Modern.az

Putin Fərman Salmanovla bağlı sərəncam verəcək  

Putin Fərman Salmanovla bağlı sərəncam verəcək   

5 Dekabr 2018, 11:00

Rusiyada hava limanlarına ölkənin görkəmli şəxslərinin adının verilməsi ilə bağlı keçirilən “Rusiyanın böyük adları” müsabiqəsinin səsverməsi yekunlaşıb.

Səsvermədə 5 milyondan çox insan iştirak edib və respondentlər Rusiyanın federal və beynəlxalq əhəmiyyətli 47 böyük hava limanının adını müəyyənləşdiriblər.

Səsvermə nəticəsində səs çoxluğu ilə Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.

Surqutda yaşayan və Xanti-Mansiysk muxtar dairəsi Yuqra üzrə ümumrusiya azərbaycanlıları konqresinin sədri   Azad Seyidov Modern.az-a açıqlamasında Surqut hava limanına azərbaycanlının adının verilməsini sevindirici hadisə adlandırıb:
 

“Surqut hava limanına Fərman Salmanovun adının verilməsi sevindiricidir. Bu işdə bütün azərbaycanlıların əməyi var. Fərman Salmanovun adının hava limanına verilməsi üçün səsverməyə qatılan azərbaycanlılar aktiv iştirak etməklə yanaşı, həm də narahat idilər. Nə yaxşı ki, nəticələr xeyrimizə yekunlaşdı. Surqut şəhərində yaşadığıma görə məsuliyyət daşıdığımı da söyləyə bilərəm”.


Azad Seyidov səsvermədə digər xalqların iştirakından da danışıb:

“Səsvermədə azərbaycanlılarla yanaşı, digər xalqlar da iştirak edirdi. Yerli rus xalqı öz səsinin çoxunu Fərman Salmanova veriblər. Ləzgi, gürcü və digər xalqlarla  söhbət zamanı Fərman Salmanova səs verdiklərini deyirdilər. Hətta bədnam qonşularımız bu işdə də  “aktiv” olublar. Yermakın daha çox səs toplamasında ermənilər canfəşanlıq göstəriblər”.

Surqut hava limanına Fərman Salmanovun adının verilməsi qərarının Rusiya prezidenti tərəfindən rəsmən imzalanmasına gəlincə, təşkilat rəhbəri bun da təsdiqlənəcəyini söyləyib:

“Bir neçə şəhərdə ikinci tur keçiriləcək. Güman ki, ondan sonra məsələ rəsmiləşəcək. O da ola bilər ki birinci mərhələdə  təsdiqini tapmış şəhərlərin nəticəsini Vladimir Putin daha tez imzalayacaq. Sadəcə, onu demək olar ki, Surqut və Fərman Salmanovla bağlı məsələ təsdiqini tapıb. Buməsələ 100 faiz rəsmiləşəcək və başqa cür də ola bilməz. Dünən komissiya tərəfindən bir daha söylənildi ki, Fərman Salmanov Rusiyanın taleyini həll etmiş şəxsiyyətdir”.


Qeyd edək ki, Fərman Salmanov 1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutunda ali təhsil alaraq, 1954-cü ildə həmin institutun geoloji kəşfiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə hələ erkən yaşlarından geoloji ekspedisiyada sıravi işçi kimi başlayan Fərman Salmanov 1954-1959-cu illərdə Novosibirsk geologiya idarəsində geoloq, böyük geoloq, neft kəşfiyyatı ekspedisiyasının rəisi olub. 1959-cu ildə Tümen Ərazi Geologiya İdarəsi Surqut neft kəşfiyyatı ekspedisiyasının rəisi vəzifəsinə təyin edilən Fərman Salmanov 1962-1964-cü illərdə Ust-Balık ekspedisiyasının baş geoloqu, 1964-1970-ci illərdə Pravdinsk neft kəşfiyyatı ekspedisiyasının rəisi, 1970-1987-ci illərdə Tümen Baş Geologiya İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışıb.

Fərman Salmanov 1987-1991-ci illərdə SSRİ geologiya nazirinin müavini olub, 1992-ci ildən “Rospan İnternəşnl” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, 2002-ci ildən isə “İtera” şirkəti Direktorlar şurası sədrinin müşaviri, eləcə də “Yuqneftqaz” cəmiyyəti Direktorlar şurasının sədri işləyib. Bütün həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edən Fərman Salmanovun adı dünya neft tarixinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olub. O, heç bir neft ehtiyatının olmadığı iddia edilən Qərbi Sibirdə 1961-ci ildə ilk neft yataqlarını üzə çıxarıb. Fərman Salmanovun rəhbərliyi altında karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq irihəcmli yataq kəşf edilərək istismara verilib. Məhz həmin yataqların işlənilməsi sayəsində keçmiş Sovetlər İttifaqı dünyanın ən çox neft və qaz ixrac edən ölkələri sırasına çıxıb. Fərman Salmanovun şəxsiyyətində tədqiqatçı alim səriştəsi, peşəkar neftçi istedadı, dövlət və ictimai xadim təcrübəsi vəhdət təşkil edib. İstehsalatda uğurlarını elmi fəaliyyətlə səmərəli şəkildə əlaqələndirən alim 1972-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi alıb. O, 1989-cu ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib. Tanınmış geoloq-alimin neft və qaz geologiyası sahəsində fundamental axtarışlarının nəticələri mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilib və ixtisaslı neftçi kadrların yetişdirilməsində mühüm rol oynayıb. Fərman Salmanovun ictimai xadim kimi fəaliyyəti zəngin və təqdirəlayiq idi. Ayrı-ayrı illərdə Azərbaycanın və Rusiyanın ali məclislərinin deputatı olmuş Fərman Salmanov iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi işinə kömək göstərib, Rusiyada Azərbaycan diasporunun formalaşdırılması və inkişaf etdirilməsində böyük əmək sərf edib. Fərman Salmanov neft sənayesinin inkişafındakı xidmətlərinə görə bir çox fəxri adlarla, müxtəlif orden və medallarla təltif edilib, müstəqil Azərbaycanın ali mükafatına - “Şöhrət” ordeninə layiq görülüb.


Görkəmli neftçi, mühəndis-geoloq, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanov 2007-ci il martın 31-də ömrünün 79-cu ilində vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...