Ümumi daxili məhsulun 2026-cı ildə 1,1 faiz, 2027-ci ildə isə 3,2 faiz artacağı proqnozlaşdırılır.
Modern.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, qeyri-neft ümumi daxili məhsulunun artımı 2026-cı ildə 3,2 faiz, 2027-ci ildə isə 4,1 faiz səviyyəsində gözlənilir.
Sədr əlavə edib ki, valyuta bazarında təklifin tələbi kəskin üstələməsi səbəbindən alışyönümlü müdaxilə həyata keçirilib.
O həmçinin vurğulayıb ki, ilin ikinci yarısında tələb yaranacağı təqdirdə alınmış valyutanın yerli bazara satılması nəzərdə tutulur:
“Növbəti iki-üç ayda valyuta bazarında mövcud vəziyyətin davam edəcəyi gözlənilir. İlin sonuna doğru yenidən müdaxilə ehtimalı olsa da, konkret rəqəmləri indidən açıqlamaq tezdir. Buna səbəb iqtisadi aktivliyin ilin əvvəlindən tədricən artması, ilin ikinci yarısında isə həm büdcə xərcləri, həm də ümumi iqtisadi fəallığın daha da yüksəlməsidir. Hazırda valyuta bazarında kəskin tələbatın yaranacağına dair gözlənti yoxdur”, - deyə sədr əlavə edib.