Modern.az

Cocuq Mərcanlıya ikinci köç yekunlaşdı - 100 yox, 56 ailə köçürüldü

Cocuq Mərcanlıya ikinci köç yekunlaşdı - 100 yox, 56 ailə köçürüldü

1 İyul 2018, 13:30

Səbəb məcburi köçkünlərin məskunlaşdıqları evləri təhvil verməkdən imtinasıdır... 


Cəbrayıl rayonunun erməni işğalından azad edilən Cocuq Mərcanlı kəndinə ikinci köç yekunlaşıb. 

Bu barədə Modern.az-a Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov bildirib. 

X.Zeynalovun sözlərinə görə, ikinci köç başlayandan kəndə 56 ailə köçürülüb: 

“Əvvəlcədən də sizə məlumat verdiyim kimi, köç zamanı bəzi ailələr məskunlaşdıqları yerdəki evləri təhvil vermədiyindən, onlara Cocuq Mərcanlıda ev verilməsi nəzərdə tutulmayıb. Qaydalara görə, köçkün ailəyə yalnız 1 mənzil verilə bilər. Narazılıq yaradanlar isə bir evi olub, Cocuq Mərcanlıda da daha bir ev istəyənlərdir”. 

Kənd rəsmisi qeyd edib ki, problemli ailələrlə bağlı yeni siyahı hazırlanır: 

“İkinci köç yekunlaşsa da, yaxın günlərdə əlavə siyahı hazırlanacaq. Çünki həmin ailələrdən təxminən 10-u könüllü surətdə məskunlaşdıqları yerdəki mənzillərini “Qaçqınkom”a təhvil verib Cocuq Mərcanlıya qayıtmaq istədiklərini bildiriblər. Bunlar nəzərə alınıb və onların kəndə qayıdışı təmin ediləcək”. 

Xatırladaq ki, Cocuq Mərcanlıya ikinci köç zamanı əsasən Bakı və Biləsuvarda məskunlaşan cəbrayıllılar köçürülüb.  

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Cocuq Mərcanlıda daha 100 fərdi ev inşa edilib. Burada 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası və digər zəruri infrastruktur obyektləri tikilib. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətləri çəkilib. Bütün infrastruktura malik qəsəbədə sakinlərin yaşayışı üçün hər cür şərait yaradılıb. 

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Birinci mərhələdə qəsəbədəki evlərə 2017-ci ilin iyul ayında Cocuq Mərcanlı kəndindən olan müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu