2023-cü ildə ilk dəfə təşkil edilən Şuşa Qlobal Media Forumu qısa müddət ərzində dünyanın diqqət yetirdiyi media platformalarından birinə çevrilib. Lakin budəfəki - IV Şuşa Qlobal Media Forumu əvvəlki üç tədbirdən yalnız iştirakçı sayına və ya proqramına görə fərqlənmədi. Əsas dəyişiklik onun mahiyyətində idi.
Əgər ilk forum Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan həqiqətlərini xarici jurnalistlərə yerində göstərmək məqsədi daşıyırdısa, artıq IV Forum tamamilə başqa mərhələyə keçidi nümayiş etdirdi. Şuşa bu dəfə yalnız media nümayəndələrinin toplandığı məkan deyil, qlobal geosiyasi proseslərin müzakirə olunduğu kommunikasiya platforması kimi çıxış etdi. Bu dəyişiklik təsadüfi deyil. Şuşanın missiyası dəyişib Birinci forumun əsas gündəmi işğalın nəticələri idi. İkinci forum dezinformasiyaya qarşı mübarizə və postmünaqişə dövründə medianın roluna həsr olunmuşdu. Üçüncü forum süni intellekt, rəqəmsal transformasiya və yeni media texnologiyalarını ön plana çıxardı. IV Forum isə tamam başqa müstəviyə keçdi.
Artıq müzakirə olunan mövzular Qarabağdan xeyli kənara çıxaraq İran-ABŞ münasibətləri, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən hadisələr, enerji təhlükəsizliyi, Zəngəzur dəhlizi, süni intellekt, informasiya müharibələri və beynəlxalq təhlükəsizlik kimi qlobal gündəliyi əhatə etdi. Bu isə göstərdi ki, Şuşa artıq yalnız Azərbaycanın deyil, regionun informasiya diplomatiyasının mühüm platformasına çevrilir.
Əslində, Forumun mövzusu da bunu təsdiqləyirdi:
"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması".
Bu mövzu hazırkı beynəlxalq şəraitdə təsadüfi seçilməmişdi. Azərbaycan-Ermənistan sülh danışıqları davam edir, eyni zamanda regionun həm şimalında, həm də cənubunda silahlı qarşıdurmalar davam edir. Belə bir şəraitdə medianın üzərinə düşən məsuliyyət əvvəlki illərlə müqayisədə daha böyükdür.
"Bizim.Media” informasiya portalının baş redaktoru Anar Tahirov Modern.az-a açıqlamasında məhz bu məqama diqqət çəkərək bunları deyib:
"Sülhün təşviqində medianın üzərinə xüsusi məsuliyyət düşür. Mətbuat həqiqətin bərpası və etimadın qurulmasında əvəzsiz rola malikdir və bu istiqamətdə aktiv fəaliyyət göstərməlidir".
Bu baxımdan forum təkcə media haqqında tədbir deyildi. Burada medianın beynəlxalq münasibətlərdə siyasi aktora çevrilməsi müzakirə olunurdu.

Forumun əsas hadisəsi: üç saatlıq açıq dialoq
Budəfəki Forumun ən çox müzakirə olunan hissəsi Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri ilə keçirdiyi təxminən üç saatlıq açıq sual-cavab sessiyası oldu. Burada əsas diqqət çəkən məqam vaxtın uzunluğu yox, format idi. Müxtəlif ölkələrdən gəlmiş jurnalistlər əvvəlcədən məhdudlaşdırılmayan mövzular üzrə sərbəst suallar ünvanladılar. Söhbət təkcə Qarabağdan getmirdi. İran-ABŞ qarşıdurması, Rusiya-Ukrayna müharibəsi, Avropa İttifaqı, enerji təhlükəsizliyi, Türkiyə ilə münasibətlər, Zəngəzur dəhlizi, Cənubi Qafqazın gələcəyi və digər həssas mövzular müzakirə edildi. Prezident İlham Əliyevin heç bir qeyd aparmadan bütün sualları cavablandırması xarici media nümayəndələrinin də diqqətindən yayınmadı.
Türkiyənin "Yeşil Iğdır" qəzetinin baş redaktoru Cabbar Şıktaş Modern.az-a bildirib ki, dövlət başçısının müxtəlif mövzular üzrə sualları yadda saxlayaraq ətraflı cavablandırması forumun ən yaddaqalan hissəsi idi.
Pakistan TV-nin rəhbəri Adil Şahzeb isə bu formatı "özünəinam və şəffaflığın göstəricisi" adlandırıb.
Əslində, forumun beynəlxalq rezonans doğurmasının əsas səbəblərindən biri də məhz bu açıq dialoq idi.
Qarabağ artıq dağıntılarla deyil, inkişaf modeli ilə təqdim olunur
IV Forumun əvvəlkilərdən ən ciddi fərqlərindən biri də xarici jurnalistlərin Qarabağda gördükləri mənzərə idi. 2023-cü ildə forum iştirakçıları əsasən dağıdılmış şəhərləri, mina təhlükəsini və bərpanın ilk mərhələsini müşahidə edirdilər. Bu dəfə isə mənzərə tamamilə dəyişmişdi:Yeni magistral yollar, tunellər, beynəlxalq hava limanları, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, Xankəndidə və Şuşada bərpa olunan sosial infrastruktur. Yəni artıq əsas mesaj işğalın yox, "Böyük Qayıdış"ın real nəticələri idi. Bu da Azərbaycanın kommunikasiya strategiyasında yeni mərhələnin başlandığını göstərir. Anar Tahirovun fikrrincə, xarici jurnalistlərin Şuşa və Xankəndiyə səfəri Azərbaycan həqiqətlərinin təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Media diplomatiyası artıq sistemli xarakter alır
IV Forum yalnız panel müzakirələri ilə yadda qalmadı. Prezident Administrasiyasının rəhbər şəxslərinin, xüsusilə Prezidentin köməkçisi Hikmət Hacıyevin müxtəlif ölkələrdən gəlmiş media nümayəndələri ilə keçirdiyi görüşlər göstərdi ki, Azərbaycan artıq media ilə əlaqələri yalnız forum günləri ilə məhdudlaşdırmır. Bu görüşlər informasiya siyasətinin institusional xarakter aldığını nümayiş etdirirdi. Başqa sözlə, Şuşa Forumu birdəfəlik tədbirdən daha çox davamlı media diplomatiyası mexanizminə çevrilir. Türkiyə mediasının fəallığı yeni tendensiyadır. Budəfəki forumun başqa bir fərqi Türkiyə mediasının əvvəlki illərlə müqayisədə daha fəal iştirak etməsi oldu. TRT, Anadolu Agentliyi, "Yeşil Iğdır", "15 Temmuz", "Pusula" və digər media qurumları forumu geniş işıqlandırdı. Diqqətçəkən məqam ondan ibarətdir ki, onlar yalnız forum haqqında xəbər verməklə kifayətlənmədilər. Qarabağdakı yenidənqurma işləri, Şuşadakı dəyişikliklər, Prezident İlham Əliyevin çıxışı və Azərbaycan-Türkiyə münasibətləri barədə ayrıca reportajlar hazırladılar. Bu, forumun beynəlxalq media üçün informasiya mənbəyinə çevrildiyini göstərən mühüm göstəricidir.

Forumun beynəlxalq çəkisi artır
IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160-a yaxın media nümayəndəsinin iştirak etməsi təsadüfi statistika deyil. Bu, forumun beynəlxalq nüfuzunun hər il artdığını göstərir. Əgər ilk forum daha çox Qarabağla maraqlanan jurnalistləri cəlb edirdisə, bu il iştirakçılar arasında Yaxın Şərq, Avropa, Asiya və Balkan ölkələrinin aparıcı media qurumlarının rəhbərləri də yer alırdı. Bu isə forumun regional tədbirdən qlobal media platformasına çevrilməsi prosesini sürətləndirir.
IV Forum yeni mərhələnin başlanğıcıdır
Dörd forumun müqayisəsi göstərir ki, Şuşa Qlobal Media Forumu hər il həm məzmun, həm də funksiya baxımından inkişaf edir. İlk forum Qarabağ həqiqətlərinin dünyaya çatdırılması missiyasını daşıyırdı. IV Forum isə artıq Azərbaycanın beynəlxalq kommunikasiya strategiyasının əsas platformalarından biri kimi çıxış etdi. Burada yalnız media problemləri deyil, qlobal təhlükəsizlik, regional sabitlik, sülh prosesi və beynəlxalq informasiya siyasəti müzakirə olundu. Bu isə onu göstərir ki, Şuşa artıq sadəcə beynəlxalq media forumunun keçirildiyi şəhər deyil. Şuşa qlobal informasiya müzakirələrinin aparıldığı, Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırıldığı və media diplomatiyasının praktikada tətbiq olunduğu strateji platformaya çevrilməkdədir.