Modern.az

“Torpaqlarımız Səxavət Məmmədovun sağlığında işğal olunsaydı, o an ürəyi partlayardı” - ANIM

“Torpaqlarımız Səxavət Məmmədovun sağlığında işğal olunsaydı, o an ürəyi partlayardı” - ANIM

Mədəni̇yyət

1 Oktyabr 2019, 15:32

Bu gün Azərbaycan musiqi  mədəniyyətində bənzərsiz səsi ilə yaddaşlara iz qoymuş mərhum xanəndə Səxavət Məmmədovun faciəli ölümündən 28 il ötür.

 

Modern.az Səxavət Məmmədovun ömür yoluna qısaca nəzər salır...

Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində  anadan olub. Ailədə 9 uşağın ən böyüyü olan Səxavətin istedadı elə uşaqlığından özünü göstərib.

O, 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna  daxil olub. O, ustad  xanəndə Hacıbaba Hüseynovun tələbəsi olub,  eyni zamanda ondan muğamın sirlərini öyrənib.
1976- cı ildə “Hümayun” xalq ansamblının solisti kimi səhnələrdə çıxış edib. 1983-1988-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
Səxavət Məmmədovun yaratdığı “Qarabağ” instrumental ansamblını bu gün qardaşı, Əməkdar artist Firuz Səxavət yaşadır.

 

Səxavət Məmmədovun mahnılarına nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində sevə-sevə qulaq asırlar. 
Onun ifasında  “Ay bəri bax”, “Uca dağlar”, “Yar bizə qonaq gələcək”, “Ay çiçək”, “Sarı bülbül”, “Külək” mahnıları xüsusilə yaddaşlara hopub.

Səxavət Məmmədovun ifa etdiyi “Azad bir quşdum” mahnısı sənətkarın bir vizit kartı olub. Sanki bu musiqi onun taleyinə yazılmışdır.

Çox təssüf ki, vaxtsız ölüm onu sevənlərin gözünü yaşlı qoydu. Mərhum sənətkar 1991-ci il sentyabrın 30-dan oktybarın 1-nə keçən gecə toy məclisindən qayıdan zaman Qaradağ yolunda ağır qəzada dünyasını dəyişib.

Sənətkar oktyabrın 1-də torpağa tapşırılıb. Ölümü ilə ölümsüzlüyə qovuşan sənətkarın 3 oğlu,1 qızı var. Onun sənət yolunu qardaşları Əməkdar artist Firuz Səxavət, Əliyar Məmmədov və qardaşı oğlu Anar Məmmədov davam etdirir.

 

Səxavət Məmmədovun qardaşı Firuz Səxavət mərhum sənətkar haqqında Modern.az-a bunları söyləyib:

 

“Səxavət haqqında saatlarla danışa bilərəm. Ailəmizdə atamdan sonra ona bir böyük kimi baxırdıq. Qardaşımdır deyə söyləmirəm, o qədər xoş insan idi ki, onu tanıyanlar bilir. İnanın ki, uşaqla uşaq, böyüklə böyük idi. Hər birimizin qayğısına qalırdı. O vaxtı mənim yaşım az  idi, ancaq sözün əsl mənasında mənə bir böyük qardaş kimi hər zaman dəstək olurdu. İnanın, indiyə qədər  dünyanın hansı ölkəsinə getsəm,  hər kəs mənə yaxınlaşıb onun insanlığından, səsinin ruhundan danışır. Bütün bu hallar mənə o qədər xoş təsir edir ki, fikirləşirəm ilahi, Səxavət bu gün də yaşayır.  
Mən fəxr edirəm ki, Səxavət Məmmədovun qardaşıyam. Səxavət bizə Allahın bəxş etdiyi bir möcüzə idi. Düzdür 37 il yaşasa da, Tanrı ona bu qədər gözəl səs bəxş etdi. O səsdə Qarabağ ətri, Ağdam nisgili var idi. Öz torpağına bağlı  insan idi. Bəlkə də eşitsəydi, torpaqlarımız işğal altındadır, elə o an ürəyi partlayardı. Onun səsi bir vergi idi, saatlarla toy məclislərində oxuyardı. Bir dəfə də səsi dəyişməzdi. O səs bizdən tez ayrıldı. Bir təskinlik tapıram ki, onun səsini xalq yaşadır. 28 ildir bir insan həyatda yoxdur, ancaq hələ də  qulaqlara onun səsi gəlir, bütün  bunlara həm sevinirəm, həm də kədərlənirəm. Ona görə ki, bu dünyadan doymayaraq getdi”. 

 


Mərhum sənətkarın oğlu Bəxtiyar Məmmədov sosial şəbəkədə atasını bu sözlərlə anıb:

“Səndən heç vaxt keçmiş zamanda danışa bilmədim. Səninlə heç doyunca danışmağa da imkanım olmadı. Sənə çox ehtiyacım olanda çoxdan getmişdin. Zaman-zaman yoxluğun  çox yer etdi, bəzən çox arzuladım, kaş yanımda olaydın... Amma qısa ömründə özündən sonra qoyub getdiyin sevgi, hörmət sağlığında qazandığın rəhmət ən böyük dayağım oldu. Bilmirəm bəlkə də sağ olsaydın sənə bu gün çox şey daha çətin gələrdi, bəlkə də onları yaşamamaq üçün yaşaya bilməyəcəyin üçün daha tez ayrıldın aramızdan. Səndən sonra da bu torpağın çox qeyrətli oğlu sənin getdiyin məchula qədəm qoydu. Onları, səni düşünüb hər mənada təskinlik tapıram. Müqəddəs məchula doğuşun mübarək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir