telejurnalist
Bəs, şayiə necə?
Orta məktəbdə oxuyanda bir sual geniş yayılmışdı. Cavabı da tapılmırdı. Hərə bir fikir deyirdi: biri qırıcı təyyarənin daha iti sürətlə hərəkətini əsas gətirirdi, sonradan kosmik raketlərin daha yüksək sürətə malik olduğu faktını sübuta yetirməyə çalışanlar meydana çıxdılar. Bunların heç biri qəbul edilmirdi. Hətta bəziləri bildirirdilər ki, ən iti sürət elektrik işığıdır, Bakıda düyməni basırsan o dəqiqə Moskvada işıq yanır. Mübahisələr səngimirdi.
Son vaxtlar isə belə müəmmalı suala çoxları məntiqi cavab tapırdılar: ən sürətli gedən şey cibdəki puldur (evdə sandıqda, döşək altında saxlanılan pul yox ha!), məhz cibdəki. Səhər cibinə pul qoyub evdən çıxırsan, bazar-dükana gedirsən, axşama cibində qəpik də qalmır. Hətta indiki dövrdə - bazar-dükanın od tutub yandığı vaxtda bu ideyanı dəstəkləyənlər da tapılır.
Məncə, bəlkə də çoxlarının düşüncəsində ən sürətlə yayılan səs ŞAYİƏdir. Həqiqətən də şayiə ildrım sürətilə yayılır.
Bir vaxtlar Bakıda belə bir şayiə yayılmışdı ki, paytaxtdakı məktəblərdən birində bir nəfər kino rejissoru filmə çəkilmək adı ilə üç qız seçib aparıb. Məktəbin ünvanı da göstərilirdi – o vaxtkı Vorovski qəsəbəsindəki 30 saylı məktəb. Həftələr keçdi qızlardan xəbər çıxmadı, onların sayı dördə çatdı. Jurnalist marağı məni o məktəbə apardı. Məktəbin direktoru Siddiqə Kazımova ilə, müəllim və şagirdlərlə söhbətləşdim. Hamı bildirdi ki, “Bizim məktəbdən bir qız belə yoxa çıxmayıb.” Bunu da əlavə etdilər ki, deyəsən Gəncədəki dəmir yolu məktəbindən yeddi qız qaçırılıb.

Eləmədim tənbəllik Gəncəyə getdim. Orada da eyni cavabı aldım: “Bizim məktəbdə belə bir hadisə baş verməyib.”
Bunun tam şayiə olduğunu yəqin edəndən sonra (inzibati orqanların əməkdaşları ilə məsləhətdən sonra) bir məqalə yazdım. Məqaləyə ilkin olaraq Gəncədən məktub gəldi: “Sizə minnətdarlığımızı bildiririk ki, o məqaləni yazdınız. Bakıda bir, sonra da üç, daha sonra dörd qızın yoxa çıxdığı bildirildi, xəbər Gəncəyə çatanda, onların sayı yeddiyə çatmışdı, hələ Qazaxa, Tbilisiyə gedəndə görün nə qədər olacaqdı!!!”
Şərhə nə ehtiyac! Şayiə ildrım sürəti ilə yayılır, özü də bunu yayanların əlavəsi ilə. Bu günlərdə Bakıda yayılmış bir vahiməli xəbər kimi. Dedilər ki, Tiflisdən Bakıya bir vaqon quldur-oğru gəlib. Mənzil qapılarını döyürlər, qapı açılan kimi mənzilə daxil olub evi qarət edirlər. Sonradan deyildi ki, qarətçi-oğrular bir vaqon yox, iki vaqon olub, guya polis işçiləri evlərə gedib sakinlərə xəbərdarlıq ediblər ki, “qapını heç kimə açmayın.”
Həqiqətən, şəhərdə şok yaşanırdı. Hətta buna hərə öz düşüncəsi ilə əlavə şərhlər edirdi, oğruları gözləri ilə gördüklərini, guya əllərində gül dəstəsi ilə təbrikə gəldiklərini, mənzil sahibini beləcə aldadıb evə soxulduqlarını, hətta digər konkret faktlar da diqqətə çatdırırdılar. Nə yaxşı ki, Daxili İşlər Nazirliyinin müvafiq qurumları vaxtında bəyanat yayıb bunların uydurma, şayiə olduğunu izah etdilər, əhalini vahimədən qorudular.
Amma bu o demək deyil ki, qapı-bacanı açıq qoyub arxayın yatasan. Axı, cəmiyyətdə quldur basqını, oğurluq həmişə baş verib, buna hazır olmaq lazımdır. Bununla belə ...
Şayiənin ayaq tutub yeriməsinə imkan verilməməlidir!