Modern.az

Ofeliya Aslan - 80

Ofeliya Aslan - 80

26 Yanvar 2019, 20:49

Bəzən insanın bəxtinə şöhrətdən pay düşsə də, şəxsi həyatında çətinlikləri çox olur. Doğru deyiblər, bu dünya bir imtahandır. Nədənsə Tanrı öz bəndələrinə hərtərfli bəxtəvərlik bəxş etmir. Necə deyərlər, bir yolu açanda birini bağlayır, sanki imtahana çəkir. Beləliklə insan tamamilə xoşbəxt ola bilmir. Bəlkə də bu ona görədir ki, heç kim müqəddəsləşə bilməsin. Axı yeganə müqəddəs, səcdəyə layiq Tanrının özüdür…

Onun da dünya malından hər şeyi var idi - nüfuz, istedad, ailə və şöhrət... Amma dərdləri də az deyildi…

Ofeliya xanım 1939-cu ildə Bakıda dünyaya gəlmişdi. Məşhur aktyor Səyavuş Aslanla ailə qurandan sonra, əvvəlcə Aslanova, sonra isə Aslan soyadları ilə təqdim olunurdu. Aktyorluğa 1956-cı ildə Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında başlamışdı. 1958-1961-ci illrdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmişdi.1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı xorunda oxuyub. 1965-1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub. 

1977-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb.

18 may 2010-cu ildə 2-illik xəstəlikdən sonra 71 yaşında ürək tutmasından dünyasını dəyişib.

Heç bir fəxri ad, mükafatla təltif olunmasa da, xalq arasında istedadı ilə şöhrət qazanmışdı...

Yaşasaydı yanvarın 27-də 80 yaşı tamam olacaqdı. Onun əbədi səfər etdiyi yerə nə vaxtsa hamımız gedəcəyik. Qoy, ehtiramla yazılmış bu təbrik mətninin hər kəlməsi rəhmətə dönüb, yubiley günündə onun ruhuna qovuşsun…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər