İranda səkkiz qadının edamına hazırlıq getdiyi barədə yayılan məlumatlar rəsmi şəkildə təkzib edilib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin məhkəmə hakimiyyəti açıqlama yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın bu məsələ ilə bağlı paylaşımı həqiqəti əks etdirmir və onun “saxta xəbərlərlə yanıldığı” qeyd olunub. Açıqlama İranın rəsmi "Mizan Online" saytında dərc edilib.
Xatırladaq ki, Donald Tramp "Truth Social" platformasında paylaşım edərək bu qadınların azad edilməsinin “danışıqlar üçün yaxşı başlanğıc ola biləcəyini” bildirmişdi. O, bu fikri İsrailyönlü fəal Eyal Yakobinin paylaşımına istinadən səsləndirmişdi.
İran məhkəmə hakimiyyəti isə açıqlamasında qeyd edib ki, edam ediləcəyi iddia olunan qadınların bir qismi artıq azadlığa buraxılıb, digərləri isə elə ittihamlarla üzləşir ki, həmin ittihamlar üzrə maksimum cəza həbs ola bilər və edam hökmü nəzərdə tutulmur.