Modern.az

İranla yeni atəşkəs razılaşması olmayacaq - TRAMP

İranla yeni atəşkəs razılaşması olmayacaq - TRAMP

Dünya

Bu gün, 11:38

ABŞ və İran arasında qarşılıqlı hücumlar 13-cü gündür davam edir

ABŞ və İran arasında qarşılıqlı hərbi zərbələr artıq 13 gündür ki, davam edir. Modern.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X platformasında yaydığı açıqlamada əməliyyatların İranın hərbi komanda mərkəzləri, pilotsuz uçuş aparatlarının anbarları, rabitə şəbəkələri, sahil müşahidə obyektləri və hərbi-dəniz imkanlarını hədəf aldığını bildirib.

CENTCOM-un məlumatına görə, son hücumlara baxmayaraq, Hörmüz boğazı gəmiçilik üçün açıq qalır.

İranın dövlət mediası isə ölkənin cənub-qərbində yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərində baş verən hücum nəticəsində azı 4 nəfərin öldüyünü, 5 nəfərin isə yaralandığını bildirib. Partlayışların Keşm adasında, Andimeşk, Omidiyə və Firuzabad şəhərlərində də eşidildiyi qeyd olunub.

İran öz növbəsində İordaniyadakı Əl-Əzraq hərbi bazasına və Bəhreyndə yerləşən Şeyx İsa aviabazasına zərbələr endirdiyini açıqlayıb. Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə hava həyəcanı siqnallarının verildiyini təsdiqləyib.

Bir neçə gündür davam edən qarşılıqlı hücumlardan sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı oxşar zərbələrin davam etdirilməsinin zəruri olduğunu bildirib. O, hələlik Tehranla yeni atəşkəs razılaşması üzrə danışıqlara başlamaq niyyətində olmadığını vurğulayıb.

"İranla bağlı vəziyyəti çox yaxşı idarə edirik. Onlar müəyyən addımlar atmaq istəyirlər, amma düşünürəm ki, hələ buna hazır deyillər. Onlara daha çox belə zərbələr lazımdır", – deyə Tramp Ətraf Mühitin Mühafizəsi Agentliyində çıxışı zamanı CNN-in sitat gətirdiyi açıqlamasında bildirib.

Bu arada Yəməndəki husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdiklərini açıqlayıblar. Məlumata görə, iyulun 22-də Qırmızı dənizdə iki Səudiyyə Ərəbistanı neft tankerinə hücum edilib.

Artan gərginlik fonunda iyulun 23-də neftin qiyməti may ayından bəri ilk dəfə 100 dolları ötüb. Bazarlarda narahatlıq əsasən Yaxın Şərqdə ikinci mühüm dəniz marşrutu sayılan Bab əl-Məndəb boğazının bağlana biləcəyi ehtimalı ilə bağlıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 2-ci paytaxtı darmadağın edildi: Alov bütün şəhəri bürüdü