
Ötən il Şimali Kiprdə ermənilərin azərbaycanlılara və türklərə qarşı keçirdiyi aksiyalara etirazını bildirən həmyerlimiz Toğrul Məmmədovu Şimali Kiprdə məhkəmə məsuliyyətinə cəlb ediblər.
Toğrul Məmmədov Şimali Kiprdə Doğu Akdeniz Üniversitetinin tələbəsidir. Eyni zamanda o, Azərbaycan - Kipr Gənclər Təşkilatının da üzvü olaraq Azərbaycanın diaspor və dövlət maraqlarını yaşadığı ölkədə təmsil etməkdədir.
Toğrul Məmmədov Modern. az saytı məsələ barədə daha ətraflı danışıb.
-Toğrul, Şimali Kiprdə ermənilərin keçirdiyi aksiyadan sonra sizin məsuliyyətə cəlb olunmanız necə baş verdi?
-Onların aksiyasına etirazım Azərbaycan və azərbaycançılıq naminə atılmış bir addımdır. Ancaq təşkilat olaraq (Azərbaycan - Kipr Gənclər Təşkilatı) idarə heyətimiz, xüsusilə də məlum hadisə ilə bağlı adı gedən şəxslər məsələnin böyüdülməsinin və şişirdilməsinin tərəfdarı deyil. Məhkəmə prosesinə tezliklə yekun vurulacaq və problem qısa zamanda öz həllini tapacaq. İlk vaxtlar Azərbaycan tərəfi bu işə etinasız yanaşsa da, sonradan dövətimizin diqqəti artdı, səfirlik səviyyəsində yanımızda oldular. Hər hansı həbsdən söhbət gedə bilməz, cərimə ilə məhkəmə prosesinə yekun vurulacaq.
-Sizin məsuliyyətə cəlb olunmanızda əsas arqumentlər kimi nələr göstərilirdi ?
-İttiham aksiya zamanı polislə yaranan gərginlik və qarşıdurma, ictimai asayişin pozulması ilə əsaslandırılır.
-Aksiyada erməni tərəfinin təmsilçiləri kimlər idi və onların əsas tələbləri nə idi?
-Əslində etiraz bir nəfərə idi. O da Türkiyə vətəndaşı olan və erməni əsilli aktyor Aret Vartanyan idi. Sonrakı aksiyanı təşkil edənlər isə ermənilər deyildi. Amam daha sonra isə bizə etiraz edənlər yerli təşkilat nümayəndələri idilər. Bizim bu addımı irqçilik kimi qiymətləndirib ona etiraz edirdilər.
Tələb etdikləri isə insan hüquqları, birlik, bərabərlik idi.
-Məhkəmənin yekunu kimi sizə nə qədər cərimə kəsiləcəyi gözlənilir?
- Növbəti məhkəmə 22 aprel tarixində keçiriləcək . Çox güman ki, sonuncusu olacaq .Cərimə ilə bağlı isə dəqiq informasiya mövcud deyil.
-Məhkəmə məsələsi ortaya çıxanda Azərbaycan tərəfdən kimlər, hansı dövlət qurumlar reaksiya verdi ?
-Azərbaycanın Ankaradakı səfirliyi , oradakı Təhsil müşavirliyimiz lazımi addımları atıb. Başqa qurumlar isə bəlkə də arxa fonda məsələnin həlli istiqamətində işlər görür, lakin bizə məlum olan yuxarıda qeyd etdiklərimdi.
-Toğrul, təhsil aldığın ölkədəki azərbaycanılara, həmyerlimiz olan tələbələlərə dövlətin diqqət və qayğısı hansı səviyyədədir?
-Ümumilikdə onu deyə bilərəm ki, Şimali Kipr Türk Cümhuriyyətində yaşayan, təhsil alan və fəaliyyət göstərənAazərbaycan vətədaşları, dövlətimizin diqqət və qayğısından təəssüf ki, çox kənardadırlar. Bəlkə də bu ŞKTC-də hər hansı rəsmi dövlət qurumu, səfirlik və ya konsulluğumuzun olmamasından qaynaqlanır. Ancaq məyus hissi ilə deyirəm ki, acı həqiqət və reallıq budur. Dövlətimizin gənclər siyasəti bizləri əhatə etmir. Hər halda siyasi səbəblərdəndir, ancaq əhatə edə bilmir
-Rəsmi orqanlara bu cür problemlərlə bağlı müraciət etmisinizmi?
-Son tədbirlərimizdən biri, 29 dekabrda Azərbaycan - Kipr Gənclər Təşkilatı və Doğu Akdeniz Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin təşkil etdiyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbiri üçün 2 rəsmi dövlət orqanı və 2 millət vəkilinə dəvət göndərdik, ancaq cavab gəlmədi. Biz Azərbaycanın xaricdəki könüllü əsgərləriyik, sözün əsl mənasında könüllü. Onsuz da kifayət qədər problemlərimiz var. Mən bu gün həmin millət vəkillərinin və dövlət orqanlarının adlarını açıqlamaqla sadəcə o problemlərin sayının artmasına səbəb ola bilərəm...
Ağa Akifoğlu