Modern.az

Avstraliyada Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Avstraliyada Azərbaycanın Müstəqillik Günü qeyd edilib

17 Oktyabr 2016, 15:54

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkənin Pert şəhərində təntənəli şəkildə qeyd edilib. Ənənəyə əsasən, öncə Pert şəhərində yerləşən Dövlət hərbi memorialın qarşısına əklilər qoyuldu. Müstəqillik uğrunda həlak olanların ruhu yad edildi. Veteranlardan ibarət olan hərbi qarovul tədbir iştirakçılarını salamladı. Azərbaycan və Avstraliyanın dövlət himnləri səsləndirildi.


Tədbiri açan Milli Məclislə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sabiq sədri Lyuk Simpkins öz çıxışında qonaqları salamlayaraq, qeyd etdi ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycan dövlət müstəqilliyini bərpa etmiş və 1991-ci il dekabrın 26-da Avstraliya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.


Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov çıxışında müstəqillik dövründə ölkəmizin keçdiyi inkişaf yolundan danışdı. O, Azərbaycanın siyasi, iqtisadi uğurlarını qeyd edərək, iki ölkə arasında bütün sahələrdə əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğuladı.


Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 25 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan danışdı. Bu uğurların qazanılmasında ölkə rəhbərliyinin uzaqgörən siyasətini xüsusi vurğuladı.


Millət vəkili yığıncaq iştirakçılarına Azərbaycan xalqının ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verərək, bütün beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyini dəstədiklərini bildirdi. Son dövrdə dünyada baş qaldıran ksenofobiya, irqi ayrıseçkilik, rasizm, antisemitizm və digər təhtidlərdən danışan Səməd Seyidov dedi ki, xalqlar bu çağırışların öhdəsindən gəlmək üçün birləşərək birgə mübarizə aparmalıdırlar. O, xüsusilə vurğuladı ki, multikulturalizm bu gün Azərbaycanda dövlət siyasətidir.


Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond Azərbaycan haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, bu  ölkə öz coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında körpü rolu  oynayır. Azərbaycanın tolerantlıq ənənələrindən söz açan Con Hammond bildirdi ki, Odlar diyarında insanlar dinindən,  millətindən asılı olmayaraq əsrlər boyu mehriban, dostluq, əmin-amanlıq şəraitində yaşamışlar.


Sonra Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar təntənəli ziyafət təşkil edildi. Azərbaycandakı tolerantlıq haqqında danışan millət vəkili Asim Mollazadə bu məsələnin bu günkü dünyada çox aktual olduğunu vurğuladı. Onun sözlərinə görə Azərbaycan dünyanın başqa ölkələrinə bu məsələdə nümunə ola bilər.


Tədbirdə çıxış edən Qərbi Avstraliyada Azərbaycanın fəxri konsul Aydan Rzayeva ölkəmizin regionda və dünyada rolundan danışdı. Yığıncaqda Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyev və digər rəsmi qonaqlar da iştirak edirdilər.


Ziyafətdə Qərbi Avstraliya parlamentinin deputati Elizabet Behjad çıxış etdi, Azərbaycan haqqında öz ürək sözlərini söylədi. Tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusunun nümayəndələri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan, Türk, Yəhudi icmalarının təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri iştirak edirdilər.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?