Oxucuların yadında olar yəqin. Erməni irqçi yazar Zori Balayan Rusiya prezidenti Vladimir Putinə bir məktub yazmışdı və ondan Qarabağın Rusiyaya birləşdirilməsini xahiş etmişdi. (www.lragir.am 13 oktyabr 2013) Əsaslandırmağa çalışmışdı ki, guya Qarabağ ermənilərə aid idi, 1639-cu ildə bu erməni ərazilərini İran tutmuşdu, 1813-cü ildə Gülüstan müqaviləsi ilə Rusiyaya birləşdirildi. Daha sonrakı tarixi gedişat nəticəsində, 1917-ci ildə bolşevik inqilabı nəticəsində bu torpaqlar “erməni torpaqları içərisində “ qurulan Türk dövləti Azərbaycana verildi. İndi Azərbaycan bu torpaqları onların əlindən zorla geri almaq istəyir.
Onun sözündən bu çıxırdı ki, Vladimir Vladimiroviç , gəl buraya da yiyə dur! Bura Abxaziyadan da, Osetiyadan da yaxşı yerdir. Erməniləri də ki, bilirsən. Al bu Qarabağ sənindir, bizi də bu Türklərin təhlükəsindən qoru. Bilmədən də Balayan dolayısı ilə bu tarixi faktı təsdiq edirdi ki, bura bizim deyil, “Azərbaycandan qoparmaqdı məqsədimiz, bu məqsədimizi reallaşdıra bilmirik”.
Balayanın bu narahatlığının əlbəttə əsası vardı. Çünki azərbaycanlıları yaxşı tanıdığından bilir ki, Azərbaycan Qarabağı heç zaman güzəştə getməyəcək. Nə Ermənistana , nə də Putinə. Bunu yaxşı bilən digər erməni yazar-çizər cameası da düşmüşdü Balayanın üstünə. Nə qədər desə də ki, mən bu məktubda başqa məqsəd güdmüşəm yenə də onu Qarabağı Rusiyaya satqınlıqda suçlayırlar və bu indi də davam etməkdədir.
Məktubunda Balayan açıq şəkildə Dağlıq Qarabağın gələcəyini Rusiyanın tərkibində gördüyünü bildirir. Putin nədənsə Balayanın bu uzun məktubuna indiyəcən cavab verməyib. Bəlkə də heç oxumağı lüzum görməyib. Amma Balayanın bu məktubunun Ermənistanda kəskin etiraza səbəb olması göstərir ki, Dağlıq Qarabağa iddia məsələsində erməni cəmiyyətində yekcins fikir yoxdur. Hətta o gündən bu günə onu lağa qoymağa başlayıblar. Baxın, İrəvan Kukla teatrı Putin – Balayan səhnəsi hazırlamış və bu səhnədə Putinin adından Qarabağ məsələsinə “yeni erməni baxışı” sərgiləmişlər. Bu kukla səhnəsi ilə guya Balayanın “səhvini” düzəltmək istəmişlər. Amma yenə də uğursuz…Guya Balayanı nəzərdə tutaraq “Kukla Putin” “Kukla Armenə” deyir ki, siz Qarabağı hansısa dövlətin tərkibinə qatmağa çalışmayın… Belə yaltaqcasına (podxalimajnıy-rusca) məktublar hazırlamayın”.
İnanın ki, bu cümlələri mən özümdən quraşdırmıram…
04.01.2016
