Modern.az

Şəhid övladının yüksək balla universitetə qəbul olması deputatları, hərbçiləri bir araya gətirdi - FOTOLAR

Şəhid övladının yüksək balla universitetə qəbul olması deputatları, hərbçiləri bir araya gətirdi - FOTOLAR

26 İyul 2019, 15:12

Müdafiə Nazirliyinin tabeliyində olan  Həzi Aslanov adına Ordu  İdeoloji və Mədəniyyət Mərkəzidə aprel döyüşlərində həlak olmuş, polkovnik- leytenant Sənan Axundovun xatirə gecəsi keçirilib.  

 

Xatirə gecəsində, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Zəminə Xınalının  Sənan Axundova həsr etdiyi miniatür “Müqəddəs şəhid” kitabının təqdimatı olub.

 

Bu dəfə keçirilən xatirə gecəsinin bir səbəbkarı isə Sənan Axundovun oğlu Tahir Axundovun Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə qəbul olunması idi.

 

Görüşdə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi nümayəndələri ilə yanaşı, kursantlar, Milli Məclisin deputatları,  Veteranlar Şurasının üzvləri , Nərimanov rayon Ağsaqqalar Şurasının üzvləri, ziyalılar, şəhid ailələri iştirak edirdi.

 

Həzi Aslanov adına Ordu  İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi, mayor  İlkin Qayıbov Lələ Təpə yüksəkliyi ərazisində  minaya düşən polkovnik yoldaşını xilas edib, qəhrəmanlıqla vətən uğrunda şəhid olan  Sənan Axundovun qısa, lakin şərəfli həyat yolundan danışıb.

 

Onun Azərbaycan Milli Ordusunun zabiti kimi  xarici ölkələrdə, Almaniyada Vətəni necə ləyaqtələ təmsil etdiyini, işlədiyi hərbi dairələrdə nüfuz qazandığını söyləyib.

 

 

O bildirib ki, bu gün Azərbaycan Ordusunda xidmət edən hərbçilər və veteranlar, şəhidin döyüş yoldaşları Tahir Axundovun yüksək balla hərbi həkim fakültəsinə qəbul olunmasını çox böyük sevinclə qarşılayır.

Şairə və publisist, hərbçi Zəminə xanım Xınalı Sənan Axundova həsr olunan poemadan danışaraq bildirdib ki, Sənan Heydər Əliyev adına Ali Hərbi məktəbi onun gözləri qarşısında bitirib.

 

Sənan Axundovun barəsində film nümayiş edildikdən sonra, Milli Məslisin deputatı Məlahət İbrahimqızı, Sona Əliyeva çıxış ediblər.

 

Millət vəkilləri şəhidliyə ucalan vətən qəhrəmanlarının hər bir azərbaycanlının qəlbində xüsusi yeri olduğunu vurğulayıblar. 

 

Aprel döyüşlərinin şəhid və iştirakçılarını isə Azərbaycan döyüş səlnaməsinə yeni bir tarix yazdıqlarını söyləyiblər. Azərbaycan adlı bir dövlətin şəhid ailələrinə göstərdiyi qayğı və imtiyazlardan danışdılar.

Tədbirdə iştirak edən general mayor Fəxrəddin Cəbrayılov, ehtiyatda olan polkovnik , Milli Təhlükəsizlik Orqanları Birliyinin İdarə heyətinin üzvü Sücəddin Abdullayev isə xatirə gecəsində iştirak edən hər kəsi döyüşə səsləyiblər.

Bildiriblər ki, Vətən torpaqlarının azad olunması məsələsində yubanmaq olmaz, şəhidlərimizin qanı tökülmüş torpaqlar bizi gözləyir.

Tədbirdə şəhidlər  Əbdülməcid Axundovun,  Zakir  Cəfərovun, Əlzamin  İslamovun, Mahir Quliyevin, Müşfiq Orucovun, Xaliq Əzizzadənin, Mahir Mirzəyevin valideynləri də iştirak ediblər.

Şəhid ailələri adından çıxış edən Əbdülməcid Axundovun anası Tahir Axundovu şərəfli bir peşə seçməsi münasibəti ilə təbrik edib.

 

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev anadan olduğu, işğal altında olan Aşağı Əbdürəhmanlı kəndi haqqında danışıb.

 

Deyib ki, Sənan da onun doğulduğu ərazidəndir.

“Sənan öz torpaqlarını azad etmək üçün hərb yolunu seçmişdi. Mən hər ayda bir neçə dəfə öz kəndimizin yaxınlığına gedirəm. Kəndimiz də şəhid olub.  Viran olmuş yurd yerimizi kənardan ürək ağrısı ilə  müşahidə edirəm. Artıq bu döyüşü başlayıb, bitirməyin vaxtıdır. Yoxsa ürək tab gətirmir... Bizim gənclərimiz informasiya məkanında fəal olmalı, bununla yanaşı hər biri vətəni azad etmək haqqında düşünməlidirlər. Bəli, Sənan kimi bir oğulun  övladı, Tahir kimi olmalıydı. Başqa yolu yoxdur...”.

 

Aprel şəhidləri haqqında ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitabının müəllifi, jurnalist Aida Eyvazlı, Axundovlar ailəsi ilə tanışlığının ilk günündən danışıb:

 

“Mən ilk dəfə Tahir Axundovu görəndə ona belə bir sual verdim: “Tahir, imtahanlara hazırlaşmaq çətindir, ya atasızlıq?”. Tahir dedi ki, atasızlıq ən çətin imtahandır. Bu gün Tahir həyatın bir imtahanından da üzüağ çıxdı. O hərbi həkim olacaq. İlk təhsilini rus bölməsində aldığından, imtahan  öncəsi bəzi sənəd problemləri var idi. Bu problemlərin həlli yolunu tapmaqda, Milli Məclisin deputatı, hər zaman şəhid ailələrinin yanında olan Sona xanım Əliyeva Sənan Axundovun ailəsinə doğru və düzgün yol göstərdi, qayğılarına qaldı. Və bu gün Tahir söz verdiyi uğuru qazandı. Öz biliyi, əzmi ilə yüksək balla hərbi həkim olmaq yoluna çıxıb.  Mən inanıram ki, harada olsa Vətənə xoş sorağı gələcək”.

 

Şəhid Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ailəsinə və övladına, şəhidinə göstərdikləri qayğıya, diqqətə görə minnətdarlığını bildirib.

O deyib ki, ən çətin anlarında dövləti öz yanında gördü. Mart ayının sonunda, Azərbaycan Respublikasının birinci vitseprezidenti Mehriban Əliyevanın ailəsinə göstərdiyi xüsusi qayğı və diqqətdən danışıb.

 

Bildirib ki, Mehriban xanım Əliyevanın onlara bağışladığı evdə də Tahir həkim olandan sonra xoşbəxt bir ömür sürəcək.

Tədbrin sonunda  Həzi Aslanov adına Ordu  İdeoloji və Mədəniyyət Mərkəzinin musiqi kollektivinin konserti olub. 

 

Əməkdar artist Elnarə Abdullayeva və Yaqut Xəlizadə Vətəni, qəhrəmanlarımızı vəsf edən mahnılar oxuyublar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu