Modern.az

Rektor tələbələrə 10 yeni TÖVSİYƏ verdi

Rektor tələbələrə 10 yeni TÖVSİYƏ verdi

7 Sentyabr 2019, 10:18

Azərbaycan İlahiyyat İnstitunun rektoru Ceyhun Məmmədov tələbələrə müraciət edərək, onlarla yeni tövsiyələrini bölüşüb

Modern.az-ın məlumatına görə, rektor deyib:

“Əksəriyyətinizə məlum olduğu kimi ötən tədris ilində tələbələrə tövsiyələr başlığı altında fikirlərimi bölüşürdüm. Yeni tədris ilində də bu mövzuda tövsiyələrimi bölüşməyi davam edəcəm. Bu gün bir vacib məsələyə münasibət bildirmək istəyirəm. Tələbələrlə görüşdə ən çox söylədiyim fikirlərdən biri ölkəmizin Allah-Təalanın yer üzərində Cənnət məkanlarından biri olmasıdır. Tanrı ölkəmizə bir çox nemət bəxş edib. Bu gün Cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə sürətli inkişaf gedir. Bir sıra ölkələrlə müqayisədə Azərbaycanda maliyyə durumunu yaxşılaşdırmaq üçün kifayət qədər imkanlar mövcuddur. Bu gün hər bir müəssisə və şirkət rəhbərinin peşəkar, zəhmətkeş və məsuliyyətli işçiyə ehtiyacı var. Hətta bəzi qurumlarda bir neçə vakansiya mövcuddur”.

Ceyhun Məmmədov bu məsələyə dair bir neçə tövsiyəsini bölüşüb:


1. İlk öncə ixtisas və peşə seçiminizi düzgün etməlisiniz. Bu gün dünyada sürətli inkişaf gedir, yeni sahələr açılır. Daha çox tələbatın olduğu sahələri seçin, dar sahələrdə ixtisaslaşın.

2. Özünüzü gördüyünüz, sevdiyiniz ixtisası seçin və o sahədə çalışın.

3. Öz sahənizin peşəkar mütəxəssisi olmağa çalışın. Heç kimə yarımçıq mütəxəssis lazım deyil.

4. Bu gün gənclərin bir hissəsi xarici cənnət hesabat edərək orada yaşamağa meyl göstərirlər. Bu heç də tam reallığı əks etdirmir. Bu gün vaxtilə xaricə köçən insanlar var ki, yenidən Azərbaycana dönmək istəyir.

5. Tez-tez iş yerlərinizi dəyişməyin. Bəzən gənclərin bir qismi bir müəssisədə səbirlə karyera yüksəlişinə nail olmaq əvəzinə tez-tez iş yerlərini dəyişirlər ki, bu da onların gələcək fəaliyyətlərində müəyyən çətinliklər yaradır.

6. Bilin ki, maaş ən vacib amil deyil. Əgər bir yerdə daha çox bilik və təcrübə əldə edəcəksinizsə o iş yerinə üstünlük verin.

7. Bu gün gənclərin bir qisminin ən çox istifadə etdiyi ifadələrdən biri də “sərf etmir” ifadəsidir. Unutmayın ki, yüksək maaşa nail olmağın yolu işlədiyiniz müəssisədə uzun müddət çalışmaqdan keçir. Siz ilk öncə haradansa başlamalı və mərhələli şəkildə maaş yüksəlişinə nail olmalısınız.

8. Öz sahənizin peşəkarı olmanız üçün siz davamlı üzərinizdə işləməli, bilik və bacarıqlarınızı artırmalısınız. Bunu etmədiyiniz təqdirdə zaman keçdikcə inkişafdan geri qaldığınızı görəcəksiniz.

9. Digər bir məsələ iş saatı və istirahətlə bağlıdır. Təbii ki, insanın öz məhsuladarlığını qoruması üçün kifayət qədər istirahət zəruridir. Ancaq yüksək uğura nail olmağın yolu gərgin çalışmaqdan keçir. Daha çox yatmaq və istirahətlə böyük uğura nail olmaq qeyri-mümkündür.

10. Digər bir vacib məqam isə hər hansı bir layihəyə başlayarkən səbirli və səbatlı olmaqdır. Bir layihənin uğur qazanması üçün müəyyən vaxta ehtiyac var. Təbii ki, bunlar tövsiyələrin bir qismidir. Hər birinizə uğurlar!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı