Modern.az

AXC deputatları maaşlarını ala bilməyən məmurlara qarşı - "Onlara niyə bəxşiş verilməlidir?!"

AXC deputatları maaşlarını ala bilməyən məmurlara qarşı -

Mədəni̇yyət

2 May 2018, 01:13

Artıq Cümhuriyyət ayının ikinci gününü yaşayırıq. 26 gündən sonra bu şanlı tarixin 100-cü ildönümü tamam olacaq. 

 

Modern.az həm bu, həm də 2018-ci ilin "Xalq Cümhuriyyəti" ili olması münasibətilə ADR-ə aid silsilə yazılarını davam etdirir:

 

Bu dəfə Cümhuriyyət məmurları və nazirlərin maaş,  gecikdirilən maaşlarının Novruz bayramında aldıqları haqqında faktı təqdim edirik.

 

Deməli, Cümhuriyyət parlamentinin 1919-cu il 19 mart yəni Novruz bayramı ərəfəsində keçirilən bayram ruhiyyəli iclasında hökumət bir neçə aydır ki, maaş ala bilməyən məmurlarını bu cür sevidirir. Bu məsələ parlamentdə müzakirə ediləndə əvvəlcə sədr Həsən bəy Ağayev danışır və konkret rəqəmlərlə çıxış edir:

 

“Növbədəki məsələ hökumət məmurlarına bayram münasibəti ilə bir dəfəlik fevral maaşının 75 faiz əlavəsi ilə müavinəti-nəqdiyyə verilməsi üçün hökumət maliyyə və büdcə komissiyonuna bir layihə təqdim etmişdir. Maliyyə komissiyası həmən layihəyə baxıb böylə qərar verdi: Əvvəla bu müavinəti-nəqdiyyə nə üçün təklif olunur. Hökumət bu bəyannaməsində səbəb olmaq üzrə göstərir ki, hamıya məlumdur, bahalıq günü- gündən artır, maaş çatışmır, hökumət bu barədə lazım bilir ki, bütün idarələrdə qulluqçuların məvaciblərini artırsın. Ona da beynəl idarə bir komissiyon təşkil edilib bu komissiyaya da 15 nəzarətin vəkilləri daxil olubdur. Bu komissiya müzakiratında və komissiya məkulatın bahalanması davamını nəzərə almayıb müzakiratında davamla işini bitirə bilmir. Yalnız bir proje hazır edibdir. Ona görə hökumət təklif edir ki, fevral ayının məvacibindən başqa müavinəti-nəqdiyyə olmaq üzrə həmən məvacibin 75 faizi də birdəfəlik verilsin və bu müavinəti-nəqdiyəyi Novruz bayramı münasibəti ilə verməyi təklif edir. Büdcə və maliyyə komissiyası layihəyə baxıb bir qədər təbdil etdikdən sonra parlamentə təqdim edir. Hökumət təklif edir ki, bütün idarə məmurlarına 75 faiz müavinəti-nəqdiyyə verilsin. Amma komissiyon isə təklif edir ki, bütün qulluqçuları üç qismə bölmək. Birinci qismi 1400 manatadək maaş alana 70 faiz, 1400-dən 2000-dək alana 60 faiz, 2000-dən artıq alana 40 faiz verilsin. Bu təbəddülatdan başqa bütün layihə qəbul edilmişdir. Və layihə də belədir. (oxuyur).

 

Hökumət idarələri qulluqçularına Novruz bayramı münasibətilə birdəfəlik müavinəti-nəqdiyyə verilməsi haqqında qanun layihəsi:

1. Novruz bayramı münasibəti ilə bütün hökumət idarələrinin heyəti və gərək qeyri heyəti qulluqçularına bu sənə fevral maaşının 75 faizi miqdarında bir dəfəlik müavinəti-nəqdiyyə verməli.

 

2. Birinci maddədə zikr olunan müavinəti-nəqdiyyəyi almaq haqqı hərbiyyə idarələri qulluqçularına və bu sənə yanvar və fevral aylarında artırılmış olan digər idarə qulluqçularına aid deyildir.

 

3. Bir dəfəlik müavinət-nəqdiyyə almaq haqqı fevral ayının 28-ə qədər Azərbaycan hökuməti qulluğunda bulunan xidmətçilərə aiddir.

 

Lakin bu qanun layihəsini hamı razılıqla qəbul etmir. Bir neçə deputat buna kəskin etiraz edir. Aralarında ən məşhuru isə Əhməd bəy Pepinov olub:

“Əfəndilər! Sosialistlər fraksiyası əsas etibarı ilə bu layihənin əleyhinədir. Bu barədə hökumətin göstərdiyi dəlildən anlaşılır ki, həqiqətən hökumət qulluqçuları aldıqları məvacib ilə çətin keçinirlər. Bu müşkül vəziyyətdən onları qurtarmaq üçün yalnız bir dəfəyə məxsus olmaq üzrə bayram münasibəti ilə 75 faiz müavinəti-nəqdiyyə verilsin, böyləliklə bəlkə bayram əyyamını bir dərəcə yaxşı keçirə bilsinlər, bu çətin əhvallarda bir az məmurlara kömək olsun. Biz isə deyiriz ki, hər bir qulluqçuya, hər bir zəhmətkeşə öz işlədiyinə, öz xidmətinə və zəhmətinə görə para versin, tainki qulluqçuya aldığı maaş ilə özünü dolandırmaq mümkün olsun, nəinki onlara bəxşiş verilsin. Bu pul bəxşişdir. Bunu biz rədd ediriz. Bu bəxşişin məmurlara verilməsinə tərəfdar olmayırız. İkinci məsələ də budur ki, müavinəti-nəqdiyyə hamıya verilmir. Əzcümlə dəmir yol qulluqçularına aid deyildir. Bu yaxın zamanda onların maaşı artırıldığına görə bəxşişdən məhrum edilirlər. Hökumət özü qulluqçularının aldıqları məvacib ilə əzlərini idarə edə bilmədiklərini bilir və bunu nəzərə alaraq məvaciblərin artırılması üçün bir beynülidarə komissiyon təşkil etmişdir. Bu komissiyon məvacibləri artıracaq və bu sürətlə qulluqçulara insan kimi yaşamaq imkanı verəcəkdir. Amma komissiya öz fəaliyyətində hənuz bir nəticə göstərməmişdir. Heç olmazsa bir ay zərfində deyə bilərdi ki, hökumət qulluqçularına nə qədər verməlidir və bir də bu müavinəti-nəqdiyyə niyə 60-70 faiz olub 100 və ya 50 və qeyri miqdarda verilmir. Bunun da səbəbi bizə məlum deyildir. Əlimizdə bir şey yoxdur ki, bu faizlərin miqdarını təyin edək və yaxud müəyyən bir qayda yox ki, qiyas edək olçək. Yenə bir məsələ var ki, məlum olmur hökumət xəzinəsindən bu barədə nə qədər para veriləcəkdir. 5-10-100 milyon, nə qədər? Bu pul bəlkə bayramın axırınadək bizə çatmayacaq və bugünkü sualda görəcəksiniz ki, əmələlər və fəhlələr hələ fevral məvacibini almamışlardır. Buna görə də tətillər başlanıb, hətta Nobel əmələləri tətil etmişlərdir”.

 

Səhəri gün dövri mətbuatda məmurların Novruz bayramında müavimət alması barəsində silsilə xəbərlər dərc olundu...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir