Modern.az

“Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu  

“Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu  

24 May 2019, 13:20

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi və Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə Rizvan Hüseynovun “ Азербайджан и армянский вопрос на Кавказе” (Qafqazda Azərbaycan və erməni məsələsi) kitabının müzakirəsi keçirilib.

 

Modern.az xəbər verir ki, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva kitabın əhəmiyyətindən danışıb, yeni nəşri  müəllifin zəngin araşdırma və tədqiqat işinin məhsulu kimi qiymətləndirib. O, kitabınmüxtəlif mənbələrdən faydalanaraq sadə, anlaşıqlı və kifayət qədər tutarlı tarixi faktlarla yazıldığını söyləyib.

 

“Ümumqafqaz” evinin təsisçisi, Daxili İşlər Nazirliyinin istefada olan general-mayoru Kamil Məmmədov kitabın aktual mövzuya həsr olunduğunu qeyd edib, nəşrin  işıq üzü görməsini mühüm hadisə olduğunu vurğulayıb.

 

Kamil Məmmədov çıxışında bildirib ki, kitabda Cənubi Qafqaz regionunda məskunlaşdırma siyasəti və onun doğurduğu nəticələr ön planda dayanır.

 

Cənubi Qafqaz regionu çar Rusiyası tərəfindən işğal edildikdən sonra burada, xüsusilə də Azərbaycanda məqsədyönlü məskunlaşdırma siyasəti həyata keçirilib. Yeni əraziləri işğal edən rus çarları yerli əhaliyə güvənməyərək, daim bu ərazilərdə xristianlardan təşkil olunan sadiq təbəələri məskunlaşdırmağa çalışıblar.

 

Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov kitabda toplanan tarixi faktların həqiqətə söykəndiyini və oxucular üçün aydın tarixi mənzərə yaratdığını söyləyib. O bildirib ki, kitab həm siyasi, həm həm tarixi baxımından əhəmiyyətlidir, kitabda bir çox qaranlıq və mübahisəli məqamlara aydınlıq gətirilib. Natiq kitabda Azərbaycan tarixinin dolğun və əhatəli şəkildə əks olunduğunu və “mənbəşünaslıq” baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

 

Beynəlxalq münasibələr kafedrasının dosenti Namiq Əsədov və Qafqazşünaslıq kafedrasının dosenti Namiq Kərimov nəşrin gələcəkdə aparılacaq tədqiqatlar üçün önəmli tarixi mənbəyə çevriləcəyini vurğulayıblar.

 

Müəllif, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Qafqaz tarixi mərkəzinin direktoru Rizvan Hüseynov tədbir iştirakçılarına, universitet rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü bildirib, kitabın geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu və kitabda yeni tarixi istinadlara yer ayrıldığını söyləyib.

 

Tədbir tələbələrin sualları ilə başa çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir