Modern.az

AXC ilə bağlı yeni ARAŞDIRMA: Bəziləri Almaniyada...

AXC ilə bağlı yeni ARAŞDIRMA: Bəziləri Almaniyada...

Mədəni̇yyət

5 Oktyabr 2018, 14:19

“Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə çap edilən “Cümhuriyyət qurucuları” kitabımın artıq ikinci basqısı hazırlanır”.

 

Bu barədə Modern.az-a AXC haqqında araşdırmalarındakı yeniliklərdən danışarkən tarixçi alim Nəsiman Yaqublu məlumat verib. O diqqətə çatdırıb ki, bir sıra Avropa ölkələrinin arxivlərindən istifadə edərək, Cümhuriyyət qurucularının bu ölkələrdəki fəaliyyəti ilə bağlı ciddi araşdırmalar  aparmaq niyyətindədir:

“Yaxın zamanda mütləq yeni araşdırmalara başlayacağam. Çünki Cümhuriyyət qurucularının fəaliyyətini əks etdirən qiymətli sənədlər olsa da bu, az araşdırılıb. Azərbaycan ziyalılarının 1920-30-cu illərdə Avropa ölkələrinin tarixində mühüm izləri var. “Soyuq müharibə” dövründə Cümhuriyyət qurucularının aktiv fəaliyyəti, beynəlxalq təşkilatlarda, elmi konfranslarda iştirakı və çıxışları olub. Hətta Amerika Birləşmiş Ştatları ilə də əlaqələri olan ziyalılarımızdan bəziləri Almaniyada həmin dövrdə olan SSRİ-ni öyrənmə institutunda fəaliyyət göstəriblər. Bütün bunlar əhatəli araşdırılmalıdır”.

 

Nəsiman Yaqublu həmçinin qeyd edib ki, Cümhuriyyət qurucularının mühacirət mətbuatındakı yazıları toplanılıb, ayrıca çap edilməlidir.

 

“Onlar tək Azərbaycan mühacirət mətbuatında deyil, ayrı-ayrı ölkələrin mühacirət mətbuatında əhəmiyyətli yazılarla çıxış ediblər. Gürcülərin, dağlıların, tatarların mətbuatında yer alan ziyalılarımızın yazıları Azərbaycan dilində dərc edilməlidir”.

 

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycanın Əməkdar rəssamı Rəis Rəsulzadə isə “Cümhuriyyət ili” ilə bağlı tədbirlərin davam etdirildiyini söyləyib. Onun fikrincə, Cümhuriyyətin yubileyi həm cəmiyyət, həm də dövlət qurumları tərəfindən təntənəli qeyd olundu:

 

“Bu il demək olar, bütün vaxtım tədbirlərdə keçdi. Elə qurumlar var, gözləmədiyim şəkildə maraqlı Cümhuriyyət tədbirləri həyata keçirdilər. Məni də dəvət edirlər. Xarici ölkələrdə keçirilən tədbirlərə də çağırdılar. Amerikada, İsveçrədə, Türkiyədə və s. ölkələrdə gurultulu Cümhuriyyət tədbirləri həyata keçirildi.

 

Məhəmməd Əmin Rəsulzadə ilə bağlı araşdırmalar hələ bitməyib. Yeni məktublar, sənədlər ortaya çıxarılır. Babamın, o cümlədən digər Cümhuriyyət qurucularının irsi çox genişdir. Bu tarixi faktıların dərindən öyrənilməsinə ehtiyac var. Diaspora da səviyyəsində Azərbaycan Xalq Cümhuriyyətinin, onun qurucusu olan ziyalıların təbliğ edilməsi vacibdir”.

 

Rəis Rəsulzadə bildirib ki, “Cümhuriyyət ili” çərçivəsində görülən işlər sırasına Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılması da daxil edilməli idi:

 

“Bu irsi daha geniş, dərindən təbliğ etmək mütləqdir. Bunun üçün muzeylərin yaradılması, Məhəmməd Əmin Rəsulzadənin evində, yaxud digər məkanlarda “Cümhuriyyət muzeyi”nin təsis edilməsi yaxşı olardı”.

 

Aysel ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir