Modern.az

Nazirdən “Kommersant” a maraqlı AÇIQLAMALAR

Nazirdən “Kommersant” a maraqlı AÇIQLAMALAR

Aktual

18 Mart 2016, 10:30

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın “Kommersant” qəzetinə müsahibə verib.

Modern.az xəbər verir ki, nazir müsahibədə, Rusiyanın Ermənistana silah tədarükü etməsindən söz açıb.

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Digər tərəfdən isə hər bir dövlətin lazım bildiyi ölkəyə silah tədarük etmək hüququ var. Bizim Rusiyaya bir müddət öncə təqdim etdiyimiz notada xahiş olunub ki, Ermənistana silah verilməsi zamanı bir çox məsələlər nəzərə alınmalıdır.

Rusiya nəzərə almalıdır ki, həmin silah-sursatın Azərbaycanın işğal altındakı ərazilərinə ötürülməsinə yol verilməməlidir. Bu formada tədarüklərdə “sonuncu istifadəçi” qaydası var: “Sonuncu  istifadəçi” Ermənistan olacağı təqdirdə məsələ Moskva və İrəvan arasında ikitərəfli münasibətlər çərçivəsindən kənar olmazdı. Lakin, silahlar Azərbaycanın işğal olunmuş ərazilərində ortaya olduqda, bu tam başqa məsələyə çevrilir”.

XİN başçısı Azərbaycanla Rusiyanın hərbi əməkdaşlığına da toxunub və bildirib ki, iki ölkə arasında bu sahədə həll olunmamış maliyyə məsələsi yoxdur.

“Ödənişlərdə heç bir problem yaşanmır. Rusiya və Azərbaycan arasında həll edilməmiş maliyyə məsələsinin olması barədə yayılan məlumatlar isə həqiqətə uyğun deyil. Biz müqavilələrə uyğun olaraq ödənişləri vaxtında edirik. Bununla belə sazişlərin icrası ilə problemlər var.

Belə ki, Azərbaycana tədarük olunan silahlar müqavilələrdə göstərilən parametrlərə uyğun olmalıdır. Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıya etdiyi səfər də məhz bu parametrlərlə bağlı yaranmış məsələyə aydınlıq gətirmək üçün idi. Hazırda bütün suallara aydınlıq gətirilib”.

Elmar Məmmədyarov Moskva ilə Ankara arasındakı gərginliyin Azərbaycanın Rusiya ilə əlaqələrinə hansı formada təsir etməsindən də danışıb. Nazir vurğulayıb ki, iki dövlətin münasibətlərinin gərgin olması Azərbaycana təsir etmir. 

“Biz rus-türk münasibətlərinin qısa müddətdə normallaşmasında hamıdan çox maraqlıyıq. Rusiya-Türkiyə münasibətlərindəki gərginlik Bakı və Moskvanın münasibətlərinə təsir etmir. Bu məsələdə vasitəçilik ifadəsi çox yüksək səslənir. Mən bunu həm türk, həm də rusiyalı həmkarımla müzakirə edirəm.

Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulmasından sonra  biz dəfələrlə bu məsələni Serqey Lavrovla danışmışıq. Qarşılıqlı razılaşmaya nə qədər tez nail olunsa, hamıya bir o qədər yaxşı olacaq",-deyə nazir bildirib.

Aqşin KƏRİMOV

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı