2025-ci ildə ABB xarici maliyyə bazarlarında iştirakını genişləndirərək uzun illərdən sonra qlobal bazarlara qayıdış edib.
Modern.az xəbər verir ki, bunu ABB-nin Dayanıqlılıq Hesabatına dair keçirilən mətbuat konfransında bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Onun sözlərinə görə, 2025-ci il aprelin 21-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən Mashreqbank-ın ofisində 200 milyon ABŞ dolları məbləğində sindikativ kredit müqaviləsi imzalanıb.
“Sindikativ kredit Mashreqbank-ın təşkilatçılığı və Abu-Dabi Kommersiya Bankının agent bank qismində iştirakı ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyanı təmsil edən 12 maliyyə institutu tərəfindən cəlb olunub”.
A.İbrahimov qeyd edib ki, bu anlaşma Azərbaycana, ölkənin bank sektoruna və ABB-yə olan beynəlxalq etimadın göstəricisidir. Onun sözlərinə görə, sindikativ kredit ABB-nin strateji inkişaf planına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsinə dəstək verəcək.
“Əlverişli maliyyə şərtləri ilə belə iri həcmdə vəsaitin cəlb olunması ABB-nin maliyyələşdirmə imkanlarını genişləndirir və bizneslər üçün maliyyə resurslarını daha əlçatan edir”.
O əlavə edib ki, ABB-nin bir neçə illik fasilədən sonra xarici maliyyə bazarlarına qayıdışı bankın biznes maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə və gəlirliliyinə müsbət təsir göstərir:
“Xarici bazarlarda ABB-yə olan yüksək etimad isə uzunmüddətli vəsaitlərin cəlbinə, investor sayının və regional əhatə dairəsinin genişlənməsinə imkan yaradır”, - deyə sədr bildirib.