Modern.az

İran “qara qızıl”ı 10 dollara qədər ucuzlaşdıracaq - TƏHLİL

  İran “qara qızıl”ı 10 dollara qədər ucuzlaşdıracaq - TƏHLİL

Aktual

18 Yanvar 2016, 21:59

 

Ötən gün Vyanada Avropa Birliyi ilə tarixi razılaşma imzalayan İran bu gündən etibarən neftini dünya bazarına çıxara biləcək. Bu isə onsuz da təklifin tələbi üstələdiyi dövrdə neftin 20 dollara qədər ucuzlaşmasına rəvac verəcək. Dünya fond birjalarının İranın dünya bazarına qayıtmasına reaksiya da özünü çox gözlətmədi – 18 yanvar səhər saatlarında “qara qızıl” 2003-cü ilin fevralında satıldığı qiymətə - 27,57 dollara qədər ucuzlaşdı.

Düzdür, sonradan bazar özünə gəldi və qiymətlər 28 dollar səviyyəsinə qayıtdı, lakin bu çox təhlükəli siqnal idi. Bu təxminləri gerçək edən əsas arqument rəsmi Tehranın neft bazarına qayıtmaq üçün xammalı güzəştli qiymətlərlə və endirimlə təklif etməsi niyyətidir. Avropa bazarına qayıtma vaxtı tam məlum olmasa da, Çin, Hindistan və Pakistana neft ixracının dərhal bərpa olunması heç kəsdə şübhə doğurmur. İran dünyaya neft ehtiyatlarına görə, 4-cü ölkədir və onun zəngin potensialı neft bazarına, xüsusən OPEK-ə ən ağır zərbəni vuran olacaq. İranın 400-dən artıq fiziki və hüquqi şəxsi üzərindən sanksiyaların götürülməsinə baxmayaraq, ABŞ hələ də İrana qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirir. Unutmaq olmaz ki, Amerika Konqresi İrandan neft almağı qadağan edib, İrana texnologiya satışı hələ də qanundan kənar sayılır və insan hüquqlarının pozulması, ballistik raket sınaqları və İslam İnqilabının Mühafizəsi Korpusu ilə əməkdaşlıq edən 200 xarici şirkət və fiziki şəxs Vaşinqotnun “qara siyahı”sından çıxarılmayıb. Digər tərəfdən, beynəlxalq banklara, o cümlədən Valyuta Fonduna İranla əməkdaşlığı bərpa etməyə icazə verilsə də, bu ölkənin vətəndaşlarına dollar əməliyyatları aparmaqda məhdudiyyətlər aradan qaldırılmayıb. Bu isə bankların iranlı müştərilərlə iş zamanı ehtiyatlı davranmasına səbəb olacaq.

Bundan əvvəl, HSBC, BNP Paribas, Deutsche Bank və İNG İranla ticarət əməliyyatlarına görə milyardlarla dollar kompensasiya ödəməyə məcbur olmuşdu. İran National İranian Oil şirkətinin rəhbəri Röknəddin Cavad isə 10 ilə yaxın müddət ərzində istifadə olunmayan neft-qaz çıxarma və kəşfiyyat sənayesinin bərpası üçün vaxta ehtiyac olduğunu deyib. Yaxın aylarda bazara sutkada 500 min barel neft çıxarmağı hədəfləyən İran 6-7 aydan sonra bu göstəricini 1 milyon barelə çatdırmağı düşünür. Neftdaşıma ilə məşğul olan logistik mərkəzlər isə hazırda Fars körfəzində 50 milyon barel neft daşıya biləcək 24 tankerin olduğunu deyir.

“Morgan Stanley” və “Goldman Sachs” kimi investisiya banklarının analitikləri isə hazırda 1 milyon barel izafi neftin olduğu dünya bazarının İranın gəlişindən sonra daha da çətin duruma düşəcəyini düşünür. Güman olunur ki, “qara qızıl” növbəti aylarda 20 və hətta 10 dollar səviyyəsinə ensin. Neftin yenidən bahalaşma ehtimalı isə 2020-ci ildən sonraya təxmin edilir.

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı