Yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putin ilə Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı gözlənilir. Danışıqların mövzularından biri də Ukrayna prezidenti Volodimir Zelenskinin son bəyanatları olacaq.
Modern.az xəbər verir ki, bu barədə Kremlinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Lukaşenko planlaşdırılan təmaslar barədə daha əvvəl özü məlumat vermişdi və qarşıdakı söhbət bir sıra məsələlərin müzakirəsi üçün imkan yaradacaq.
O qeyd edib ki, söhbət Belarusun daxili işlərinə müdaxilə və ölkənin suverenliyinə qəsd barədə səsləndirilən “aqressiv təhdidlərdən” gedir. Peskov vurğulayıb ki, Rusiya Belarusun öz suverenliyini müstəqil şəkildə təmin etmək qabiliyyətinə şübhə etmir.
Daha əvvəl Zelenski iddia etmişdi ki, Belarus ərazisində Rusiyanın Ukraynadakı hədəflərə pilotsuz uçuş aparatlarını yönləndirmək üçün istifadə etdiyi retranslyatorlar yerləşdirilib. O, həmin qurğuların söndürülməsini tələb edib və bunun baş verməyəcəyi təqdirdə Belarusu “cavab tədbirləri” görüləcəyi ilə hədələyib.