Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin qəbul olunması ilə bağlı razılığa gəliblər.
21-ci sanksiyalar paketinin detallı məzmununun yaxın vaxtlarda Avropa Komissiyası və Aİ Şurası tərəfindən açıqlanacağı gözlənilir.
Mövzu ilə bağlı politoloq Natiq Miri Modern.az-a açıqlama verib.
Politoloq, əsas məqsədin Rusiyanın iqtisadi dayanıqlılığının əsas sütunlarını sarsıtmaq olduğunu bildirib:
"Rusiyaya tətbiq olunan növbəti, 21-ci sanksiya paketi Rusiyanın müharibəni davam etdirmək imkanlarını zəiflətməyə yönəlib. Əsas məqsəd Rusiyanın iqtisadi dayanıqlılığının əsas sütunlarını sarsıtmaqdır. Buraya büdcənin böyük hissəsini təmin edən enerji daşıyıcılarının satışına məhdudiyyətlər, bankların əməliyyat imkanlarının daraldılması, kölgə donanmasına və ona yardım edən gəmiçilik şirkətlərinə qarşı qadağaların sərtləşdirilməsi, eləcə də kriptovalyuta və digər qeyri-qanuni maliyyə kanallarının bağlanması daxildir.
Bütün bunlar Ukraynanın hərbi əməliyyatları və strateji obyektlərə qarşı həyata keçirdiyi zərbələrlə paralel gedir. Rusiya həm iqtisadi, həm də hərbi baxımdan tükəndirilməyə çalışılır. Cəbhədə itkilərin artması, logistika və enerji infrastrukturunun sıradan çıxarılması Rusiyanın imkanlarını məhdudlaşdırır. Əgər əvvəllər əsas hədəflər neft emalı zavodları və hərbi-strateji obyektlər idisə, artıq ordunun təminatına xidmət edən digər müəssisələr də potensial hədəf kimi qiymətləndirilir".

O, sanksiyaların eyni zamanda Rusiyadakı oliqarxik sistem daxilində narahatlığı artırdığını söyləyib:
"Avropa Birliyinin tətbiq etdiyi yeni sanksiyalar da bu siyasətin davamıdır. Bu addımlar bir-birini tamamlayaraq Rusiyanın iqtisadi və siyasi imkanlarını zəiflətməyə hesablanıb. Sanksiyalar eyni zamanda Rusiyadakı oliqarxik sistem daxilində narahatlığı artırır və kapitalın ölkədən çıxarılması prosesini sürətləndirə bilər. Çünki mövcud vəziyyətdə dövlətin oliqarxların sərvətlərinə nəzarəti artırmaq ehtimalı da gündəmə gələ bilər.
Bu baxımdan iyirminci sanksiya paketi indiki mərhələdə ciddi siyasi hadisədir və onun Rusiya iqtisadiyyatına təsirləri qaçılmazdır.
Rusiyanın mümkün cavab addımlarına gəldikdə isə, iqtisadi baxımdan Avropa Birliyinə qarşı təsirli məhdudiyyət imkanları məhduddur. Sanksiyalarla bağlı qərar verilərkən bu amillər nəzərə alınıb və əsas prioritet Avropanın təhlükəsizliyi olub. Buna görə də Avropa ölkələri iqtisadi maraqlardan daha çox təhlükəsizlik məsələlərini önə çəkiblər.
Rusiya ənənəvi olaraq hibrid müharibə üsullarına — hərbi təxribatlara, dron hücumlarına, kiber əməliyyatlara və digər təzyiq vasitələrinə davam edə bilər. Xüsusilə Baltikyanı ölkələrə, Polşa və Rumıniya kimi şərq sərhədində yerləşən dövlətlərə qarşı təzyiqlərin artması mümkündür. Lakin bu, Avropa Birliyinin Ukraynaya dəstəyini zəiflətməyəcək.
Avropa artıq Ukraynanın həm cəbhədə, həm də Rusiyanın daxilində əldə etdiyi nəticələri görür. Krımdakı vəziyyət də bunun göstəricilərindən biridir: logistika, enerji, su və təminat problemləri bölgədə ciddi çətinliklər yaradıb. Əvvəllər mövcud olan təchizat yollarının bir hissəsi artıq məhdudlaşdırılıb.
Bu səbəbdən Rusiyanın təzyiq cəhdləri Avropanın mövqeyini dəyişdirməyəcək. Əksinə, proses davam edərsə, Rusiya iqtisadi zəifləmə və elita daxilində parçalanma riski ilə üzləşə bilər. Bu isə Putin hakimiyyətinin gələcəyinə ciddi təsir göstərə biləcək amillərdən biridir".
Nicat Rüstəmzadə