Modern.az

Kəlbəcərli topçunun “gözləyən” topları  

Kəlbəcərli topçunun “gözləyən” topları   

Mədəni̇yyət

2 Aprel 2019, 10:14

Orxan Əli


Təxminən 4-5 il əvvəl Azərbaycanın ən yüksək nöqələrindən birində yerləşən postda əsgərlərlə görüşə getmişdik. Keçilməz dağlardakı daşlı cığırlarla 2 saatdan çox yol gedəndən sonra posta çatdıq. Buranın bir özəlliyi var idi. Dağlar arasında yerləşən postla üzbəüz Kəlbəcər rayonunun ərazisi idi. İki uca sıldırımlı qayaları olan dağları eni 300-400 metr olan yarğan ayırırdı.

İşğal altında olan Vətən torpağının qoxusunu doyunca içimə çəkib nəfəs aldım. Bir anlıq xəyla daldım... Qarşı tərəfdə bizi ilərdir gözləyən torpağın həsrəti və mənim hicran dolu baxışlarımın apardığı xəyallardan ayrılmağıma səbəb “hər gün mən də dayanıb baxıram” sözləri ayırdı.

4-6 metr aralıda əynində hərbi forma, təxminən 40-45 yaşında bir hərbçi dayanmışdı. Üzündən mərdlik, cəsarət və mübarizə əzmi duyulan kişi mənə yaxınlaşdı.
“Baxdığın yerlər mənim doğulduğum torpaqlardır. Hər daşında, qarışında xatirələrim olan Vətənimdir. Hər gün burda durub həsrətlə baxıram. 20 ildir baxıram… ”.

Onun gözlərindəki parıltıda qələbə əzmini duydum. O qədər cəsarətli danışırdı ki, bir anlıq içimdən “bu insan bəsdir mənə, elə bununla Qarabağa gedə bilərəm” dedim. O isə sözlərinə davam edirdi: “Bax, o təpələrin üstündəki topları görürsən. Onları mən qurmuşam. Gözləyirəm. Bircə əmr gəlsə, 1 saata Vətəndə olaraq. O topların hamısı qarşıdakı mövqeləri bir göz qırpımında dağıdacaq. Ardı isə heç… Mən o cığırları gözüyumulu keçərəm. Hamısını bilirəm. Çox adam lazım deyil. Bircə batalyon lazımdır ki, Kəlbəcərə girim. Amma…”.

O, susdu. Gözündə iki damla yaş parıldadı. Bir anlıq dönüb təpənin üstündəki toplara baxdı və getdi.

P.S. Ətrafa bir səssizlik çökdü sanki. Amma bir anlıq qulağıma top səsinin gurultusu gəldi. Sanki 20 ildir gözləyən toplar artıq öz komandirinin bu sözlərindən sonra susmaq istəmirdi. Atəş açırdı… “Vaxtdır, qayıdırıq” sözləri məni bu xəyallardan da ayırdı. Yenə ətrafa səssizlik çökdü. Gedəndə dönüb illərdir gözləyən toplara baxdım. “İnşallah, darıxmayın, yaxında arzunuza çatar, bizi də çatdırarsınız” deyə pıçıldadım…

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi