Modern.az

“Şəkililər və bütövlükdə xalqımız üçün xeyirli olsun!” – ƏLİ MƏSİMLİ

“Şəkililər və bütövlükdə xalqımız üçün xeyirli olsun!” – ƏLİ MƏSİMLİ

Aktual

8 İyul 2019, 12:48

Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması barədə qərar qəbul olunub.  Beləliklə, qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı olub.

 

Modern.az Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması ilə bağlı Şəkidən seçilmiş deputatın fikirlərini təqdim edir.
Milli Məclisin üzvü Əli Məsimli deyib ki, həyatının daha çox yaddaqalan səhifələrinin xeyli hissəsi bu şəhərlə bağlıdır.

“UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi xəbərini böyük sevinc, qürür və fəxarət hissi ilə qarşıladım. UNESKO-nun bu qərarı ilə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Azərbaycan xalqı ilə yanaşı, həm də bəşəriyyətin mədəni irsi elan olundu. UNESKO-nun Ümumdünya İrs Komitəsinin bu qərarı qədim Şəkinin adına layiq olmaqla, həm də Azərbaycanımız üçün də böyük hadisədir”. 

 

Deputat bildirib ki, Şəki- qədim tariximizin əksər mərhələlərini özündə birləşdirən bənzərsiz bir şəhər-açıq səma altında tarix muzeyidir.

“Şəki-Azərbaycan dövlətçiliyinin möhtəşəm qalalarından biridir. Şəki ilə yaxından tanışlıq Azərbaycan dövlətinin nə qədər qədim və özünəməxsus dəyərlər daşıyıcısı olan bir dövlət olduğunu göstərir. Şəki - tarixin dərinliklərindən süzülüb gələn çox dəyərli abidələr məskənidir. Qədim Alban məbədi və digər qədim abidələrlə yanaşı, Azərbaycan tarixinin xanlıqlar dövrünün ən möhtəşəm memarlıq nümunəsi də Şəkidədir.

Məşhur Türk şairi Nazim Hikmət deyib ki: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan Sarayını dünyaya göstərmək bəs edərdi”.

 

Əli Məsimli xatırladıb ki, 2016-cı il üçün TÜRKSOY tərəfindən Şəki şəhəri  “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

“Şəki şəhəri tarixi abidələri ilə yanaşı, səfalı təbiəti, rəngarəng mənzərələri, zəngin mətbəxi, unikal yumor hissi olan hazırcavab insanları və şirin ləhcəsi ilə fərqlənir. Bu baxımdan, Şəkidə təbiət gözəllikləri,qədim tarixi abidələr, özünəxas zəngin mətbəx və duzlu-məzəli yumoru ilə hazırcavab insanlar bir vəhdət təşkil edir. Ona görə də Azərbaycanın memarlıq qoruğu adlandırılan Şəkiyə səyahət həm qədim tarixə, sənətkarlar yurduna səyahət, həm dağlar qoynunda füsünkar təbiətlə təmas şəraitində istirahət- unudulmaz səyahət, həm də zəngin mətbəxi sayəsində “dadlı səyahət” adlandırılır.

Bu baxımdan,  Şəki ilə, xüsusən də onun hikmət əhli ilə yaxından tanış olub, hazırcavablar məktəbindən keçməklə Şəkiyə valeh olmamaq mümkün deyil.

UNESKO tərəfindən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi münasibətilə şəkililəri və bütövlükdə xalqımızı təbrik edirəm. Şəkililər və bütövlükdə xalqımız üçün xeyirli olsun!”

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?