhur olan cənub bölgəsi də əməlli-başlı dəyişib, müasirləşib. Lənkəran çayının şöhrəti də özünə qayıtmaqdadır. Çay plantasiyaları məktəblilərə doğma Vətənin bənzərsiz təbii sərvətləri ilə qürur duymaq hissi aşılayır. Masallı da sürətli inkişafı ilə Azərbaycanın bugünkü reallıqlarını təsdiq edir. Lerikin özünəməxsus təbiəti bölgələrimizin fərqli bənzərsizliyini daha da qabardır. Dövlət başçısının diqqəti bu yerləri də cənnətə çevirib...

Könlüm keçir Qarabağdan...

Yeniyetmələrin Azərbaycan sevgisi ilə Azərbaycana səfəri dörd istiqamətdə davam etdi: şimaldan cənuba, cənubdan şimala, şərqdən qərbə, qərbdən şərqə... Tur-aksiyaların bir istiqaməti isə Qarabağadır: Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtərə. Layihəni diqqətdə saxlayan Prezident İlham Əliyev məktəblilərin bu bölgəyə səfərinə daha böyük önəm verir. Dövlət başçısı 2014-cü il avqustun 29-da Füzuli rayonuna səfərində bunu bir daha diqqətə çatdırıb: “İndi biz gözəl bir proqram icra edirik, gəncləri göndəririk müxtəlif bölgələrə. Yəni bir bölgədən olan gənclər tətildə başqa bölgələrə gedirlər, Azərbaycanla tanış olurlar. “Ölkəmizi tanıyaq” proqramını biz icra edirik. Çox istərdim bu bölgəyə - Ağdama, Füzuliyə daha çox gəlsinlər, görsünlər ki, bura dağılmış vəziyyətdə idi... Erməni vəhşiləri bir dənə də salamat ev qoymamışdılar, hər şeyi dağıtmışdılar və talan etmişdilər, oğurlayıb aparmışdılar. Amma, baxın biz bərpa etdik. Horadiz şəhərdir, gözəl şəhərdir, yollar, xiyabanlar, ictimai yerlər, parklar, iş yerləri, məktəblər, uşaq bağçaları, muğam mərkəzi, idman kompleksi, hər şey var. Daha da yaxşı olacaq...”

Layihə çərçivəsində Füzuliyə, Horadizə səfər edənlər, həqiqətən də, burada dağılmış şəhərləri yox, ikinci həyat verilən, gülüstana çevrilən rayonları gördülər. Düşmənlə təmas xəttinin iki addımlığında yerləşən Füzulinin, Horadizin müasir siması Prezident İlham Əliyevin bu bölgəyə xüsusi diqqət və qayğısını bir daha sübut edir. Dövlətinə, güclü Ordusuna, Ali Baş Komandanına arxalanaraq düşmənlə üz-üzə öz doğma ev-eşiyində qurub-yaradan insanlarla, paytaxtdakı məktəblərdən heç nə ilə seçilməyən təhsil ocaqlarında oxuyan, böyük uğurlar qazanan həmyaşıdları ilə ünsiyyət Bakıdan, Şəkidən, Lənkərandan, Naxçıvandan... gələn məktəblilərə, həm də xalqımızım mərdliyi, əyilməzliyi haqqında çox şey deyirdi. Onlar hər addımda öz ölkələri ilə haqlı qürur hissi duyurdular. Horadiz şəhərindəki Bayraq meydanı, ən yüksək zirvədə dalğalanan və düşmənin gözünə ox olan Azərbaycan bayrağı Ali Baş Komandanın “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq...” arzusunun tezliklə gerçəyə çevriləcəyinə inam yaradır, bütün Azərbaycan vətəndaşlarını bunun üçün hər an hazır olmağa səsləyir...

Bu da Ağdam... Ərazisinin böyük hissəsi erməni işğalında olan Ağdama ekskursiya, rayonun işğaldan qorunan hissəsindəki sürətli inkişaf, abadlıq və quruculuq, Milli Qəhrəman və Şəhidlər abidə kompleksi, Vətənin müdafiəsində ayıq-sayıq dayanan hərbçilərlə görüş, cəbhə bölgəsində yerləşən əhalinin Vətən sevgisi... Bütün bunlar, ümumilikdə, məktəblilər üçün əsl vətənpərvərlik dərsi idi. Qarabağa səfərdən sonra onların qəlbində bir ruh hakim idi: ərazi bütövlüyümüzün bərpası, erməni işğalında olan torpaqlarımızın azad olunması və o yerlərin bərpasında, abadlaşdırılmasında yaxından iştirak etmək, Qarabağı yenidən cənnətə döndərmək...

Məktəblilər Ağcabədi, Bərdə, Tərtərin... simasında da gündən-günə güclənən və gözəlləşən Azərbaycanı gördülər...

Naxçıvan – ən böyük azərbaycanlını Azərbaycana bəxş edən torpaq...

“Ölkəmizi tanıyaq” layihəsinin növbəti turu yeniyetmələri qədim Azərbaycan torpağı Naxçıvana gətirdi. Ölkəmizin müxtəlif rayonlarını təmsil edən nümunəvi şagirdlərdən ibarət qrup yüksək əhvali-ruhiyə ilə Bakıdan, Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola salınır. Bu səfər də adi səfər deyildi. Bu, müstəqil Azərbaycanın banisi, ”Azərbaycanın müstəqilliyi uğrunda hər an şəhid olmağa hazıram!” deyən Heydər Əliyevin ana yurduna səfər idi. Bir-birinə zidd iki sistemdə Azərbaycana rəhbərlik edən, ömrü boyu canından əziz bildiyi Vətəninin istiqbalı, inkişafı uğrunda mərdi-mərdanə, heç nədən çəkinmədən mübarizə aparan, bütün çətinliklərin sonunda öz möhkəm xarakteri, ağlı ilə qalib çıxan, ölkəsini və xalqını ağ günə çıxaran Heydər Əliyevin... Azərbaycanı parçalanmaqdan xilas edən, ölümcül halda olan bir ölkəni dirçəldən, ona Qurtuluş bəxş edən, atəşkəsə imza ataraq müharibəni dayandıran, xalqının dəyərlərini özünə qaytaran, imza atdığı neft strategiyası ilə təkcə öz ölkəsinin, öz xalqının yox, bir çox ölkələrin və xalqların taleyində mühüm rol oynayan müdrik siyasətçi Heydər Əliyevin... Bugünkü Azərbaycan məhz onun qoyduğu təməl üzərində ucalır. Təsadüfi deyil ki, Naxçıvan ona qonaq gələn gəncləri elə daha çox ən böyük azərbaycanlının yurdu kimi cəzb edirdi. “Mənim həyat amalım ancaq bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur” deyən Heydər Əliyevin...

Gəncə, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Lənkəran, Biləsuvar, Salyan, bir sözlə, Azərbaycanın 30-dək rayonundan olan şagirdlər Naxçıvanın görməli yerləri, maddi-mədəni, tarix-memarlıq abidələri: “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə kompleksi, Möminə Xatun türbəsi, Açıq Səma Altında Muzeylə tanış oldular. Naxçıvanın son illərdəki yüksəlişi, yeni istehsal sahələri, təhsil və səhiyyə ocaqları, insanlarının qonaqpərvərliyi ilə də məktəblilərin yaddaşında dərin iz buraxdı. Bu gün Azərbaycanı çiçəklənən bir məmləkətə çevirən Prezident İlham Əliyevin Naxçıvanın da inkişafını daim diqqətdə saxlaması, tez-tez Muxtar Respublikaya səfər etməsi də yeniyetmələr üçün əsl vətənpərvərlik nümunəsidir. Şagirdlər Naxçıvandan bir arzu ilə ayrıldılar: biz də ulu öndər kimi bu Vətənə, bu torpağa, bu millətə sədaqət rəmzinə dönək, Azərbaycana layiq olaq... Muxtar Respublikanın məktəbliləri də layihə çərçivəsində ölkəmizin müxtəlif rayonlarına səfər etdilər...

Güclənən, gözəlləşən Azərbaycan...

“Ölkəmizi tanıyaq” layihəsi, demək olar ki, bütün respublikamızı əhatə etdi, 74 rayondan olan yeniyetmələrin ölkəmizin dörd bir guşəsinə qarşılıqlı səfərləri təşkil olundu. Tur-aksiyalarda, ümumilikdə, 5155 nəfər şagird iştirak etdi. 2014-cü il avqustun 1-dən sentyabrın 6-dək keçirilən birinci mərhələyə 2120 nəfər, 2014-cü il noyabrın 9-dan 17-dək keçirilən ikinci mərhələyə 1035 nəfər, 2015-ci il martın 17-dən 24-dək keçirilən üçüncü mərhələyə 720 nəfər, 2015-ci il noyabrın 16-dan 19-dək keçirilən 4-cü mərhələyə 1280 nəfər şagird cəlb olundu.

Beləcə, müstəqil Azərbaycanın minlərlə yeniyetməsi öz ölkəsini – YENİ AZƏRBAYCANı sonsuz iftixar hissi ilə gəzdi, şəhər və rayonlardakı sosial-iqtisadi tərəqqini öz gözləri ilə gördü, ölkəmizin bugünkü reallıqlarının şahidi oldu. Onlar Azərbaycanı, onun zənginliyini yenidən kəşf etdilər. Azərbaycanı sevdilər, Azərbaycanın sabahı naminə səfərbər oldular... 

Bir maraqlı məqam da odur ki, şagirdlər ilk dəfə gördükləri hər bir guşə haqqında ətraflı məlumat toplamağa can atır, səfər zamanı üzləşdikləri bəzi yenilikləri öz rayonlarında görmək istədiklərini də gizlətmirdilər. Bu baxımdan, “Ölkəmizi tanıyaq” layihəsi bir təcrübə mübadiləsinə, şagirdlər arasında mənəvi körpüyə çevrildi, onların dostluğunun əsasını qoydu. Məktəblilərin ayrı-ayrı rayonlarda Heydər Əliyev parklarında əkdikləri ağaclar isə, heç şübhəsiz, qol-budaq atacaq, hər zaman bu səfəri xatırladacaq. İndi ölkəmizin hər bölgəsində fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri yeniyetmələrə Ulu öndərin irsini dərindən öyrənmək, bu irsdən faydalanmaq üçün ən möhtəşəm “mənbə”dir. Gənclərin bu mənbədən öyrəndikləri nədir? Vətəninə, ölkəsinə, xalqına son dərəcə bağlılıq, sədaqət...

Regionlarımızın müasir simasını əks etdirən məkanlardan biri də Gənclər Mərkəzləridir. Bu, ölkəmizdə gənclərə xüsusi münasibətin göstəricisidir və bir daha təsdiq edir ki, Azərbaycanda gənclər siyasətin mərkəzindədir, onların sağlam həyat tərzi, milli ruhda tərbiyəsi diqqətdədir. Tarixən belə olub: hər bir xalq öz xoşbəxt gələcəyini gənclərlə bağlayıb. Bu mənada, gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün başlıca məsələyə çevrilib. “Azərbaycanda dövlət gənclər siyasətinin əsasını Heydər Əliyev qoyub” – bu fikri tez-tez, özü də minnətdarlıq duyğusu ilə dilə gətirir, hər dəfə də bu qayğısına görə Ulu öndərə rəhmət oxuyuruq. Bir millət, bir dövlət sabahını uğurlara apara biləcək gənclik yetişdirirsə, o millətin, o dövlətin sabahı üçün narahat olmağa dəyməz. Məhz Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etdi, onun müdrikliyi Azərbaycanın sabahı üçün layiqli gənclik yetişdirdi və o gənclik ölkəmizi bu günkü möhtəşəm uğurlara çatdırdı... Gənclərə bugünkü qayğı isə təsdiq edir ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti davamlı bir siyasətdir. Bu siyasətin mühüm istiqamətlərindən biri isə gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə hörmət və məhəbbət ruhunda tərbiyəsidir. Prezident İlham Əliyevin Gənclər evlərinin açılışını şəxsən etməsi, vaxtının darlığına baxmayaraq gənclərlə görüşlərə vaxt ayırması, apardığı fikir mübadiləsi, dəyərli tövsiyələri onların həyatında unudulmaz tarixi hadisəyə çevrilir. Dövlət başçısının: “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” kimi olduqca səmimi fikirləri isə gənclərin özlərinə inamını daha da artırır. Prezidentin bu qayğısı o deməkdir ki, hazır olun, bu cənnətə çevrilmiş məmləkətin sabahı sizin əlinizdədir...

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində səfər boyu gəncləri qürurlandıran bir məkan isə müstəqilliyimizi əks etdirən, onun rəsmi rəmzi olan üçrəngli bayrağımızın ucaldığı Bayraq meydanları idi. Ali Baş Komandan İlham Əliyevin: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” qətiyyəti ilə yaradılan Bayraq meydanları...

“Vətənpərvərlik nəğməsi...”

“Ölkəmizi tanıyaq” layihəsi, məncə, Vətənə həsr olunan bir “vətənpərvərlik nəğməsi”dir, yeniyetmələrə Vətən sevgisinin bütün sevgilərin fövqündə dayandığını öyrədən nəğmə...

Ümumiyyətlə, yaradılan gözəllik hər zaman diqqət çəkir, ona baxmağa vadar edir, insana zövq verir və həm də düşündürür. Gözəlliyin mahiyyətində gizlənən fəlsəfə də budur. Bu gün Azərbaycanda aparılan, mahiyyət və məzmun etibarilə seçilən, özünəməxsusluğu ilə fərqlənən və yadda qalan, insana hər addımda mənəvi ruh verən, onu yaşamağa və insanlıq naminə yaratmağa səsləyən abadlıq-quruculuq işlərinin gənclərin estetik zövqünün formalaşmasında, mənəvi tərbiyəsindəki rolu danılmazdır. Axı, gözəllik təkcə göz oxşamır, sevindirmir, rahatlıq bəxş etmir, həm də və ən əsası, insanı mənən zənginləşdirir, onu gözəlliyə, bu gözəlliyi yaradanlara biganə qalmamağa çağırır. Bu mənada, insanları gözəllikdən yaxşı tərbiyə edən ikinci bir vasitə düşünmək olmur. Üstəlik, insan onu əhatə edən gözəlliklərin içərisində pis düşünə və pis davrana bilməz! Əgər biz insanları mənən zəngin görmək istəyiriksə, onların ətrafında gözəllik yaratmalıyıq. Məhz Prezident İlham Əliyev bu məramla da son 12 ildə Azərbaycan tamam dəyişdi, qürur duyulacaq yeni bir AZƏRBAYCAN yaratdı. Ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyə sevdiyi Azərbaycanı yenidən qurdu. Və bu gün də hər kəsi öz Vətəni ilə fəxr etməyə səsləyir, əməlləri ilə diqtə edir ki,  insanın ən dəyərli keyfiyyəti Vətəni sevmək, onu qorumaq və tanıtmaq bacarığıdır. Prezident Ilham Əliyev bu fikirdədir: “Azərbaycanda bütün ənənələr yaşamalıdır. Biz öz milli mənəvi dəyərlərimizə çox bağlıyıq. Xüsusilə indiki dövrdə, qloballaşan dünyada milli ruhda tərbiyə almaq xüsusi əhəmiyyətə malikdir. Bunun yeganə yolu ondan ibarətdir ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə alsınlar, öz Vətəninə bağlı olsunlar, öz Vətənini sevsinlər və dövlət müstəqilliyini hər şeydən üstün tutsunlar...”

“Ölkəmizi tanıyaq” şagirdlərin həyatında bir ilk oldu, ilklər isə heç vaxt unudulmur, hər zaman yadda qalır, təəssüratlar isə, demək olar ki, eynidir:   

“Gəzdik, bilmədiklərimizi öyrəndik, Azərbaycanın yüksəlişini öz gözlərimizlə gördük. Fəxr edirik ki, belə bir ölkədə doğulmuşuq, bu cür sürətlə inkişaf edən ölkənin vətəndaşıyıq. Azərbaycanın unikal təbiətini, zəngin tarix və mədəniyyətini, maddi və mənəvi dəyərlərini gözümüzün önündə sərgiləyən bu səfər mənim və yoldaşlarımın həyatında böyük bir hadisədir. “Ölkəmizi tanıyaq” layihəsinə görə Prezident İlham Əliyevə minnətdarlığımız sonsuzdur, sağ olsun ki, biz şagirdlərə bütün bunları görmək imkanı yaratdı. Bu turların davamlı olmasını arzu edirik. Arzu edirik ki, tezliklə torpaqlarımızın 20%-i işğaldan azad olunsun, o doğma yerləri gəzməyə gedək...”

Şagirdlərin bu fikirləri, həm də anonsdur: ən əvvəl Vətəni tanıdaq! Vətənini yaxşı tanımayan insandan əsl vətənpərvər çıxmaz. Vətəni tanımaq üçün isə onu qarış-qarış gəzmək lazımdır – özü də böyük sevgi ilə! “Ölkəmizi tanıyaq” layihəsi bir daha təsdiq etdi ki, bu ölkəni tanıyan onu sevməyə bilməz!.. Prezident İlham Əliyevin 2014-cü il dekabrın 16-da Sabirabadda ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılışındakı nitqində söylədiyi bir fikri xatırlatmaq istəyirəm: “Bizim gənclərimiz əsl vətənpərvər gənclərdir. Fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdırlar və həqiqətən də, Vətəni sevən hər bir insan bu gün qürur hissi ilə deyə bilər ki, mən Azərbaycan vətəndaşıyam. Çünki Azərbaycan dünya miqyasında nadir inkişaf, transformasiya, islahatlar təcrübəsinə malik olan bir ölkədir. Bizim təcrübəmiz öyrənilir. Son illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır...”

“Ölkəmizi tanıyaq” layihəsi isə YENİ AZƏRBAYCANI yeni nəsillərə tanıtmaq, sevdirmək, onları milli tarixi kökə bağlamaq, gələcəyə hazırlamaq üçün misilsiz bir layihədir. Davamlı olsun!..

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı