Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, keçmiş maliyyə naziri Əvəz Ələkbərovun təşəbbüsü ilə “Professorlar klubu” yaradılıb.
Modern.az saytına daxil olan məlumata görə, Elmi Şurada müvafiq qərar qəbul edilib. Həmçinin Rəyasət Heyəti, Sədr, müavin seçkisi keçirilib.Əvəz Ələkbərov Rəyasət Heyətinin sədri, professor Fərhad Rəhmanov isə sədr müavini seçilib.
Klubun əsas məqsədi professor və elmlər doktorlarının intellektual potensialından istifadə edərək, qabaqcıl ideyaları açıqlamaqdır. Onlar fikirlərini qeyri-formal şəraitdə, fəal və müxtəlif zövqlərə cavab verən maraqlı istirahət zamanı ziyalılıq mühitində müzakirə edib səmimi ünsiyyət quracaqlar.
Elmi konfranslar, sərgilər, işgüzar görüşlər, poeziya axşamları, musiqi gecələri, idman yarışları, rəqs, mahnı müsabiqələri, intellektlər yarışı və s. tədbirlər keçirmək olar.
Klub üzvləri rübdə bir dəfədən az olmayaraq tədbirlər keçirməlidirlər. Kluba üzvlük olduqca sərbəstdir. Başqa elm ocaqlarından və xaricdən də üzvlər ola bilər. Klubun devizi, emblemi, möhürü, mahnısı, rəmzi, ənənəsi nəzərdə tutulur.
Qeyd edək ki, Əvəz Ələkbərov 1999-2006-cı illərdə maliyyə naziri vəzifəsində çalışıb.
Aqşin Kərimov