
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Avropa Şurası Parlament Assambleyasının son iclasında Gürcüstan nümayəndə heyəti üzvlərinin Dağlıq Qarabağla bağlı qətnaməyə səs verməməsinə etirazını bildirib.
Modern.az-ın xəbərinə görə, deputat deyib ki, Gürcüstanın ayrı-ayrı vəzifəli şəxslərindən Azərbaycana qarşı ədalətsiz mövqe zaman-zaman müşahidə olunub:“Biz vaxtilə NATO Parlament Assambleyasında iştirak edən zaman həmin tədbirdə Gürcüstandan Burcanadze də iştirak edirdi. Həmin iclasda Ziyafət Əsgərov da iştirak edirdi, Yəqin ki, yadına gələr.
Həmin iclasda Burcanadzeyə sual olundu. Burcanadze bizə cavabında bildirdi ki, işğalla bağlı Kosovada tətbiq olunan təcrübə Moldova və Gürcüstana tətbiq oluna bilər. O, həmin vaxtı da Azərbaycanın adını çəkməmişdi. AŞPA-nın sonuncu iclasında da Azərbaycanla bağlı qətnamə müzakirə olunanda Gürcüstan nümayəndə heyətinin 2 nəfər üzvü sənədin əleyhinə səs verib. Bunu burada hörmətli Səməd Seyidov və Fazil Mustafa da təsdiq edə bilərlər”.
Q.Həsənquliyev qeyd edib ki, Avropanın ayrı-ayrı institutlarında, o cümlədən Fransada güclü erməni lobbisi var: “Bu ölkələrdə hakimiyyət dəyişsə də, ancaq dövlətin mövqeyi dəyişmir.
Ancaq Elxan Süleymanovun təşəbbüsü ilə AŞPA-da “Sərsəng” su anbarı ilə bağlı qətnamə qəbul edilməsi çox əhəmiyyətli addımdır. Bu qətnamənin qəbulunda Elxan Süleymanovun da böyük əməyi var”.
Partiya sədri gürcü deputatların Azərbaycana qarşı atdığı bu addımın Gürcüstanın diqqətinin çatdırılmasının vacibliyini söyləyib: “Mən sonda bildirmək istəyirəm ki, biz Milli Məclis olaraq son addımlarına görə Gürcüstan tərəfinin diqqətinə çatdırmalıyıq ki, bu cür tərəfdaşlıq, qonşuluq və riyakarlıq olmaz”.
Aytən Zəhra