Modern.az

4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq...

4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq...

18 İyun 2019, 16:01

Nadir Qocabəyli 

“Feysbuk” əhli özünə maraqlı əyləncə tapıb. Biri bir nazir, deputat, məmur haqqında nəsə yazır, ya ondan bir sitat gətirir (çox zaman təhrif olunmuş), ya da nəsə bir əməli haqqında yazır, yaxud villasının şəklini paylaşır...

Və bundan sonra söz verilir şərhçilərə. İlahi, dünyada nə qədər səviyyəsiz, düşük, təhqiramiz söz, lağlağı, söyüş varsa, hamısı həmin insanın ünvanına göndərilir...

Bu adamlar bu cür boşboğazlıqla, çərənçiliklə gün keçirərək, özlərini boşaldır, stress atırlar. Özü də fikir vermişəm, kim reaksiya vermirsə, onu daha çox təhqir edir və söyürlər...

Tanış mənzərədir, deyilmi...

Özü də danışmayanla işləri yoxdur. Məsələn, Milli Məclisdə 4-5 danışan deputat var və ancaq onlar söyülür. 5 il yuxulayanlar haqqında heç kəs heç nə demir. Tahir Kərimli filan şey dedi... 500 dənə söyüş! Aqil Abbas filan şey danışdı - 1000 söyüş! Hadı Rəcəbli ağzından nəsə qaçırtdı - 2 min söyüş, təhqir, lağlağı...

Qardaşlar, bacılar, bu insanları, onların fikirlərini bəyənmirsizsə, niyə onların özlərinin və sözlərinin yerinə daha ağıllılarını qoymağa çalışmırsınız? Öz içinizdən bir adam çıxarıb, gələn seçkidə Hadı Rəcəbliyə qarşı güclü alternativ qoya bilməzmisiniz ki, sizin maraqlarınızı ifadə etsin? Bunun yolunu niyə düşünmür, enerjinizi niyə niyə ağıla, taktikaya, əməli fəaliyyətə çevirmirsiniz? Deyəcəksiz ki, saxtalaşdırırlar. A kişilər, siz lağlağı ilə, söyüşlə, düşük-düşük şeylərlə vaxt keçirəndə, əlbəttə, ağıllı adamlar öz işlərini görəcəklər...

Sizə açığını deyəcəyəm. O lağa qoyduğunuz adamların həyatını, fəaliyyətini, ağlını, biliyini, zəhmətkeşliyini, taktikasını araşdırsanız, lağlağı edənlərdən, hətta o söyüş sürüsünü başına yığanlardan qat-qat üstün olduqlıarı ortaya çıxar. Məsələn, eşitdiyimə görə, Hadı Rəcəbli xarici donorlardan mühüm layihələr müqabilində yaxşı qrantlar alır. Sizsə fb-də oturub, onu lağa qoymaqla gün keçirirsiniz. Fazil Mustafa 30-dan çox kitab yazıb. Vaxtilə radikal olduğu halda, indi uğurlu barışdırıcı, qurucu ideyalarla çıxış edir. Aqil Abbas neçə illərdir "Ədalət" qəzetini buraxır, yaxşı-pis kitablar yazır, ssenari yazır, film çəkdirir, müəyyən zümrə arasında hörmət qazanıb və s. Bunlar hələ mənim ordan-burdan eşitdiklərimdir, əminəm ki, araşdırsaq, daha önəmli və düşündürücü faktlar əldə edərik...

Bir şərhi savadlı yaza bilməyən adamlar isə, onları lağa qoyur, söyüş söyür...

Bu dünyada hər şey nəticə ilə ölçülür. Nəticə əldə etmiş insanlar haqqında öncə düşünmək, onları öyrənmək lazımdır. Əgər onlardan daha yaxşı olduğumuz qənaətinə gəliriksə, onlara qalib gəlməyə çalışmalıyıq. Bunun yolu isə, lağlağı, söyüş və təhqir deyil...

Gülünc olmayaq...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi