Modern.az

Yurdu viran olan CABBAR ƏMİ

Yurdu viran olan CABBAR ƏMİ

29 İyun 2019, 09:26

…Hər dəfə Şeyx Şamil küçəsindən keçəndə qanım qaralır. “Qırxpilləkən” deyilən yerdəki hündür binalar elə bil mil olub gözümə batır.  Bu gerçəkliklə hələ də barışa bilmirəm… 

…Yadımdadı, onu mənə ilk dəfə atam tanıtmışdı - lap balaca vaxtımda.  Atam televizorda qaval oynada-oynada oxuyan yaşlı kişini mənə göstərib demişdi:

- Bax, Cabbar Qaryağdıoğludur! Deyirlər, Cabbar oxuyanda quşlar da civiltisini kəsib ona qulaq asarmış…

Sonralar- musiqini anlayanda  xanəndənin lent yazılarına yenidən qulaq asdım, onun haqqında  oxudum… Böyüklüyünə inandım, sevdim...

Musiqi tədqiqatçısı Firidun Şuşalı yazırdı ki, Cabbar Qaryağdıoğlunun adı  Enriko Karuzo, Fyodor Şalyapin,  Benyamino Cili kimi böyük müğənnilərlə yanaşı çəkilə bilər. “Azərbaycan misiqi mədəniyyəti tarixində ən böyük sima Qaryağdıoğludur. Əgər, Cabbar olmasaydı, Üzeyir  bəy olmazdı. Üzeyir bəy olmadansa Fikrət Əmirov olmazdı…”

Bəstəkar Fikrət Əmirovsa Cabbar Qaryağdıoğlunu   xalq musiqisinin düşünən beyni adlandırırdı…

Tanrı bizə belə bir SƏNƏTKAR vermişdi. Bizsə onun  Bakıdakı mülkünü söküb yerində  müasir tipli binalar tikdik. Mülk memarlıq abidəsi sayılsa da...

Bu barədə  düz 20 il  qabaq bir araşdırma  yazmışdım.  Təsadüfən Şeyx Şamil küçəsindəki “Qırxpilləkən” deyilən yerdən keçirdim. Gördüm ki, fəhlələr tarixi abidə olan bu binanı sökürlər. Əvvəllər binanın qarşısında Cabbar Qaryağdıoğlunun burda yaşadığını göstərən xatirə lövhəsi  vardı.  Onu da söküb yerə atmışdılar. Sakinlərsə köçürülmüşdü. Məsələni araşdırmağa başladım. Elə o zamanlar Cabbar Qaryağdıoğlunun qızı-Şəhla xanımla tanış oldum. O, atasının mülkü haqqında  maraqlı faktlar danışdı.

Şuşada xanəndə kimi məşhur olan Cabbar Qaryağdıoğlu Bakıya gəlir.Öz evi olmadığından, kirayədə yaşamağa başlayır. Qonşuluqda 13 yaşlı Səlmaxatuna  vurulur.  Qıza elçi düşür. Di gəl, Səlmaxatunun atası inad eləyir, deyir, öz evi-eşiyi olmayan bir adama qız vermərəm. Cabbar Qaryağdıoğlu da bundan sonra üçmərtəbəli bir mülk tikdirir.  (Bəzi mənbələrdə mülkün 1899-cu, bəzilərindəsə 1908-ci ildə tikildiyi deyilir) Özü də binanın tikintisində sementdən yox, ancaq yumurtadan istifadə olunur. Bundan sonra Səlmaxatunu ona ərə verirlər. O vaxtdan ta binanın sökülməsinə sərəncam verilənə kimi Cabbar Qaryağdıoğlunun mülkündə onun doğmaları yaşayır...

O vaxt ərazidəki köhnə, yararsız binalarla yanaşı,  mənəvi, tarixi yükü olan belə bir  tikilinin sökülməsi mənə çox yer  eləmişdi. Üstəlik, öyrənmişdim ki, Cabbar Qaryağdıoğlunun mülkündən sağda yerləşən bina da  Zeynalabdin Tağıyevin qış evi olub. Satirik şair, “Molla Nəsrəddin”çi Əli Nəzmi də sökülən binaların birində yaşayıb. Söküntü  başlayana kimi onun burda yaşadığını göstərən  xatirə lövhəsi də vardı...

O vaxt  köçürülən ailələrlə, tikinti aparan “İNTEPE ”şirkətinin,  Memarlıq və Şəhərsalma Baş İdarəsinin ixtiyar sahibləriylə görüşdüm.  Sən demə, heç kəs bu binaların tarixi memarlıq abidəsi olduğunu bilmirmiş. Hətta  Memarlıq və Şəhərsalma Baş İdarəsinin o vaxtkı rəhbərinin də bundan xəbəri  yoxmuş.  Dəhşətə gəlmişdim! Nəysə, “böyüklər” səhvlərini düzəldəcəklərinə söz verdilər. “Bu, bir diqqətsizlikdir, çalışacağıq tarixi binalar bərpa olunsun”-dedilər. 

Tikinti bir müddət dayandırıldı. Sonra  hər şey yenidən başladı.

 Şəhla xanım ömrünün sonuna kimi atasının mülkü uğrunda savaşdı. Hərdən də atasının vəsiyyətini  xatırlayıb özünü sakitləşdirdi. “Kişi bizə vəsiyyət edib ki, məndən ötrü heç bir qapıya getməyin. Əgər  mən xalqıma xidmət etmişəmsə, qeydimə qalacaqlar!”

Amma belə olmadı...

Daha Cabbar əminin zəmanəsi deyildi!

...Hələ də bunları  içimə sinirə bilmirəm. Axı Cabbar Qaryağdıoğluna  belə laqeyidlik  günahdı!  O, elə sənətkardı ki, xanəndə kimi əvəzolunmazlığı bir yana, bəstələdiyi  nəğmələr dilimizə, qanımıza, ruhumuza hopub,  xalq mahnısı kimi tanınıb, sevilib...

 Şəhla xanım deyərdi ki,  atasının mahnıları nota köçürüləndən sonra onun müəllifliyi unudulub. “Gülə-gülə”, “Bağçadan gələn nə səsdir?”, “Bu gələn yara bənzər”, “Sona xanım”, “Dağ başında qar kimi”, “Bulud üzlü, ay qabaqlı gözəlim”, “İrəvanda xal qalmadı”, “Ay dərya kənarında bir ev tikmişəm”, “Xumar oldum”, “Qalada yatmış idim” kimi mahnılarını çoxları xalq yaradıcılığı bilir”.

Cabbar Qaryağdıoğlunun tədqiqatçısı Firidun Şuşalısa “Azərbaycan xalq musiqiçiləri” adlı kitabında yazır: “O,  (C. Qaryağdıoğlu) 1934-cü ildə, 6 ay müddətində professor Bülbülün rəhbərlik etdiyi “Azərbaycan musiqisini öyrənən elmi kabinet”ə  220 xalq mahnısı, təsnif və 70-ə qədər xalq musiqi parçası vermişdi...”

Firidun Şuşalı onu da yazır ki,  Cabbar Qaryağdıoğlunun fonavala köçürülmüş 50 xalq mahnısı “Azərbaycan xalq nəğmələri” başlığı altında kitab şəklində çap etdirilib.  

Şəhla xanım danışardı ki,  musiqişünas Qubad Qasımov həmin kitabda nəşr olunan 50 mahnının şəksiz-şübhəsiz Cabbar Qaryağdıoğluna məxsus olduğunu dəfələrlə mənə deyib.

Cabbar Qaryağdıoğlu mahnıların musiqisiylə yanaşı, sözlərini də özü yazırmış.

Bu barədə bəzəkli-düzəkli cümlələr yazmaqdansa,  Şəhla xanımın 1997-cı ildə mənə danışdıqlarını sizə çatdırmağı  daha dəyərli sayıram: “Cabbar əmi (Şəhla xanım atasına “Cabbar əmi” deyərdi) bizi çox istəyirdi. Amma anama olan məhəbbəti o qədər güçlüydü ki, biz kölgədə qalmışdıq. O, həmişə anamı mahnı, şeirlə oyadardı. Bir dəfə Cabbar əmi səfərdən qayıdır, evə girir, görür ki, heç kəs yoxdu. Hamımız bağdaydıq. Anamın yoxluğu ona bərk təsir edir. Elə ordaca bir şeir qoşur:

Sən orda eylə seyr-səfa, bağ arasında,

Mən burda yanım piltə kimi yağ arasında.

Rəngim saralıb, Səlimə xanım, ayrılığından

Necə ki saralıb şamama tağ arasında...

Cabbar əminin çoxlu şeirləri olub. Həmişə şeirlərini yastığının altına qoyardı. Yadıma gəlir ki, Cabbar əmi rəhmətə gedəndə Əbdülbaği-Fevzi adlı bir şair onun şeirlərini oxudu. Dedi ki, bu kişi əməlli-başlı şair imiş ki! Bacım Nigarın dediyinə görə, sonralar həmin şeirlər elə o kişidə qalıb...”

Bütün bunları  Firidun Şuşalı da təsdiqləyir: “Cabbar Qaryağdıoğlu təsnif havalarında olan bir çox şeirləri yenidən işləmiş, onlarca mahnının mətnini yazmışdı. Bu təsnif və mahnılardan “İstəkanın deşilsin”, “Kaş ki bayram olmayaydı”, “Məni dövrü-fələk”, “Tiflisin yolları”, “Naxçıvanın gədiyindən aşaydım”, “Qalalıyam, qalalı”, “Qarabağın bir dənəsi”, “Ay ayağında məsi var”,  “Gəlin gedək, Daşaltıya gəzməyə” və sair göstərmək olar”.

Cabbar əmi bax belə bir sənətkarıydı...

Nə doğulduğu Şuşanı qoruya bildik,  nə də Bakıdakı yurdunu...  

 2016

Səfurə Çərkəzqızı,
“Sevdalılar” kitabından 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir