Yaponiya hökuməti ölkənin milli təhlükəsizliyinin təmin edilməsində üç qeyri-nüvə prinsipinə sadiq qalacağını, bununla yanaşı, öz müdafiə potensialını gücləndirmək və ABŞ-nin təqdim etdiyi genişləndirilmiş nüvə çəkindirmə sisteminə, yəni "nüvə çətiri"nə arxalanmaq siyasətini davam etdirəcəyini bəyan edib. Məsələ ölkənin müdafiə naziri Şinciro Koidzuminin nüvə təhlükəsizliyi ilə bağlı müzakirələrin tabu mövzu olmaması barədə səsləndirdiyi fikirlərdən sonra yenidən gündəmə gəlib.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib ki, hökumət mövcud təhlükəsizlik siyasətini qorumaq niyyətindədir və ölkənin müdafiə qabiliyyətinin artırılması prioritet olaraq qalır. Onun sözlərinə görə, müdafiə nazirinin açıqlamaları Yaponiyanın nüvə silahı əldə etməsi ilə bağlı çağırış deyil, təhlükəsizlik məsələlərinin cəmiyyətdə və siyasi dairələrdə açıq şəkildə müzakirə olunmasının vacibliyinə diqqət çəkmək məqsədi daşıyır.
Bununla yanaşı, Yaponiya hökuməti ilin sonunadək yenilənməsi nəzərdə tutulan Milli Təhlükəsizlik Strategiyası çərçivəsində üç qeyri-nüvə prinsipinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı hələlik konkret mövqe açıqlamayıb. Mövzu ölkənin təhlükəsizlik siyasətinin gələcək istiqamətləri baxımından diqqətlə izlənilir.
Politoloq Tofiq Abbasov mövzunu Modern.az-a şərh edib.
Müsahibimiz nüvə texnologiyalarına nəzarətin qlobal güc balansının əsas məsələlərindən biri olduğunu bildirib:

“Demək olar ki, Uzaq Şərqdə gərginlik getdikcə artır. Əgər Amerika Birləşmiş Ştatları Avro-Atlantik bölgədən diqqətini müəyyən qədər uzaqlaşdırırsa, bu, onun əsas diqqətini və imkanlarını Uzaq Şərqə yönəltdiyini göstərir. Burada əsas amil, təbii ki, Çindir. Çin hazırda ABŞ-nin həm əsas rəqibi, həm də potensial strateji rəqibi hesab olunur.
Bu gün dünyada baş verən proseslərin fonunda görürük ki, Vaşinqton qarşıdurma zolağını genişləndirir və özünə kifayət qədər arxayındır. Çünki ABŞ hələ də dünyanın ən güclü dövlətlərindən biri sayılır. Onun güclü silahlı qüvvələri, donanması, hava qüvvələri və digər hərbi imkanları var. Bunlar danılmaz faktdır.
Ancaq Amerikanın xarici siyasətində müəyyən boşluqlar da görünür. Xüsusilə müttəfiqlərlə münasibətlərdə hər zaman ardıcıl və səmimi davranmadığı barədə fikirlər mövcuddur. Yaxın Şərqdə və Fars körfəzi ətrafında baş verən hadisələr bir daha göstərdi ki, ABŞ bəzi hallarda verdiyi vədləri tam şəkildə yerinə yetirmir. Bunun nəticəsində bəzi ərəb ölkələri alternativ tərəfdaşlar axtarmağa başlayıblar.
Yaponiyaya gəldikdə isə bu ölkə İkinci Dünya müharibəsində ABŞ-nin nüvə silahından istifadə etdiyi yeganə dövlətdir. Xirosima və Naqasakiyə atılan atom bombaları tarixdə ilk nüvə hücumu kimi yadda qalıb. Sonradan bir sıra tarixçilər və tədqiqatçılar həmin hücumların hərbi baxımdan zəruri olub-olmaması barədə müxtəlif fikirlər səsləndiriblər. Onların bir hissəsi hesab edir ki, Yaponiyanın məğlubiyyəti artıq qaçılmaz idi və nüvə silahından istifadə daha çox siyasi və psixoloji mesaj xarakteri daşıyırdı.
Bu hadisələr Yaponiyanın tarixi yaddaşında dərin iz buraxıb. Bununla belə, Yaponiya bu gün texnoloji cəhətdən dünyanın ən inkişaf etmiş dövlətlərindən biridir. Vaxtilə imperiya olmuş bu ölkə indi də iqtisadi və texnoloji potensialını artırmaqda davam edir. O, anlayır ki, uzunmüddətli təhlükəsizlik üçün ilk növbədə öz imkanlarına arxalanmaq lazımdır.
Yaponiyanın inkişaf etmiş nüvə texnologiyaları mövcuddur. Nəzəri baxımdan, əgər siyasi qərar qəbul olunsa, gələcəkdə nüvə silahı hazırlamaq potensialına malik ölkələrdən biri hesab edilir.
"Nüvə çətiri" anlayışı isə ABŞ-nin müttəfiqlərinə verdiyi nüvə təhlükəsizliyi zəmanətini ifadə edir. Tarixdə ABŞ-nin nüvə fəaliyyətinə beynəlxalq nəzarət mexanizmi yaratmaq cəhdi də olub. Məsələn, 1946-cı ildə irəli sürülən Barux planı nüvə enerjisi və nüvə fəaliyyətinin beynəlxalq institut vasitəsilə idarə olunmasını nəzərdə tuturdu.
İran məsələsinə gəldikdə isə bəzi təhlilçilər hesab edirlər ki, ABŞ ilə İran arasındakı əsas ziddiyyətlərdən biri məhz İranın nüvə proqramıdır. ABŞ uzun illərdir İranın nüvə silahı əldə etməsinin qarşısını almağın əsas prioritetlərindən biri olduğunu bəyan edir. İran isə rəsmi olaraq nüvə proqramının dinc məqsədlərə – elmi tədqiqatlara, tibbi istifadə və enerji istehsalına xidmət etdiyini bildirir. ABŞ kəşfiyyatının müxtəlif dövrlərdə hazırladığı hesabatlarda da bu məsələ ilə bağlı fərqli qiymətləndirmələr yer alıb.
Bu baxımdan görünür ki, Vaşinqton üçün əsas məsələlərdən biri nüvə texnologiyalarına nəzarətdir.
“Nüvə çətiri” sistemi çərçivəsində ABŞ müttəfiqlərinə təhlükəsizlik zəmanəti verir. Məsələn, Böyük Britaniya nüvə dövlətidir və öz nüvə arsenalına malikdir. Fransa isə nüvə qüvvələrinə tam milli nəzarəti saxlayan dövlətlərdən biridir və qərarvermə mexanizmi müstəqildir”.
Politoloq dünyada artan rəqabət və etimadsızlığın yeni risklər yaratdığını söyləyib:
“ABŞ ümumilikdə qlobal təhlükəsizlik sistemində aparıcı rolunu qorumağa çalışır və nüvə məsələlərində əsas təsir rıçaqlarından birinin öz əlində qalmasını istəyir.
İsrailin nüvə arsenalı ilə bağlı müxtəlif qiymətləndirmələr mövcuddur. Rəsmi olaraq İsrail bu barədə nə təsdiq, nə də təkzib mövqeyi nümayiş etdirir. Bununla yanaşı, nüvə silahına malik dövlətlərdə belə, bu silahların istifadəsi çoxpilləli hərbi və siyasi qərarvermə prosedurlarından keçir və bir nəfərin təkbaşına qərarı ilə həyata keçirilmir.
Gələcəkdə ABŞ-nin təhlükəsizlik zəmanətləri zəifləyərsə, Yaponiyanın nüvə silahı əldə etməyə çalışacağı barədə ehtimallar da səsləndirilir. Məncə, Tokionun hazırkı siyasətinə baxanda bunun istiqamətində müəyyən meyillər müşahidə olunur. Çünki Yaponiya çox mürəkkəb geosiyasi bölgədə yerləşir. Qarşısında Çin kimi böyük güc, digər tərəfdən isə nüvə silahına malik Şimali Koreya var.
Eyni zamanda, Avropada Almaniya da müdafiə imkanlarını gücləndirir, hərbi büdcəsini artırır və ordusunu modernləşdirir. Bu tendensiya göstərir ki, bir çox dövlətlər təhlükəsizlik məsələsində daha çox öz güclərinə arxalanmağa çalışırlar.
Mən hesab edirəm ki, Yaponiyanın həm iqtisadi potensialı, həm də texnoloji hazırlığı ona gələcəkdə belə bir imkan yarada bilər.
Ümumilikdə isə dünya hazırda kifayət qədər gərgin və qeyri-müəyyən mərhələdən keçir. Dövlətlər arasında rəqabət, qarşılıqlı etimadsızlıq, maraqların toqquşması və regional münaqişələr yeni risklər yaradır. Ən böyük narahatlıq isə ondan ibarətdir ki, nüvə silahına malik dövlətlər arasında hər hansı səhv hesablanma və ya eskalasiya qlobal nəticələr doğura bilər.
Ümid edək ki, belə bir ssenari baş verməz. Bununla belə, mövcud beynəlxalq vəziyyət hər bir dövlətə təhlükəsizlik, müdafiə qabiliyyəti və milli maraqlarını qorumaq istiqamətində daha hazırlıqlı olmağın vacibliyini xatırladır”.
Nicat Rüstəmzadə