Modern.az

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyindən ETİRAZ: "Yerevan ofisinin şəffaflığı təmin olunsun"

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyindən ETİRAZ: "Yerevan ofisinin şəffaflığı təmin olunsun"

28 Yanvar 2017, 10:14

Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi qanuni əsaslı narahatlıqlardan çıxış edərək, ATƏT-in Yerevandakı Ofisinin son illər ərzində həyata keçirdiyi minalardan təmizləmə ilə bağlı fəaliyyətinə öz etirazını bildirib.

Bu haqda Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

ATƏT-dəki tərəf müqabillərinin əksəriyyəti məsləhətləşmələr zamanı ATƏT-in Yerevandakı Ofisinin minalardan təmizləmə ilə bağlı fəaliyyətini mandatın açıq-aşkar pozulması kimi qiymətləndiriblər. Yerevan ofisi Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişə ilə bağlı münaqişənin nizamlanması prosesi də daxil olmaqla, hər hansı bir fəaliyyətə cəlb oluna bilməz, bu ATƏT-in Minsk Qrupunun səlahiyyətlərinə müdaxilə deməkdir. Buna görə, Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT-in Yerevan ofisini öz mandatı çərçivəsində fəaliyyət göstərməyə məcbur etmək üçün müvafiq tədbirlər görülməsini xahiş edib.

 

Azərbaycan tərəfinin məsələ ilə bağlı haqlı narahatlığına cavab olaraq, Ermənistan özünün həmişəki girov götürmə ənənəsinə sadiq qalaraq, 31 dekabr 2016-cı il tarixində heç bir dəlil göstərmədən ATƏT-in Özbəkistan və Bişkekdəki Mərkəzlərinin Layihə Əlaqələndiriciləri, Rusiya-Ukrayna sərhədində yerləşən iki Rusiya sərhəd yoxlama məntəqəsindəki ATƏT müşahidəçilərinin müvafiq mandatlarının uzadılmasını, həmçinin ATƏT-in 2016-cı il üçün Vahid Büdcəsinə düzəlişlərə dair Qərarını blok edib. Ermənistan tərəfinin bu kimi şantaj hərəkətləri ATƏT-in bu mühüm missiyalarının funksiyalarını qeyri-işlək və öz nazından asılı vəziyyətə salıb, onların demək olar ki bağlanmasına səbəb olub.

Yalnız Ermənistanın xarici işlər naziri E.Nalbandyan ATƏT rəhbərliyi və Baş Katib ilə təcili məsləhətləşmələr üçün Vyanaya çağırıldıqdan sonra, Ermənistan tərəfi müvafiq qərarlar üzrə öz əsassız qadağasını geri götürməyə məcbur edilib.

 

Ermənistan ATƏT-in Yerevan Ofisinin ev sahibi statusundan sui-istifadə etmək üçün özünün şantaj siyasətini ATƏT-ə tətbiq etməkdə davam edir. Nəticədə, ATƏT-in Yerevan Ofisi tərəfindən mandatın pozulması cavabsız qalır və onun əməliyyat fəaliyyəti dayandırılmış vəziyyətdədir.

 

Məsələ ilə bağlı Azərbaycanın mövqeyi konstruktiv və prinsipial olaraq qalır. ATƏT-in Yerevan Ofisinin fəaliyyətinin şəffaf olması, ATƏT qarşısında məsuliyyət daşıması və mandat çərçivəsində həyata keçirilməsi təmin olunmalıdır. Daimi Nümayəndəlik ümid edir ki, ATƏT öz prinsipləri, ortaq dəyərləri və öhdəliklərini güdaza verməyərək həmrəylik və birlik formasında Ermənistan tərəfindən yaradılan bu növbəti problemin də öhdəsindən gələcək. 

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər