2026-cı ilin 8 ayı ərzində Azərbaycan Dəmir Yolları (ADY) ilə Azərbaycana ən çox yük Rusiya Federasiyasından daxil olub.
ADY-nin Modern.az-ın sorğusuna cavabında bildirilib ki, cari ilin 8 ayı ərzində Rusiyadan dəmir yolu ilə Azərbaycana 3 milyon tona yaxın yük göndərilib. Siyahıda ikinci və üçüncü yerləri isə Qazaxıstan və Türkmənistan tutur. Bu ölkələrin hər birindən təxminən 1,5 milyon ton yük daşınıb.
Digər ölkələr arasında Gürcüstandan, tranzit daşımalar da nəzərə alınmaqla, 600 min tondan çox, Belarusdan 551 min tondan çox, Braziliyadan isə 218 min tondan çox yük daxil olub. Ümumilikdə cari dövrdə ADY ilə 12 milyon tondan çox yük daşınıb. Daşınan yüklərin strukturunda 3,3 milyon tonla enerji daşıyıcıları üstünlük təşkil edib. Bununla yanaşı, 2,2 milyon tona yaxın kimya sənayesi məhsulları, 1,3 milyon tondan çox tikinti materialları, 1,2 milyon tondan çox qida sənayesi məhsulları, 1,1 milyon tondan çox taxıl və dənli bitkilər, 1 milyon tondan çox ağac, sellüloz və kağız məhsulları, 965 min tondan çox metal filizləri və metal sənayesi məhsulları daşınıb.
Konkret məhsullar üzrə isə ən çox buğda daşınıb. Onun həcmi 996 min tondan çox olub. Daha sonra 900 min tondan çox azot gübrələri və 858 min tondan çox mazut gəlir. Dəmir yolu ilə 700 min tondan çox dizel yanacağı, 682 min tona yaxın qələvi metallar və metalloidlər, 600 min tona yaxın şəkər və qənd də daşınıb.
ADY-nin məlumatına görə, daşınan yüklərin ən böyük hissəsini tranzit daşımalar təşkil edib. 8 ay ərzində tranzit yükdaşımaların həcmi 4,9 milyon ton və ya ümumi daşımaların 41 faizini təşkil edib. İdxal daşımalarının həcmi 3,5 milyon ton, ixrac daşımaları 2 milyon tona yaxın, daxili daşımalar isə 1,6 milyon ton olub. Azərbaycandan göndərilən, o cümlədən tranzit yüklərin əsas təyinat istiqamətləri sırasında Gürcüstan öndədir. Bu istiqamətdə 1,4 milyon ton, tranzit daşımalarla birlikdə isə 1,6 milyon ton yük daşınıb. Türkiyə istiqamətində daşınan yüklərin həcmi isə 490 min tona yaxın olub.
Nicat Rüstəm