Modern.az

Tənzilə Rüstəmxanlı: Türkmənistanın TDT-yə üzvlüyü gündəmdədir

Tənzilə Rüstəmxanlı: Türkmənistanın TDT-yə üzvlüyü gündəmdədir

Analitika

Bu gün, 12:34

Türkmənistanın Avaza şəhərində keçirilən MDB Dövlət Başçıları Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında da ikitərəfli görüşün keçirilməsi gözlənilir. Görüşdə Azərbaycan-Türkmənistan münasibətləri ilə yanaşı, Türkmənistanın Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusundan tamhüquqlu üzvlüyə keçidi məsələsinin də gündəmə gələcəyi ehtimal olunur.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Türkmənistan Parlamentlərarası İşçi Qrupunun sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Azərbaycan nümayəndə heyəti ayın 6-dan etibarən Türkmənistanda, Avaza şəhərindədir:

“Dünən burada “Sülhün qorunmasında və davamlı inkişafın təmin olunmasında qadınların rolu” mövzusunda Beynəlxalq Qadınlar Dialoqu keçirildi. Bu, böyük bir tədbir və mühüm platforma idi. MDB ölkələrinin demək olar ki, hamısının qadın nümayəndələri, o cümlədən nazirlər və parlament rəhbərləri burada iştirak edirdilər. Rusiyadan böyük nümayəndə heyəti gəlmişdi. Tədbirdə Özbəkistan, Qırğızıstan və Qazaxıstan da təmsil olunurdu. Türkiyədən isə beş millət vəkili tədbirdə iştirak edirdi. Türkiyə nümayəndə heyəti ilə ayrıca görüşlərimiz də baş tutdu. Görüşlər olduqca faydalı keçdi”.

       

T.Rüstəmxanlı Azərbaycan-Türkmənistan münasibətlərinin son illərdə ciddi şəkildə inkişaf etdiyini qeyd edib:

“Türkmənistanla Azərbaycan arasında əlaqələr 2022-ci ildən sonra yüksələn xətt üzrə inkişaf edir. Xüsusilə dövlət başçıları səviyyəsində qarşılıqlı etimad və inam mövcuddur. Bu əməkdaşlıq parlamentlərarası münasibətlərə də öz təsirini göstərir və hazırda bu istiqamətdə ciddi əməkdaşlıq var. 2022-ci ildə Milli Məclisin sədri Sahibə Qafarova ilə Türkmənistan Məclisinin sədri Gülşat Mammedova arasında əməkdaşlıq haqqında sazişin imzalanması parlamentlərarası münasibətlərin inkişafı baxımından mühüm addım oldu. Bu sənəd iki ölkənin parlamentləri arasında əlaqələrə ciddi təsir göstərir. Türk dövlətləri arasında Azərbaycanla Türkmənistanın münasibətlərinin kifayət qədər isti və yaxın olduğunu görürük. Təbii ki, burada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında formalaşmış qarşılıqlı dostluq və etimada əsaslanan münasibətlərin də mühüm rolu var. Eyni zamanda, Türkmənistanın milli lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Prezident İlham Əliyevlə münasibətləri də Azərbaycan-Türkmənistan əlaqələrinin siyasi, iqtisadi və diplomatik müstəvidə inkişafına müsbət təsir göstərir”.

Parlamentlərarası İşçi Qrupunun sədri Türkmənistanın TDT-yə tamhüquqlu üzvlüyü məsələsinə də münasibət bildirib:

“Türkmənistanın Türk Dövlətləri Təşkilatına tam üzvlüyü məsələsi ilə bağlı bu görüşdən sonra nə qərar veriləcəyini və ya hansı nəticənin ortaya çıxacağını dəqiq söyləmək çətindir. Hazırda Türkmənistan TDT-də müşahidəçi statusuna malikdir. Ümumiyyətlə, Türkmənistan beynəlxalq təşkilatlara üzvlük məsələsində bir qədər ehtiyatlı və məsafəli mövqe tutur. Bunun əsas səbəblərindən biri ölkənin daimi neytrallıq siyasətidir. Türkmənistan ötən il BMT çərçivəsində neytrallıq statusunun 30 illiyini qeyd etdi və biz də həmin tədbirdə iştirak etdik. Bu səbəbdən Aşqabad beynəlxalq təşkilatlarla münasibətlərində daha ehtiyatlı davranır”.

O vurğulayıb ki, Azərbaycan və Türkmənistan prezidentləri arasında mövcud olan yüksək səviyyəli münasibətlər gələcəkdə TDT məsələsinə də təsir göstərə bilər:

“Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında olan isti münasibətlərin bu gün olmasa da, gələcəkdə öz təsirini göstərəcəyini düşünürəm. Bu münasibətlər Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzvlüyünə gedən yolda mühüm addımlardan biri ola bilər. Hazırda görüşlər davam edir və yəqin ki, günün sonunda müəyyən nəticələr bəlli olacaq. Bu, ayrıca bir görüşdür, amma hesab edirəm ki, keçirilən görüşlərin hər biri Türkmənistanın TDT-yə üzvlüyü istiqamətində mühüm addımlardan biri ola bilər. Hələlik deyə biləcəyim budur. Görüşlər davam edir və nəticələri gözləmək lazımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi