Modern.az

Ramil Həsənov: “Katiblik hər il assambleyada hesabat verəcək”

Ramil Həsənov: “Katiblik hər il assambleyada hesabat verəcək”

2 Oktyabr 2009, 17:30

Türkdilli Ölkələrin Parlament Assambleyasının yeni yaradılan katibliyi qurumun beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə etməyə hazırdır və bir neçə gündən sonra bu istiqamətdə işə başlayacaq.  Assambleyanın növbəti toplantısınadək qurumun üç daimi komissiyası yaradılacaq. Bunu Modern.az-a Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Ramil Həsənov bildirib.

R. Həsənov deyib ki, mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi dünyada türkdilli xalqlar özlərinin mübarizliyi, çalışqanlığı və intellekti sayəsində qazandığı yüksək mövqelərini bundan sonra da qoruyub saxlamaq, möhkəmləndirmək, qazanılan nailiyyətləri gələcək nəsillərə ötürmək üçün türk dünyasının birliyinı yaratmaq üçün uzun bir yol keçib: “Türkdilli ölkələr arasında qarşılıqlı vəhdətin möhkəmlənməsinə yönələn arzuya çatmaq üçün türk dünyasının coğrafi mərkəzində yerləşən, qədim mədəniyyət mərkəzlərindən biri Bakıda daha bir tarixi hadisə yaşandı. Parlament diplomatiyasının uğuru kimi qiymətləndirlən Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk ümumi iclası türk dilli xalqların birlik və qardaşlıq salnaməsində yeni səhifə açıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrləri, parlamentarilər müasir dünyada əhəmiyyəti və rolu artan parlament diplomatiyasının dövlətlər arasında siyasi dialoqun inkişafına böyük töhfələr verdiyini düşünərək bir araya gəliblər. Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahinin də dediyi kimi Bakı toplantısı eyni kökə, dilə, dinə, adətlərə sahib olan türk dövlətlərini daha da yaxınlaşdırdı. Başlıcası isə ilk dəfə formalaşan və türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən təşkilatın baş katibliyinin Bakıda yerləşməsi ilə bağlı verilən qərar Azərbaycana olan böyük etimadı bir daha təsdiqlədi”.  

Türkdilli Ölkələrin parlament Assambleyasının Baş katibi deyib ki, beynəlxalq status daşıyan qurumun katibliyinin Bakıda yerləşməsi ilk növbədə Azərbaycan diplomatiyasının, Azərbaycanın tarixi siyasətinin bir uğuru kimi qiymətləndirilməlidir: “Bu baxımdan katibliyin qarşısında dayanan əsas missiyalardan biri qurumun beynəlxalq təşkilatlarla faydalı  əməkdaşlığının qurulması olacaq.

Bundan başqa, Assambleyanın gələn ilin oktyabrında Astanda keçiriləcək növbəti toplantısınadək bir sıra təşkilati işlər görüləcək. Siyasi və hüquqi, iqtisadi, ticarət və qarşılıqlı sərmayə, dil, təhsil, mədəniyyət sahələrində qanunvericilik aktlarının uyğunlaşdırılması ilə məşğul olan üç daimi komissiya yaradılacaq. Üzv ölkələrin parlamentarilərindən təşkil olunacaq komissiyaların sədrləri və müavinləri seçiləcək. İldə bir neçə dəfə olmaqla bu komissiyaların toplantıları keçiriləcək.

Katiblik bu komissiyalar arasında, 4 ölkə parlamenti arasında əlaqələrin tənzimlənməsi, assmbleyanın işinin aktiv bir qurum kimi fəaliyyət göstərməsinin davamlı olmasını tənzimləyəcək.

Bakı toplantısında qəbul olunmuş qərara əsasən assambleya və şuraya sədrlik hər il əlifba sırası ilə növbəti ölkəyə keçməklə dəyişəcək. Azərbaycandan sonra bu missiyanı Qazaxıstan öz üzərinə götürəcək. Daimi qərargahı Bakıda yerləşən qurumun baş katibi və müavinləri isə 4 il müddətinə seçilıb. Katiblik hər il assambleyada hesabat verəcək”.

Ramil Həsənovun sözlərinə görə, assambleyanın gələcək toplantılarında müxtəlif ölkələrdən olan türk əsilli parlamentarilər də qonaq, məruzəçi qismində iştirak edəcəklər.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir