Modern.az

Azərbaycan-Böyük Britaniya arasında yeni layihələr olacaq

Azərbaycan-Böyük Britaniya arasında yeni layihələr olacaq

Analitika

Bu gün, 08:00

Böyük Britaniyanın müdafiə nazirinin ADEX-2026 sərgisində ilk dəfə iştirakı və ardınca Prezident İlham Əliyevin Birləşmiş Krallığın Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul etməsi Azərbaycan–Britaniya münasibətlərində çoxşaxəli gündəmin aktuallığını bir daha önə çıxarıb.

Yüksək səviyyəli bu təmaslar iki ölkə arasında yalnız müdafiə və təhlükəsizlik deyil, ticarət, investisiya, enerji, nəqliyyat və digər istiqamətlər üzrə əməkdaşlığın perspektivləri ilə bağlı sualları da aktuallaşdırır.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası İşçi Qrupunun sədri Fariz İsmayılzadə bildirib ki, post-konflikt dövründə İngiltərə ənənəvi enerji layihələrindəki uğur hekayəsini digər sahələrə də şamil edəcək:

"Böyü Britaniya-Azərbaycan münasibətləri son zamanlar çox sürətlə inkişaf edir. Bir neçə nazirin Bakıya səfəri, İqtisadiyat nazirinin gəlməsi yeni layihələrin müzakirəsi, Böyük Britaniya-Azərbaycan strateji münasibətlərinin irəli aparılması hallarıdır. Post-konflikt dövründə böyük Britaniya ənənəvi enerji layihələrindəki uğur hekayəsini digər sahələrə də şamil edəcək. Təbii ki, təhsil sahəsi də bizi maraqlandırır. Lakin hazırda söhbət xüsusilə də müdafiə sənayesindəki əməkdaşlıqdan, yüksək texnologiyaların transferindən gedir".

F.İsmayılzadə Böyük-Britaniya ilə əməkdaşlığın əhəmiyyətini belə izah edib:

"Azərbaycan indi elə bir inkişaf hüdudundadır ki, həm qeyri-neft sektorunun inkişafı, həm də yeni texnologiyaların transferi çox vacibdir. Dünya trendlərindən geri düşə bilmərik. Dünyada həm silah, həm də texnologiya sahəsində böyük tərəqqi var. Kiber təhlükəsizlik, süni intellekt, data analitika sahələrində Britaniya şirkətləri ilə mütləq əməkdaşlıq etməliyik ki, bizim də iqtisadiyyatımız, ordumuz geri düşməsin".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova bildirib ki, Azərbaycanın müdafiə sənayesi sahəsində uğurlu təcrübəsi formalaşıb:

“Azərbaycanın müdafiə sənayesi sahəsində uğurlu təcrübəsi formalaşıb. Hər il keçirilən hərbi sərgilər və bu sərgilərə artan maraq da bunu təsdiqləyir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakerin builki sərgi çərçivəsində Bakıya səfəri və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni istiqamətlərin formalaşdığını göstərir. Səfərin məhz Azərbaycanın beynəlxalq müdafiə sənayesi platformasına çevrilmiş “ADEX” sərgisi çərçivəsində baş tutması da xüsusi məna daşıyır”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsini əsas istiqamətlərdən biri kimi qeyd etməsi qarşıdakı dövr üçün yeni imkanlar yaradır:

“Dövlət başçısının müasir silah və avadanlıqların Azərbaycana gətirilməsi, eləcə də ölkəmizdə birgə müəssisələrin yaradılması ilə bağlı perspektivlərə toxunması mühüm məqamdır. Burada söhbət yalnız hazır məhsulların alınmasından deyil, həm də müdafiə sənayesi üzrə istehsal və texnoloji əməkdaşlığın qurulmasından gedir. Azərbaycan son iki onillikdə müdafiə sənayesinə ciddi investisiyalar yatırıb və artıq həm daxili tələbat, həm də ixrac üçün müxtəlif məhsullar istehsal edir. Bu potensialın Böyük Britaniyanın texnologiyaları, şirkətləri və təcrübəsi ilə birləşdirilməsi yeni istehsal imkanlarının yaranmasına şərait yarada bilər”.

N.Məmmədova vurğulayıb ki, “ADEX” kimi beynəlxalq platformalar dövlət qurumları ilə biznes strukturları arasında birbaşa təmasların qurulmasına da imkan verir:

“Böyük Britaniyanın Müdafiə Nazirliyi 2026-cı ildə müdafiə sənayesində pilotsuz sistemlər, süni intellekt və hava hücumundan müdafiə kimi texnologiyalara xüsusi diqqət ayırır. Bu baxımdan, Azərbaycanla Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraq doğuran istiqamətlərdən biri ola bilər”.

Deputat Azərbaycanla Böyük Britaniya arasında enerji əməkdaşlığının da strateji xarakter daşıdığını bildirib:

“Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlıq uzun illərdir strateji xarakter daşıyır. Böyük Britaniya hökuməti də Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə töhfə verən və Cənubi Qafqazda mühüm tərəfdaş kimi qəbul edir. 2026-cı ilin sentyabrında Londonun “Şahdəniz” qaz yatağı ilə bağlı fəaliyyətlərə imkan verən sanksiya istisnasını davam etdirməsi enerji əməkdaşlığının strateji əhəmiyyətini göstərir. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxarılmasında Böyük Britaniya ilə əməkdaşlıq artıq formalaşmış təcrübəyə malikdir. Qarşıdakı mərhələdə enerji gündəliyinin bərpaolunan enerji, yaşıl enerji dəhlizləri və enerji təhlükəsizliyinin yeni formatları ilə genişlənməsi mümkündür”.

N.Məmmədova qeyd edib ki, Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində artan rolu da Böyük Britaniya ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır:

“Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində artan rolu Böyük Britaniya üçün ölkəmizi daha geniş regional bağlantı platforması kimi nəzərdən keçirmək imkanını artırır. Beləliklə, Azərbaycanın tərəfdaşlıq coğrafiyası genişlənir və əməkdaşlığın yaxın perspektivdə bir neçə istiqamətdə dərinləşməsi gözlənilir”.

Deputat siyasi və parlamentlərarası dialoqun da ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb:

“Siyasi və parlamentlərarası dialoq da ikitərəfli əlaqələrin əsas istiqamətlərindəndir. İkitərəfli münasibətlərin davamlı inkişafı hökumətlərarası təmaslarla yanaşı, parlamentlər, ekspert dairələri və biznes strukturları arasında əlaqələrin genişləndirilməsi ilə də möhkəmlənir. Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələrinin daha intensiv xarakter alması regional təhlükəsizlik, enerji, nəqliyyat, iqlim və iqtisadi əməkdaşlıq kimi mövzular üzrə qarşılıqlı fikir mübadiləsinə əlavə imkanlar yaradır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi