Modern.az

Lütfi Zadənin vəfatından 2 il ötür - Rafiq Əliyev: “Onun adı əbədiləşdirilməlidir” - TƏKLİF

Lütfi Zadənin vəfatından 2 il ötür - Rafiq Əliyev: “Onun adı əbədiləşdirilməlidir” - TƏKLİF

Mədəni̇yyət

6 Sentyabr 2019, 17:43

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin mərhum professoru Lütfi Zadənin vəfatından iki il ötür.

Lütfi Zadə elmi irsinin varisi, professor Rafiq Əliyev Modern.az-a mərhum alim haqqında danışıb. Ölümündən bir müddət sonra onun oğlunun Azərbaycana gələcəyi ilə bağlı fikirlər ortaya atılmışdı. R.Əliyev bu iddialara aydınlıq gətirib:


“Lütfi Zadənin oğlunun Azərbaycana gəlib-gəlməyəcəyini deyə bilmərəm. Bu ailəvi, şəxsi məsələdir, ona görə, müdaxilə etməyi düzgün hesab etmirəm. Nə zaman məsləhətdirsə, onda da Azərbaycana gələcək”.


R.Əliyev söyləyib ki, dünya Lütfi Zadənin xatirəsini əziz tutur:


“O, tam mübaliğəsiz, Aristiotel, Sokrat, Nyuton, Eynişteynlə bir sırada olan şəxsiyyətdir, dünya üçün böyük alimdir. Ona görə də, bütün dünya onun xatirəsini əziz tutur.

Mən üç gün olar Praqadan qayıtmışam. Orada rəhbərliyim altında böyük bir elmi konfrans keçirildi. Dünyanın hər bir yerindən gəlmişdilər. Amerika, Kanada, Rusiya, Albaniya və s. ölkələrdən qatılanlar var idi. Bu konfrans Zadənin xatirəsinə həsr olunduğu üçün açılışda hamıdan xahiş etdim ki, bir dəqiqəlik sükutla onun xatirəsini yad edək. Azərbaycanda bəlkə də Lütfi Zadənin xatirəsinə laqeydlik olar, amma dünyanın hər yerində o, anılır.

Oktyabr ayında ADA Universitetində böyük konfrans olacaq. Bu tədbir də Lütfi Zadəyə həsr olunub. Azərbaycan ictimaiyyəti Lütfi Zadənin xatirəsini layiqincə yad etsə, mediamız onun haqqında informasiyalara duyarlı olsa, daha gözəl olar. Çünki Lütfi Zadə kimi insan min ildə bir dəfə dünyaya gəlir”.


Cəmiyyətin Lütfi Zadə haqqında müfəssəl məlumata sahib olduğunu düşünən R. Əliyev çoxlu informasiyaların, kitabların, məqalələrın dərc olunduğunu vurğulayıb. Buna baxmayaraq, o, Lütfi Zadənin adına küçənin olmasını, hansısa məktəbin, elm ocağının alimin adını daşımasını, heykəlinin ucaldılmasını arzu edir:

“Bilirsiniz, dünyada nəsillər həmişə kimin çiyinlərinin üzərinədirsə, onun qədrini biliblər. Avropada, Amerikada görkəmli alimlər dünyasını dəyişəndən sonra onların adına institutlar yaradılıb, elm adamlarının xatirəsi əziz tutulub. Amma dünyada ikinci şəxsiyyət tanımıram ki, sağlığında öz adına və elminin adına institut yaradılsın. Amerikada Berklidə süni intellekt üzrə Zadə institutu fəaliyyət göstərir. O, böyük şəxsiyyətdir və qiymətləndirmək hamımızın borcudur.

Bir şeyi də xüsusi qeyd edim ki, ümumi tarixi və genetik köklərə söykənərək, Lütfi Zadə ilə eyni torpaqdan olduğum üçün böyük qürur hissi keçirirəm. Düşünürəm ki, hamımız bu qüruru duymalıyıq”.

 


Qeyd edək ki, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfəli Rəhim oğlu Ələsgərzadə  (Lütfi Zadə) 1921-ci il fevralın 4-də Bakıda anadan olub, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurub. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qaıb. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub, bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra isə o, 23 yaşında Amerika Birləşmiş Ştatlarına gedərək, təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Onun dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulub.

L.Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində çalışan dünyaşöhrətli alim 1963-cü ildən “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik edib. L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.


Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Hazırda Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.


Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə, Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.


Alim, həmçinin “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” adlı kitablar yazılmış, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilmiş, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.


L.Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.


Dünya şöhrətli alim sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlib. AMEA Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak edən Lütfi Zadəyə elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunub.


Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib. 2011-ci ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.


AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixdə keçirilmiş iclasında böyük alim “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb.


O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.


Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi.


O, NASA və NATO-nun aparıcı mütəxəssisi idi. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZİFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edirdi. Məlumat üçün bildirək ki, Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcud idi.


L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvü idi. O, çox sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru idi. Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki seçilib.


Lütfi Zadə 6 sentyabr 2017-ci ildə 96 yaşına ABŞ-ın Kaliforniya ştatında vəfat edib.


Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib və 1-ci Fəxri Xiyabanda dəfn edilib. Alimin vəfatının ildönümü ərəfəsində heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov tərəfindən hazırlanmış qəbirüstü abidəsi ucaldılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir