Modern.az

Araz Əzimovun Bəşər Əsədlə bağlı açıqlamasına ŞƏRH: “Qərb cini şüşədən buraxıbsa..”

Araz Əzimovun Bəşər Əsədlə bağlı açıqlamasına ŞƏRH: “Qərb cini şüşədən buraxıbsa..”

Aktual

16 Fevral 2016, 14:20

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov  Avstriyanın nüfuzlu “Die Presse” qəzetinə müsahibə verib.

Diplomat müsahibəsində Suriya münaqişəsi ilə bağlı belə fikirlər səsləndirib:

“Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər, prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik”.

XİN rəsmisinin belə mövqe sərgiləməsi bəzi ekspertlər tərəfindən Azərbaycanın Suriya prezidenti Bəşər Əsədi dəstəkləməsi kimi qiymətləndirilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Araz Əzimovun fikirlərini Modern.az saytına şərh edib.

Deputat bildirib ki, Araz Əzimov kifayət qədər peşəkar diplomatdır və onun açıqlamasının hər bir detalını müxtəlif mənalara yozmadan izah etmək lazımdır.

“Araz Əzimov mənə elə gəlir ki, sırf rəsmi hüququn konstatasiyasından, bir az da sadə desəm, gerçək vəziyyətin ifadəsindən çıxış edib. Azərbaycan Bəşər Əsədin hakimiyyətdən getməsinin tərəfində olan, bundan ötrü hətta hərbi cəhətdən addımlar atmağa hazır olan qardaş Türkiyənin strategiyasını əngəlləmək niyyətində deyil. Bununla yanaşı, İran və Rusiya kimi Bəşər Əsədin yanında olmaq kimi bir fəaliyyətə də ortaqlıq nümayiş etdirilmir.

Biz rəsmi hüquq dili ilə danışsaq, deməliyik ki, Suriya xalqı Bəşər Əsədi özünə prezident seçib. Tarix də sübut etdi ki, 21 milyonluq xalq Bəşər Əsədi taxtdan salmaq istəsəydi, 100 min sayında olan bir  ordu yaradıb, bu istiqamətdə addımlar atardı. Amma hadisələr göstərdi ki, Suriya xalqı Bəşər Əsədi hakimiyyətdən devirmək istəmir. Mənə bunun əksini kimsə göstərmək istəsə, onun arqumentlərinin havadan asılı qaldığını söyləyəcəyik”.

Komitə üzvü deyib ki, Suriyada vuruşan 60 min muzdlu müxtəlif ölkələrdən gətirilib.

“Rusiya sentyabrın 30-dan etibarən İŞİD-ə qarşı bombardman həyata keçirən kimi və bəzi yaşayış məskənləri azad edildikdən sonra 32 ərəb ölkəsini bir yerə yığıb dedilər ki, bunlar da qoşun yeritməyə hazırdırlar. İndi də Türkiyənin yanında olmaq istəyənlər “PYD-ni (PKK-nın Suriya qanadı-red) vurma, o silahları Bəşər Əsədə qarşı çevirək” deyərək Ankaranı böyük bir dünyəvi tələyə salmaq istəyirlər. Buna görə də, bizim niyyətimiz Bəşər Əsədə siyasi dəstək vermək, onun hakimiyyətini müdafiə etməkdən daha çox, rəsmi vəziyyəti şərh etməkdir”.

Zahid Orucun fikrincə, Bəşər Əsədin getməsinin sülhün optimal variantı olduğunu deyənlər yanılırlar:

“Problemin Bəşər Əsədin şəxsiyyətində olduğunu deyən adamlar belə düşünür ki, o gedən kimi sülh bərqərar olacaq. İŞİD isə nə “Əl Qaidə”, nə də “Taliban”dır. İŞİD artıq özünü real hakimiyyətə çevirib. Demək ayıb olmasın, bu cini şüşədən buraxıblar, deyək ki, cinlərin biri Bəşər Əsəddir. Yaxşı, o birilərini kim tutub yenidən öz şüşəsinə salacaq? Böyük güclər deyir ki, onların əsas hədəfi qlobal terrordur. Yaxşı, sual edirəm, İŞİD gəlib öz-özünə təslim olacaq?

Ona görə də məsələni beynəlxalq informasiya kanallarının əlilə dünyaya tirajladıqları kimi olmadığını hamı bilməlidir. Azərbaycan da bu mənada əlahiddə mövqe göstərməyib. Araz Əzimov bu fikri dilə gətirir ki, bu gün Suriya ətrafında, onun gələcəyini, arxitekturasını qurmaq istəyənlər İraqda, Liviyada, Əfqanıstanda sülhü təmin edə bilməyiblər”.

Zahid Oruc Suriya böhranının Cənubi Qafqaza təsirindən də danışıb:

“Rusiya, İran, Hizbullah Türkiyənin canlı qüvvələrinə qarşı nəsə bir tədbir görsə və ərəblər də başqa bir hissədən bombardmana əl atsalar, bunun Cənubi Qafqaza çox böyük mənfi təsiri olacaq. Biz bunu arzulamırıq. Azərbaycan tərəfinin mövqeyi bundan ibarət deyil ki, Bəşər Əsəd üçün bir sülh elçisi olaq.

Bəşər Əsəd öz xalqı ilə birgə qərar verməlidir. Müharibə olsa, Bəşər Əsəd ən yaxşı halda onu müdafiə edən ölkələrdən birinə sığınacaq. Ya da Qəddafinin taleyini yaşayacaq. Bəs bununla bölgəyə sülh gələcəkmi? Əsədin hakimiyyətdən getməsi Suriyada tayfa, məzhəb davalarının bəlkə də 10 illərlə davam etməsinə gətirib çıxaracaq”.

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı