Bu ilin ikinci yarısından etibarən ABB Özbəkistan bazarına daxil olacaq.
Modern.az xəbər verir ki, bunu ABB-nin Dayanıqlılıq Hesabatına dair keçirilən mətbuat konfransında bankın İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O qeyd edib ki, ABB-nin Özbəkistanda özəl banklardan birinin nəzarət səhmlər paketinin alınması ilə bağlı apardığı danışıqlar müsbət yekunlaşıb.
Sədrin sözlərinə görə, söhbət Özbəkistanın özəl banklarından olan Davr Bankdan gedir.
“Ümid edirik ki, bütün icazə və rəsmiləşdirmə prosedurları qısa müddətdə tamamlanacaq. Bundan sonra ABB bu ilin ikinci yarısından etibarən Özbəkistan bazarında “ABB Davr Bank” adı ilə fəaliyyət göstərəcək”, - deyə bank rəsmisi deyib.
O qeyd edib ki, ABB “Davr Bank”ın 51 faizlik nəzarət səhm paketinin alınması ilə bağlı hazırkı səhmdarla danışıqlar aparılıb.
“Hazırda müvafiq rəsmiləşdirmə prosesləri davam edir. Bundan sonra həm Azərbaycanın aidiyyəti qurumları və tənzimləyici orqanları, həm də Özbəkistan tərəfi ilə icazə prosedurları həyata keçiriləcək. Məqsədimiz bütün prosesləri mümkün qədər sürətlə tamamlayaraq bu ilin ikinci yarısında fəaliyyətə başlamaqdır”.
Bank rəsmisi qeyd edib ki, bankın aktivləri təxminən 1 milyard dollar təşkil edir:
“Bankın 1,4 milyondan artıq müştərisi, həmçinin 43 filial və xidmət mərkəzi fəaliyyət göstərir”.
Sədr bildirib ki, ABB Özbəkistan bazarına daxil olmaq üçün bir sıra maliyyə qurumları ilə danışıqlar aparıb və müxtəlif biznes modellərini qiymətləndirib.
“Nəticədə bir neçə meyar üzrə məhz “Davr Bank” daha uyğun hesab olunub”.
Onun sözlərinə görə, əsas üstünlüklərdən biri bankın artıq formalaşmış və işlək biznes modelinə sahib olmasıdır:
“Özbəkistan bazarı sürətlə inkişaf edir. Biz də hazır biznes modeli olan bank üzərindən daha sürətli inkişaf etməyi və əlavə dəyər yaratmağı hədəfləyirik”, - A.İbrahimov qeyd edib.