Azərbaycan-Belarus hərbi-texniki əməkdaşlığının genişləndirilməsi iki ölkə arasında uzun illər ərzində formalaşmış hərbi sənaye əlaqələrinin davamı kimi diqqət çəkir. Əməkdaşlığın əsas istiqamətləri sırasında hərbi texnikanın modernləşdirilməsi, silah sistemlərinin yenilənməsi və müdafiə sənayesi sahəsində birgə fəaliyyət xüsusi yer tutur.
Milli Məclisin Azərbaycan-Belarus Parlamentlərarası İşçi Qrupunun üzvü Rasim Musabəyov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Belarus arasında hərbi sənaye sahəsində əməkdaşlığın uzun tarixi var:
“Bizim Belarusla hərbi sənaye sahəsində əməkdaşlığımızın çox uzun tarixi var. O dövrdə Qərb ölkələri və Rusiya Azərbaycana silah satmırdı. Sovet silahlarının əldə edilməsi baxımından Azərbaycan əsasən iki dövlət – Ukrayna və Belarusla əməkdaşlıq edirdi. Həmin dövrdə tankların, hərbi hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi, eləcə də təyyarələrlə bağlı məsələlər üzrə Belarus və Ukraynadan yararlanırdıq. Azərbaycanın Sovet dövründən qalan silahlarının modernləşdirilməsi də əsasən Belarus vasitəsilə həyata keçirilirdi. Belarusun bu sahədə kifayət qədər təcrübəsi var idi və Sovet dövründən qalan silahların modernləşdirilməsi, yenilənməsi istiqamətindəki imkanlarından Azərbaycan da yararlanırdı. Eyni zamanda, Belarus yeni silah sistemlərinin istehsalına da başlamışdı. Bunlardan biri “Polonez” adlanan orta mənzilli raket sistemləri idi. Raketlərin özü Çindən alınırdı, lakin avtomobil platforması, radar və digər avadanlıqlar Belarusda istehsal olunurdu. Bu raket sistemləri təxminən 300 kilometrədək məsafəyə zərbə endirmək imkanına malikdir. Rusiya Ermənistana “İsgəndər” raket sistemlərini satanda və ya bağışlayanda, biz də Belarusdan eyni məsafəyə atəş açmaq imkanına malik “Polonez” sistemlərini almışdıq. Bu sistemlərin istehsalı üçün Belarusa maliyyə vəsaiti lazım idi. Biz isə bizə lazım olan “Polonez” sistemlərinin istehsalına imkan yaratmaq üçün vəsaiti əvvəlcədən Belarusa ödədik. Bununla həm Belarus, həm də Azərbaycan qazandı”.

R.Musabəyov qeyd edib ki, Azərbaycanın Sovet dövründən qalan hərbi texnikasının bir hissəsinin yenilənməsinə və texniki xidmətə ehtiyacı qalır:
“Düşünürəm ki, bizim hələ Sovet dövründən qalan kifayət qədər silahlarımız var. Bundan əlavə, təxminən 10-15 il əvvəl Rusiyadan yeni silahlar da almışdıq. Lakin həmin silahlara da texniki xidmət göstərilməsi və müəyyən yenilənmələrin aparılması lazımdır. Bu baxımdan, həmin silahları yüksək səviyyədə saxlamaq üçün Belarusla əməkdaşlıqda qarşılıqlı maraq var. Belarus da bu əməkdaşlıqda maraqlıdır. Azərbaycan bütün bu işlərin maliyyəsini ödəyir. Belarus üçün hərbi sənayesini təkbaşına saxlamaq kifayət qədər çətindir. Azərbaycanla kooperasiya şəraitində bunu həyata keçirmək daha səmərəlidir. Ona görə də burada qarşılıqlı maraq var və düşünürəm ki, bu əməkdaşlıq davam edəcək”.
Deputat iki ölkənin diplomatik nümayəndəliklərində hərbi sahədə təcrübəyə malik şəxslərin təmsil olunmasını da Azərbaycan-Belarus əlaqələrinin bu istiqamətinə verilən önəmin göstəricisi kimi qiymətləndirib:
“Bir müddət Azərbaycanda Belarusun keçmiş müdafiə naziri səfir olub. Belarusda isə hazırda Azərbaycanın Prezidentin hərbi məsələlər üzrə keçmiş köməkçi vəzifəsində işləmiş Məhərrəm Əliyev səfirdir. Bütün bunlar göstərir ki, tərəflərin bu sahəyə diqqət yetirməkdə qarşılıqlı marağı var və həmin maraq qorunub saxlanılır”.